HƏR HAQSIZLIQ ZÜLMDÜR

HƏR HAQSIZLIQ ZÜLMDÜR

Zülm haqsızlıq etmək və ya  hər hansı bir mövzuda həddi aşmaqdır. 

Allah-Təala iman gətirməyənləri, Rəsulunu qəbul etməyənləri, Qurana tabe olmayanları, əmr və qadağalarına uymayanları, pislik edənləri “zalım” adlandırmışdır. (əl-Bəqərə, 229, 254; əl-Maidə, 45; əl-Furqan, 8)

Hər haqsızlıq zülmdür. Haqsız yerə başqasının malını almaq, namusuna sataşmaq zülmdür. Yalan vədlə və ya halal olmayan hər hansı bir yolla insanların haqqını qəsb etmək zülmdür. Silahsız və günahsız insanlara silah çəkmək zülmdür. Günah və düşmənçilikdə həddi aşmaq zülmdür. Özünü haqlı, başqasını haqsız göstərmək üçün mübahisə etmək və qarşısındakını alçaltmağa çalışmaq zülmdür. Varlının borcunu ödəməyi gecikdirməsi zülmdür (Buxari, Havalat, 1, 2; İstiqraz, 12).  İnsanın yenidən səhvə yol verməsi baxımından keçmişdə baş verən hadisələrdən ibrət almaması da zülmdür...

Digər tərəfdən, bu dünyada zülm edən zalımların qısa bir müddət rahat gəzib dolaşmaları bizi aldatmasın. Çünki Allah-Təala onlara tövbə edərək haqsızlıqdan əl çəkmələri üçün möhlət verir. Belə ki, Rəsulullah (s.ə.s): “Heç şübhəsiz ki, Allah zalıma möhlət verər. Onu yaxaladıqda isə qaçmasına fürsət verməz”, - buyurmuş, sonra da bu ayəni oxumuşdur: “Rəbbin zülmkar məmləkətləri əzabla yaxalayanda belə yaxalayar. Onun cəzası, doğrudan da, ağrılı-acılıdır, şiddətlidir!”  (Hud, 11, 102. Buxari, Təfsir, 11, 5)

Allah-Təala bəndələrinə qarşı mərhəmətli olduğu üçün günahkarları cəzalandırmağa tələsməz. Onlara zülmlərindən və pisliklərindən tövbə etmələri üçün möhlət verər. Hətta bir çoxunun cəzası o qədər ağırdır ki, onu axirətə saxlayar. Heç kəs bu əməllərin qazanc kimi qalacağını zənn etməməli, tez bir zamanda qəflətdən oyanmalıdır.

Allah möhlət verər, lakin laqeyd qalmaz. Ayeyi-kərimələrdə buyurulur:

“Neçə-neçə məmləkətə (məmləkət əhlinə) zülm etdikləri halda möhlət verdim, sonra onları (əzabla) yaxaladım. Axır dönüş ancaq Mənədir! (Onlar, nəhayət, Mənim hüzuruma gələcək, qazandıqları günaha görə əbədi əzaba düçar olacaqlar)”. (əl-Həcc, 48)

“(Ya Rəsulum!) Allahı zalımların etdikləri əməllərdən əsla qafil sanma! (Allah) onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözlər hədəqəsindən çıxar”. (İbrahim,  42.)

Zülm heç bir zaman əbədi deyildir, sonu puçdur. Zülm edən kim olursa olsun, nə qədər güclü olursa olsun, hansı müasir silahlara sahib olursa olsun, möhlət vaxtı bitəndə cəzasını çəkəcəkdir. Zalımların əsl acı aqibətləri axirətdədir. Ayeyi-kərimədə zülm edənlərin cəhənnəmdəki aqibətləri belə xəbər verilir: “Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq!” (Məryəm, 72)

Bunun üçün zalımlar dərhal zülmdən tövbə edib haqsızlıq etdiyi insanlara haqlarını geri verməli və halallıq almalıdırlar. Əks halda qiyamət günü onların vəziyyəti heç də yaxşı olmayacaq. Allah Rəsulu (s.ə.s) belə buyurur: “Kimin üzərində din qardaşının namusu, vicdanı və ya malıyla bağlı bir zülm varsa, qızıl və gümüşün olmayacağı qiyamət günü gəlmədən əvvəl o kəslə halallaşsın. Əks təqdirdə, onun saleh əməlləri varsa, etdiyi zülm müqabilində savablarından alınıb (haqq sahibinə veriləcəkdir). Əgər yaxşılıqları yoxdursa, zülm etdiyi qardaşının günahlarından götürülərək onun üzərinə yüklənəcəkdir”. (Buxari, Məzalim, 10, Riqaq, 48)

Başqa bir hədisi-şərifdə isə belə buyurulur: “Kim bir qarış boyda yerə zülmlə sahib olarsa, o yer yeddi qat altıyla birlikdə boynuna dolanar”. (Buxari, Məzalim, 13) Hədisdən başa düşüldüyü kimi, haqsızlıq bir qarış da olsa, insanı zalım etməyə və şiddətli əzaba düçar etməyə kifayətdir. Zahirən bir qarış kimi görünən o torpağın altı yeddi qatdır. Zalımın nəzərindəki kiçik bir zülm əslində çox böyük və dərin yaralar açır. Torpaq xüsusunda haqsızlıq etmək insanlar arasında çox yayılan bir zülmdür. Bir qarış torpağa görə neçə-neçə canlar alınır və bir çox ailələr pərişan edilir. Ona görə Hz. Peyğəmbər (s.ə.s) bu zülmə xüsusilə diqqət çəkmiş və cəzasının şiddətli olduğunu bəyan etmişdir.

Digər bir hədisi-şərifdə isə belə buyurulur: “Qiyamət günündə haqlar sahibinə mütləq veriləcəkdir. Hətta buynuzsuz qoyun üçün buynuzlu qoçdan qisas alınacaqdır”. (Müslim, Birr, 60)

Yuxarıdakı hədisdə zülmün əsla qarşılıqsız qalmayacağı, istər kiçik olsun, istər böyük, bütün haqların mütləq sahiblərinə geri veriləcəyi bildirilir. Bunun daha aydın başa düşülməsi üçün Rəsulullah (s.ə.s) misal çəkmiş və buynuzsuz qoyunun onu vuran buynuzlu qoçdan haqqını alacağını bildirmişdir. Məsul olmayan heyvanlar belə, etdikləri haqsızlıqların cəzasını ödəmək məcburiyyətində qalırsa, demək ki, hər hərəkətindən məsul olan insan etdiyi haqsızlığın cəzasını mütləq çəkəcəkdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz