Gələcəyin xilası: TƏBLİĞ

Gələcəyin xilası: TƏBLİĞ

Allah-Təala insanı öz qüdrət və əzəmətinə dəlil olaraq ən gözəl şəkildə xəlq etmişdir. Ona ağıl, qəlb, idrak və vicdan lütf etməklə yanaşı, əbədi səadətə necə istiqamətlənəcəyi xüsusunda bir də peyğəmbərlər və kitablarla yardım etmişdir. Bununla yanaşı, dünyaya gəliş və oradan qəbir aləminə gedişin səbəbini, kimin mülkündə yaşadığını, bu dünyanın - kimin daha gözəl davranacağını sınamaq üçün - ilahi imtahanlarla dolu bir məktəb olduğunu və son nəfəslə başlayan, ya səadət, ya da peşmanlıqla davam edən sonsuzluq yolçuluğunu bəyan etmişdir. Məhz bu şəkildə Allah-Təalanın bəndəsinin səadəti üçün bəyan etdiyi əmr və qadağaların məcmusuna “din” adı verilir.

Allah-Təala bəndələrinə qarşı sonsuz mərhəmət sahibidir. Onların bir an belə başıboş və nəfsani arzularının əsiri olaraq qalmasını istəməz. Bu səbəbdən də insan ruhunun ən təbii və fitri səadət (hüzur) mənbəyi olan din ilk insan Həzrət Adəm (ə.s) ilə başlamışdır. O, ilk insan və ilk peyğəmbərdir. Beləliklə, bəşəriyyət yer üzündəki ilk günündən qiyamətə qədər dünya və axirət səadəti üçün zəruri olan məlumatları Allahın elçiləri olan peyğəmbərlər vasitəsi ilə canlı nümunələrlə birbaşa müşahidə etmiş və ona təbliğ ediləni də  öyrənməklə ən gözəl formada əldə etmişdir.

Keçib gedən əsrlər ərzində bu məlumatlar unudulduğu, zay edildiyi və ya təhrifə uğradığı vaxtlarda Allah-Təala yeni bir peyğəmbər göndərib dinin əsas mahiyyətini təkrar bəyan etmiş, bəndələrinə ən doğru səadət yollarını lütf etmişdir.

Allah-Təala İslamı və Həzrət Muhammədi (s.ə.s) bütün bəndələrinə “Rəhmətən lil-aləmin: Aləmlərə rəhmət” olaraq göndərdiyini bəyan edir. Buna baxmayaraq, insanların bir qismi müxtəlif səbəblərlə İslamı tanıya bilməmiş və ya ona qarşı təəssübkeşlik və mənfi münasibət göstərməklə tərbiyə edilmişdir. Bu səbəbdən möminlərin hər fürsətdə İslamı insanlara təbliği və öyrətməsi zəruridir. İslamı öyrəndikdən sonra onu qəbul edib-etməmək hər kəsin öz iradəsi daxilindədir. Allah-Təala bəndələrinin bu xüsusda sərbəst olduğunu və hər hansı bir məcburi təzyiqə məruz qalmayacaqlarını bəyan etmişdir. Çünki bu dünya bütün ehtişamı ilə ilahi imtahan məkanıdır.

Təbliğ peyğəmbərlərə məxsus vacib sifətlərdən biridir. Peyğəmbərlərin vəhy yolu ilə Allahdan gələn ilahi hökmlərin heç birini gizlətmədən, əskiltmədən və hər hansı bir şeyi əlavə etmədən olduğu kimi insanlara çatdırmasına təbliğ deyilir. Peyğəmbərlər Allahın vəhy etdiklərini gizlətmək, onunla bağlı heç bir şey demədən susmaq və insanlara çatdırmamaqdan uzaqdır. Beləliklə, hər hansı bir peyğəmbərin Allahdan aldığı vəhyi insanlara təbliğ etməməyindən söhbət gedə bilməz.

Təbliğin əsas məqsədi insanlara Allah və Rəsulunu tanıtmaq, onları sevdirmək və bütün işlərdə Allahın rizasının və xoşnudluğunun axtarılmasıdır. Buna ixlas və səmimiyyət də deyə bilərik. Allah rizası üçün edilməyən təbliğ ruhsuz bədən kimidir. Əgər təbliğdə səmimiyyət yoxdursa, müvəffəqiyyətdən söhbət gedə bilməz.

Təbliğin digər məqsədi isə insanların qiyamət günündəki etirazlarının və irəli sürəcəkləri bəhanələrin önünü kəsməkdir. Həqiqətən, Uca Allah insanlara peyğəmbər göndərmədən əzab etməkdən münəzzəhdir. Bu xüsus Qurani-Kərimdə belə bildirilir: “Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!” (əl-İsra, 15).

Dini hökmlərin təbliğ edilməsi müqəddəs vəzifədir. Hz. Peyğəmbər bir hədisində belə buyurmuşdur: “Alimlər peyğəmbərlərin varisləridir”. (Buxari, Elm, 1) Təbliğçilər ilahi hökmlərin insanlara çatdırılmasında peyğəmbərlərin varisi, vəkili, naibi və xəlifəsidir. Onlar, peyğəmbərlər kimi, insanlar arasında vasitəçidirlər. Onlar təkcə peyğəmbərlərin yox, eyni zamanda Allahın xəlifəsi və vəkilidirlər. Vəzifəsi Allahı bəndələrə, bəndələri də Allaha sevdirmək, mənəvi və əxlaqi nizam-intizam yaratmaq, insanları tərbiyə etmək və aralarında qardaşlıq və dostluq əlaqələrini gücləndirməkdir.

İnsanların öyüd-nəsihətsiz buraxılması doğru yoldan uzaqlaşmalarına gətirib çıxara bilər. Çünki insan hər an yolunu aza bilən fitrətə malikdir.

Ən sadə, amma ilk və ən önəmli təbliğ “əmri bil-məruf, nəhyi anil-münkər”dir. Yəni yaxşılıqları əmr etmək və pisliklərdən çəkindirmək. Təbliğ fəaliyyəti ilə məşğul olmaq üçün əmri bil-məruf, nəhyi anil-münkəri və bunların hansı şəkildə yerinə yetirilməli olduğunu bilmək zəruridir. Cahil bir insan yaxşılığı arzu etdiyi halda pis əməlləri və ya bunun əksini tövsiyə edə bilər. Ona görə də təbliğ fəaliyyəti ciddi yanaşma tələb edir. Əgər bu vəzifəni müsəlmanlardan heç kəs yerinə yetirməsə, bütün müsəlmanlar bu işi görməklə mükəlləfdir. Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Əgər əhil olan insanlar dini təbliğ edərsə, nə yaxşı. Amma əhli olmayan insanlar dini təbliğ etməyə başlayarsa, nə qədər narahat olsanız, azdır”.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz