NƏZAKƏTLİ ÜSLUB
Peyğəmbərlər ilahi əmr və qadağaları insanlara çatdıran və həyatlarında necə tətbiq edəcəklərini onlara göstərən nümunə şəxsiyyətlərdir. İnsanlarla münasibətdə nəzakətli bir üsluba sahib olmaq xüsusunda da örnək alacağımız ilk şəxslər yenə peyğəmbərlərdir.
Qurani-Kərimə nəzər saldığımız zaman görürük ki, hər bir müxatəbə görə fərqli-fərqli ifadələr seçilib söylənmiş və ya bu şəkildə söylənməsi istənmişdir. Çünki belə bir qayda var: söz müxatəbə görə deyilir. Xüsusilə təbliğdə bu incəliklərə diqqət yetirməli, qaş düzəldirəm deyərkən gözdən də olmamalıyıq.
Belə spesifik ifadə formalarından biri də, xüsusilə sərt təbiətli, zalım insanlara qarşı, onların daş qəlblərini ələ almaq və həqiqətləri ora yerləşdirmək üçün istifadə edəcəyimiz üslub - “ləyyin” dediyimiz yumşaq və nəzakətli danışıq tərzidir.
Dinləyicini razı salmaq, ona öz fikirlərinin doğruluğunu qəbul etdirmək üçün qızğın mübahisələr, replikalar, sərt ittihamlar yerinə sükunətli bir anlayış ab-havası yaratmaq və istifadə edəcəyimiz ifadələri çox incə və nəzakətlə çatdırmağımız xitabətin olduqca mühüm tələblərindəndir. Çünki “ləyyin” dil, yumşaq və nəzakətli danışıq suyun axışı kimi insanın ruhuna fərahlıq verir. Nəzakətli və şirin dilli olmaq bir dağa çıxmağa çalışan insana bənzər. Necə ki, dağı aşmaq üçün dolaylardan istifadə etməklə, birbaşa, düz dırmanmadığımız halda daha çox məsafə qət edirik, eləcə də çatdırmaq istədiyimiz həqiqəti dolayı yollarla, yumşaq bir üslubdan istifadə edərək dilə gətirdiyimiz zaman istənilən arzu və məqsədi daha rahat əldə edə bilərik.
Biz bu üslubu bir çox peyğəmbərlərin həyatında müşahidə edirik. Hz. Nuhun (ə.s) özünə iman gətirməyərək asilərə qoşulan oğlunu gəmiyə çağırarkən: “ya bunəyyə - canım oğlum” deyə səslənməsi, Hz. İbrahimin (ə.s) büt düzəldib satmaqda olan bütpərəst atasına “yə əbəti - canım atam, atacan” deyə xitab etməsi, ayaqlarını al qana qərq edən bütpərəst və zalım Taif xalqına Allah Rəsulunun (s.ə.s) bəddua etməməsi və s. bütün bunlar peyğəmbərlərin necə mərhəmətli bir könülə və yumşaq, nəzakətli bir dil üslubuna sahib olduqlarından xəbər verməkdədir. Bizim üçün onlardan daha gözəl nümunə ola bilərmi?
Bu nümunə timsalı peyğəmbərlərdən biri də Hz. Musadır (ə.s).
Uca Allahın kainatın sahibi olmasına, Fironu hər kəsdən daha yaxşı tanımasına və onun nə cavab verəcəyini bilməsinə baxmayaraq bu azğın və zalım insanın üzərinə göndərdiyi peyğəmbərlərinə - Hz. Musa və Hz. Haruna onunla yumşaq və nəzakətli danışmalarını, haqq yola dəvət edərkən zərif bir üslubdan istifadə etmələrini əmr etməsi heç də təsadüfi deyildir. Uca Allah belə buyurur:
“Ona (Firona) yumşaq söz söyləyin! Bəlkə, o, ağlını başına alar və ya qorxub çəkinər”. (Taha, 44)
Yuxarıda qeyd etdiyimiz ayədən də aydın olur ki, doğru xəbərləri, məlumatları yenə düzgün bir üslub və imkanları ortaya qoyaraq ifadə etməyimiz təbliğin insanlar üzərindəki təsirinin artması və onları hidayətə çatdırması baxımından mühüm şərtlərdəndir. Yoxsa ayədən də gördüyümüz kimi, azğın Firona haqqı-həqiqəti çatdırarkən bu üsuldan istifadə edilməsi istənməzdi. Bu eyni zamanda onu da göstərir ki, insanların qəlbini, könlünü almaq, onların könül dünyasına nüfuz edə bilmək üçün mütləq nəzakətli və şirin dilli olmalıyıq. Çox gözəl bir ifadə var: “İçməli suyun istəyəni çox olar”.
Başqa bir ayədə isə Allah Rəsuluna (s.ə.s) belə buyurulmaqdadır: “(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı bilir”. (ən-Nəhl, 125)
Məhz Uca Allahdan aldığı bu təlimatla yumşaq qəlbə və nəzakətli bir üsluba sahib olduğu üçün Allah Rəsulu (s.ə.s) qısa bir zamanda, Uca Allahın da yardımı ilə, böyük bir İslami cəmiyyət meydana gətirmişdi. Dahi şairimiz Nizami Gəncəvi də bir beytində bu həqiqəti çox gözəl ifadə etmişdir:
Birinin olarsa şirin bir dili,
Özüylə aparar sap ilə fili.
ŞƏRHLƏR