QURANI İSVEÇ DİLİNƏ ÇEVİRƏN ADAMIN HEKAYƏSİ:
İvan Aqeli
İçinə evlərin və insanların portretlərini cızma-qara etdiyim
balaca bir not dəftərim gəlmişdi.
İndi onun son səhifəsini açdım və yazdım:
Oxunacaq kitablar:
1. Quran
(Paris. Həbsxana qeydlərindən)
1869-cu ildə İsveçin Stokholm şəhərinin yaxınlığında yerləşən Sala şəhərində John Gustaf Agelii adlı bir uşaq dünyaya gəlir. Atası baytar/mehtər olduğuna görə, onun da ailəsinin işlərini davam etdirməsi gözlənilirdi. Ancaq o, hələ uşaqlığından metafizikaya maraq salır, çoxlu kitablar oxuyur, rəsmlər çəkməyə başlayır. Atası hər vəchlə yolundan döndərməyə çalışır. Nəinki atası, çevrəsindən də “Kişi ol, axmaqlama, necə adam olacaq səndən?.. İsveçli oğlanlar rəsmlə məşğul olmaz!” sözlərini eşidirdi. O isə fikrindən dönmür və 1879-1889-cu illər ərzində Qotland və Stokholmda təhsilinə davam edir, rəsm sənəti ilə məşğul olmağa başlayır.
1890-cı ildə Parisə gedir. Məşhur rəssam Emil Beğnağın emalatxanasında (Emile Bernard) işləyir və ondan rəsm sənətinin sirlərini öyrənir, özəlliklə simvolizmi mənimsəyir. Paris mühiti onun düşüncəsində yeni qığılcımlar yaradır, rəngarəng həyat yaşayır. Teosofiya Cəmiyyətinə üzv olduqdan sonra Ateist Cəmiyyətə daxil olur. Sosializmə ciddi marağı yaranır, anarxist qruplara qoşulur. Londona gedərək anarxist filosof Kropotkin ilə görüşür.
John Gustaf Aqelinin rus ədəbiyyatına böyük rəğbəti var idi. Bu müddət boyunca rus və fransız ədəbiyyatı və fəlsəfəsi onun düşüncə xətlərini müəyyənləşdirir. Ona görə də “John”-u slav qarşılığı olan İvan, “Agelii”-ni isə fransız dilində oxunuşu Agueli ilə əzvəzləyir və İvan Agueli (İvan Aqeli) olaraq tanınmağa başlayır. Daha sonra anarxist gəncləri evində gizlətdiyi üçün həbs edilir. Həbsxanada ərəb və ivrid dilini öyrənməyə başlayır. Zaman keçdikcə düşdüyü cığır onu İslama gətirib çıxardır.
“Mən də özümə yeni bir mövzu tapmışdım: “Yeni tədqiqatlara görə Muhamməd və İslam”.
“Ərəbin azadlıq eşqi o qədər dərindir ki, nə dövlətlərin, nə də cəmiyyətlərin əsarəti altında qalmaq istəməz. Bədəvi öz arzularından başqa heç bir gücün hakimiyyəti altına girməz”.
“İslam əsaslarına görə, Muhammədin bütün ümməti bərabər hüquqludur”.
Haqqında oxumağa və araşdırmağa başlayanda İslamın onun ideyalarına nə qədər uyğun olduğunu dərk edir. Axtardığını tapmışdı.
1892-ci ildə Qurani-Kərimi isveç dilinə tərcümə edir. 1894-cü ildə həbsxanadan çıxdıqdan sonra Misirə gedir və peyzaj rəsmləri çəkir. 1895-ci ildə Parisə qayıdaraq Şərq dilləri və mədəniyyətini tədqiq etməyə başlayır. Daha sonra ərəb dilini təkmilləşdirir, hind və sanskrit dillərini öyrənir. Müəllimi Döğönbuğ (Hartwig Derenbourg) İbnül-Farizin qəsidələrini tərcümə edir və Aqeli bu yolla İslam və təsəvvüfü daha yaxından tanıyır. 1897-ci ildə Aqeli İslamı seçir, müsəlman olur.
XX əsrin əvvəllərindən başlayaraq müxtəlif dərgilərdə məqalələr yazır. Məsələn, L`Initiation dərgisində “İslam haqqında qeydlər” başlıqlı yazıları yayımlanır. Şərqlə Qərb düşüncəsini birləşdirmək cəhdi ilə 1902-ci ildə yenidən Misirə gedir. Orada italyan dostu ilə birlikdə ərəb və italyan dilində İl Commercio İtaliano və İl Convito adlı iki qəzət nəşr edirlər. Burada sufizmlə bağlı məqalələr yazır, tərcümələr yayımlayırlar. 1907-ci ildə Əzhərin məşhur alimlərindən, həmçinin Şazəli şeyxi Əbdürrəhman İliş (İleyş/İlleyş) əl-Kəbirə intisab edir və İvan Aqeli Abdəlhadi (Əbdülhadi) adını alır.
1909-cu ildə Parisə qayıdır. İvan Aqeliyə Avropada xüsusi rəğbət yaranmağa başlayır. Rene Genonun La Gnose jurnalında təsəvvüflə bağlı məqalələr və tərcümələr dərc etdirir. İbn-Ərəbinin Avropada tanınmasında əvəzedilməz xidmətləri olur. Böyük nüfuza sahib Rene Genonun sonralar İslamla şərəflənməsində Aqelinin rolu danılmazdır. 1911-ci ildə Parisdə qurduğu “Al-Akbariyya” təriqətinə ilk qoşulanlardan biri Genon idi. Qərbin gözündə xofa çevrilən müsəlman imicini dağıda bilir. O, yazıçı idi, çox yaxşı mütaliəsi var idi, bir neçə dil bilirdi, fəlsəfəyə hakim idi, rəssam idi. İvan Aqeli avropalıların şərqliyə yönəlmiş “cahil” təfəkkürünü qırır. Onun sayəsində Avropa intellektualları, ələlxüsus Paris çevrəsi İslamı daha yaxından tanıyır, müsəlman yaşantısını daha yaxından hiss edir. Onun sayəsində onlarla Qərb ziyalısının yolu İslamla kəsişir, İslamla birləşir.
"Mən Avropaya həqiqi İslamı tanıtmağa və əlimdən gəldiyi qədər fanatiklərin xəyalını qurduğu yeni bir Səlib yürüşünü önləməyə qərarlıyam”.
1913-1914-cü illərdə sonuncu dəfə Misirə gedir. Ancaq Osmanlı casusu olduğu iddiası ilə ingilislər tərəfindən Misirdən çıxarılır və İspaniyaya sürgün edilir. İsveç hökumətinə ölkəsinə qayıtmaqla bağlı məktublar yazsa da, cavab ala bilmir. 1917-ci ildə Barselona şəhərində yolu keçərkən qatarın səsini eşitmir və qatarın altında qalaraq vəfat edir.
Aqelinin İslamı seçməyinin əsas səbəbləri ədalət, mərhəmət, bərabərlik və insanın daxili ailəminin, individual dünyasının, zamanın və məkanın fərqinə vara bilməsində idi. Müsəlman olduqdan sonra da rəssamlıqla məşğul oldu. Əsərlərindəki simvoliklik püxtələşdi. Səhra, Səma və Günəş üçlüyü əsərlərinin möhrünə çevrildi. Aqeli keçmişini tamamilə silib atmadı, əksinə, saxladı və onlardan istifadə etdi.
Özünün də dediyi kimi: “İnsanın Allaha ən yaxın olduğu zaman özü olduğu zamandır”.
ŞƏRHLƏR