HAQQA ŞÜKÜRLƏ ZİRVƏLƏŞƏN QULLUQ MƏDƏNİYYƏTİ

HAQQA ŞÜKÜRLƏ ZİRVƏLƏŞƏN QULLUQ MƏDƏNİYYƏTİ

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “(Ey Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir”. (Ali İmran, 31)

Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Rəsulu Hz. Muhammədə salətu-salam olsun. Rəvayət edildiyinə görə, Şibli həzrətləri bir gün ağacdan yenicə qoparılmış budaq ilə qarşılaşır və dərhal ağlamağa başlayır. Dostları ağlamasının səbəbini soruşduqda bunları söyləyir: “Bu budaq təptəzə canlı bir həyat sürərkən ona bu qüvvəni bəxş edən gövdədən, yəni əslindən qoparılmışdır. Lakin o bilmir ki, bu acı qoparılmanın nəticəsində qupquru bir çöpə çevriləcəkdir”.

 Zamanında inanılmaz əzab və əziyyətlərə can-könüldən qatlaşan Allah Rəsulunun (s.ə.s) ilahi izinlə inşa etmiş olduğu nəhəng İslam mədəniyyəti ümmətin dərdlərinə əlac olacaq elə bir heybətli məna çinarına çevrildi ki, kölgəsində bütün bəşəriyyət ədalət və mərifət əsintiləri ilə nəfəs alıb yetişməyə başladı. Bu möhtəşəm çinarın isti bətnində yetişən  faydalı elm və əməl cəngavərləri İslamın qıldan incə, lakin olduqca vüqarlı təbiətini müsəlmanlara vaxtına və zamanına uyğun biçimdə təlim edərək mənəviyyatsızlıq və ədəbsizlik cəhalətinin insanlar üzərində qələbə çalmasına bir an olsun imkan vermədilər. Lakin zamanın ağır sınaqları yavaş-yavaş bəşəriyyətə həyat verən bu ulu çinarın əvvəl yarpaqlarını, sonra isə budaqlarını əslindən qopararaq əzab selinin üzərində lal-dinməz qalmış, əslindən qoparılmış çör-çöp halına gətirmiş oldu.

İnsanlıq şükür duyğusundan məhrum bir şəkildə bu müdhiş əzab selində haradasa boğulmaq üzrə, əslindən qoparılmanın acı fəlakətini fərq etmədən yaşamaqdadır. Yaxşı, bəs nə etməliyik? Bu suala ancaq ulu çinarın salamat qalmış gövdəsini zamanımızda qurumaqdan qoruyan, onu axır dövrün qorxunc fitnələrindən mühafizə edərək ümmətin şükürlə hörülmüş əslinə  dönüş məqamına çevirə bilən kamil qəlblərə bağlanmaqla cavab tapa bilərik. Ömrünü bu ulu məna çinarının daim çiçəklənməsinə həsr etmiş möhtərəm Mahmud Sami əfəndinin bizlərdən nemət sahibinə edəcəyimiz şükrün əhəmiyyətinə olduqca həssas yanaşmamızı  istəməsi, söylədiyi hikmət düsturlarını qavrayacağımız zaman, hər birimizə gün işığı kimi aydın olacaqdır. Sami əfəndi belə buyururdu:

 “Bilinməlidir ki, qədri bilinməyən və şükrü edilməyən hər bir nemət sahibindən soyulub alınacaqdır. Bu üzdən də şükrə ciddiyyətlə sahib olmalı, Allahın bizə lütf etdiyi ən böyük nemət olan İslamı yaşama mərifətinə müvəffəq olmağa və lüzumsuz şeylərdən qorunmağa varıncaya qədər bütün nemətlərə şükür etməliyik ki, bu sayədə Allahın (c.c) üzərimizdəki nemətini qorumuş olaq. Bilin ki, işlərin ən acınacaqlısı, ən çətini yüksəlib sonra düşmək, yaxınlıq qazandıqdan sonra qovulmaq və qovuşduqdan sonra ayrılmaqdır”.

 Bəşəriyyət sonsuz nemətlərin tək sahibi olan Uca Allaha (c.c) şükür mədəniyyətini, mərifətini Hz. Muhamməd əleyhissalamdan və onun şanlı səhabə nəslindən öyrəndi. Bu gün də öyrənərək həyata vəsiqə qazandırmağa çalışdığımız şükür edən qul olma mədəniyyəti Rəsulullahın təlimində bir başqa məna daşıyırdı. Muaz bin Cəbəlin timsalında şükür edən qul olma həqiqətinin hansı cətinliklərlə ətə, qana və mənaya yüksəldiyini izləmək mümkündür. Rəsulullahın (s.ə.s) inanılmaz çətinliklərə sinə gərərək ilahi kəlamın insan mənəviyyatındakı heyrətamiz əks-sədası olan ümmətinin hər bir fərdini şükür və həmd-səna limanına qırılmaz rəhmət telləri ilə bağlaması  qəlbləri qəflət pasından təmizləməyə dəvət edən bir rəhmət çağırışıdır. “Onların (uca Allaha səmimi bir şükür hissi ilə iç aləmini doldurmuş olan mərifətullah və məhəbbətullah) əlamətləri üzlərindədir” (əl-Fəth, 29) – ayəsindəki həqiqətlərin ciddi bir yetişdirmə çalışmasının nəticəsi olaraq Muaz bin Cəbəldəki təcəllisini Rəsulullah (s.ə.s) belə bildirirdi: “Ey Muaz! Səni sevirəm!” Çünki şükür edən qula layiq bütün əlamətlər, yəni üz gözəlliyi, yumşaq təbiətli olmaq, həya, comərdlik kimi xüsusiyyətlər Muaz həzrətlərinin iç aləmini bəzəyən zənginliklərdən idi. Muaz haqqında: “Analar bir daha Muaz kimisini doğura bilməz”, - deyən Rəsulullahın (s.ə.s) kainatı heyran buraxan möhtəşəm şükür əxlaqının Muaz həzrətlərinin yaşantısında əlçatmaz bir zirvə təşkil etdiyini bildirməsi məncə hamımızı, xüsusən də anaları təsirləndirməlidir. Rəsulullahın (s.ə.s): “Görüldükləri zaman Allahı (c.c) xatırladan kimsələr”- bəyanı ilə təqvaya böyük önəm verən, dində incə anlayış sahibi olan Muaz bin Cəbəli və onun iman dostlarını ümmətə şükür mədəniyyətini təlim edən rəhmət əsəri olaraq tanıtması, əvəzini ödəməkdə aciz qaldığımız möhtəşəm xidmətlər silsiləsindəndir. Ağır sancılarla ölüm yatağında  belə şükür mədəniyyətini bir an unutmayan Muaz həzrətlərinin son sözləri bu olmuşdu:

 “Allahım! Məni nə qədər sıxışdırırsan sıxışdır. Ya Rəbbim! Bilirsən ki, qəlbim (böyük bir şükür hissi ilə) Sənə bağlıdır, Səni sevməkdədir”.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz