MEŞOK DOLUSU SALAM
“Sənə Afiqə xaladan meşok dolusu salam var”, - sözü bir anda keşniş ətirli Ekarus, təkqapılı Daevo, yol boyu konfetlə çay paylanan “Camel” avtobusuna çevrilib Ağdaşa apardı məni. Ağdaş-Göyçay arasında yenə hər zamankı kimi içi alma ilə dolu yaşıl jiqulilər gurultu ilə şütüyür. Bakıya gedəndə/qayıdanda mütləq Ağdaşa baş çəkməliyəm. Namaz var, yemək var, dostlar var... Bilirəm, getdiyim evdə bişən çörəyin dadı başqa olacaq. Aldığım nəfəs də başqalaşır sanki. Adətən tədarük görməsinlər deyə evə çatmağıma 15 dəqiqə qalanda xəbər verirdim. “Çox yox, on beşcə dəqiqə oturub gedəcəyik”, - deyirdim. Əslində isə mən də, ev sahibi də 15 dəqiqədən çox qalacağımı yaxşı bilirdik.
Yenə belə səfərlərin birində ev sahibi tavada bir neçə yumurta bişirib önümüzə qoydu. Mən ömrümdə iki dəfə ləzzətli yumurta yemişəm. Birincisi uşaq olanda, rəhmətlik nənəmin evində, ikincisi isə Ağdaşda, Afiqə xalanın evində.
Türküstan plovu, özbək plovu, Buxara plovu deyirlər, tərifləyə-tərifləyə bitirə bilmirlər. Hər halda yediyim o ləzzətli yumurtalar səbəbi ilə olacaq ki, plovu tərifə sığdıra bilməyənlərə “Mənimçün tavada bişən bir cüt yumurta Türküstan plovundan daha şirindir”, - deyirəm. Plovu tərifləyənlərdə qısaqapanma baş verir, sanki beyinə gedən bütün elektrik naqilləri sıradan çıxır və sözləri ağızlarında donub qalırlar. Əslində isə onlara bunu demək istəyirəm: “Sən sevgiylə bişən bir neçə yumurtanın dadına baxsaydın, pul qazanmaq üçün bişirilən Türküstan plovunun nə qədər quru, nə qədər dadsız olduğunu bilərdin”.
“Məhəbbətlə acılar şirin olur, mis qızıla dönür. Məhəbbətlə bütün bulanıq sular durulur. Dərmansız dərdlər şəfa tapır. Məhəbbətdən ölülər dirilir. Məhəbbət üzündən şahlar qula çevrilir. Məhəbbətlə zindan gül bağçasına dönür. Məhəbbətdən nar[1] nur olur. Məhəbbət üzündən çirkin də huriyə çevrilir. Məhəbbətdən kədər və qəm sevinc olur, nəşə olur…”
Palçıq yolda irəliləyən “07” ladamla həyət evinin qapısında dayandım. Nə zaman gəlsəm həmişə bu yolun palçıqlı olduğunu xatırlayıram. Təki su olsun, palçıqlı olmasının zərəri yoxdur. Bulanıq olsun, amma su olsun. Evin qapısını ütülü şalvar və bəyaz köynək geyinmiş Məmməd dayı açır. Həyətdə çay süfrəsinə otururuq, Məmməd dayının da maşallahı var. Danışığı, oturub-durması, həyata baxışı, dünya görüşü ilə bəyəfəndiyili/alicənablığı zərrəcə pozulmayıb. İşə bax. Sən uzun illər kiçik bir rayonda yaşa, amma nə dilin dəyişsin, nə rəngin qaralsın, nə də bəyaz köynək geyinməkdən vaz keç. Allah rəhmət eləsin, yaxşı, həm də çox yaxşı insan idi.
Şükür Allaha, səhhətim yaxşıdır, heç bir şikayətim yoxdur. İdman eləmirəm, orqanik qidalanmaq kimi bir dərdim də yoxdur. Rəsulullahın (s.ə.s) “Comərdin yeməyi şəfadır, xəsisin yeməyi xəstəlik” hədisinə sonuna qədər inanıram. Hər şeyin qramla ölçüldüyü, mümkün mərtəbə artıq qazanc əldə etmək məqsədinin güdüldüyü, işçilərin zorla işlədildiyi bir yerdə bal-qaymaq yesən, dərman içsən nə fayda? Şəfa taparsanmı? Könüldən gəlsin, meşokla ölçülsün, məhəbbətlə hazırlansın, gözlər parıldasın, həyəcan hiss edilsin. Bəli, şəfa bundadır. Dönərin qiyməti çörəyin arasına qoyulan ətə görə dəyişir. 70 qram ət istəsən ayrı, 90 qram ət istəsən ayrı qiymət deyirlər. Dönərin ətini kiçik tərəzidə çəkib verirlər. Türküstan plovu yeməyə getsəniz, düyünü və əti ayrı-ayrı çəkdirərək ödəməni ona görə etməlisiniz. Məsələn, bir kiloqram düyüyə iki kiloqram ət sifariş etmək kimi. Sayılaraq və çəkilərək ikram edilən şeylər necə şəfa ola bilər axı? Biz salam verəndə və alanda belə xəsisləşən insanlarıq. Allah Rəsulu (s.ə.s) “Əssələmu aleykum və rahmətullahi və bərakətuh” deməyi, salamı alarkən də eyni şəkildə “və aleykum salam və rahmətullahi və bərakətuh” deməyi öydüyü halda biz “s.a” və ya “a.s” deyərək yola veririk. Bəzən də “salam” deməyi kifayət hesab edirik. Salamı dolğun şəkildə verə bilməyən və almayan insanların başqalarına açdıqları süfrələri də, qəlbləri də, söhbətləri də, dostluqları da dolu olmaz. Hər şeydən əvvəl salam alıb-verməyi yaxşı bilməliyik. Dua istədiyimiz insanlar azalır. Salam söylədiyimiz insanlar da… Meşok dolusu salam göndərəcəyimiz neçə nəfər var? Meşok deyib keçməmək lazımdır. Azərbaycanda tez-tez eşitdiyimiz meşok, yəni çuval insanın daşıyacağı maksimum ağırlıq ölçüsüdür. Meşok varsa həyat da var. Bəs yoxdursa? Məhz həmin an dərd baş qaldırır. Qucaq dolusu salamı eşitmişdim, amma meşok dolusu salamı ilk dəfə eşitdim. Qucaq dolusu salamı daşımaq asandır. Yerə tökülməsin deyə az daşınar. Meşoka isə nə qədər bacarırsan doldur. İmam Əzəm Əbu Hənifə həzrətləri belə deyir:
“Bir adam mənə nə isə ikram edərsə, mən ona daha artığı ilə qarşılıq vermək istəyirəm. Bunun da dəlilini “salam” ayəsində görürəm: “Sizə salam verənlərə o salamın daha gözəli ilə cavab verin”, - buyurulur. Mən də verilən hədiyyələrə daha artığı ilə qarşılıq verməyi vərdiş etmişəm”.
Afiqə xala, axı mən könüldən ikram etdiyiniz yumurtalara, bağçada içdiyimiz mürəbbəli çaylara artıqlaması ilə necə qarşılıq verə bilərəm? Məhəbbətdə sizi keçə bilmərəm ki. “Sizə salam verənlərə daha artıqlaması ilə / gözəli ilə cavab verin” (ən-Nisa, 86) buyurulur. Meşok dolusu salam göndərənlərə mən necə artıqlaması ilə salam göndərə bilərəm? İçərisini presləyərək doldurub daşıya bildiyimiz meşokdan daha böyük nə ola bilər?
[1] od
ŞƏRHLƏR