“ƏL-HADİ”

“ƏL-HADİ”

Rəhman və Rəhim olan Allahın saysız hikmətlər ilə dolu olan 99 ismi-şərifindən biri də “əl-Hadi” ismidir. Hidayəti yaradan, doğrunu göstərən, istədiyi bəndəsini muradına çatdıran, xeyirli yollara müvəffəq qılan mənasına gəlir.

Qüdrəti böyük olan Allah-Təalanın hər ismi-şərifində kainata, insanlara və bütün varlıqlara xitab edən hikmətlər və faydalar var. Əlbəttə ki, qəlb üçün, iman üçün Allahın 99 ismi dərmandır. Çünki Allah deyərkən və eləcə də Onun digər isimləri zikr edilib xatırlanarkən qəlblərə rahatlama, imanlara qüvvət və insanlara güvən gəlməkdədir.

Heç bir dərd yoxdur ki, çarəsi verilməmiş olsun. İnsanların dara düşdüklərində, xəstəliklərlə imtahan olunduqlarında, özlərini tənha hiss etdiklərində xatırlamaları - zikr etmələri və yardım istəmələri üçün bildirilən Allahın bir-birindən bənzərsiz, hər hərfində bilinməyən möcüzələr, şəfalar və hikmətlər dolu olan bu adlardan biridir, əl-Hadi ismi-şərifi.

Bu ismin insanlarla birlikdə bütün kainata təcəlli etdiyini Qurani-Kərim belə xəbər verir: “Bizim Rəbbimiz hər şeyə öz xüsusiyyətini verən, sonra da doğru yolu göstərəndi(hidayətə çatdırandır)”. (Taha, 50)

Hidayət iki cürdür: birincisi yol göstərmək, dəvət etmək və xəbərdar etməkdir. Bu mənadakı hidayət peyğəmbərlərin əsas vəzifələrindən biridir. İkinci mənası: dəstəkləmək, qorumaq və müvəffəq etməkdir. Bu cür hidayət isə yalnız Allaha məxsusdur. Heç bir varlığın bu hidayət növündə təsiri yoxdur.

Odur ki, hər müsəlman daim Allahdan özünə hidayət etməsini və son nəfəsinə kimi İslam üzrə yaşatmasını istəməli, bunun üçün dua etməlidir; Allahın bəndə ilə qəlbi arasına girdiyini unutmamalıdır.

Həmçinin müsəlman bütün peyğəmbərlərin, alimlərin və Allah dostlarının insanları hidayətə çağırdıqlarını, onlara doğru yolu göstərdiklərini, onların hidayət rəhbəri olduqlarını da bilməli, unutmamalı və onlara tabe olmalıdır.

əl-Hadi ismi “Allahın Onu tanıma yollarını bəndələrinə bildirməsi, yaratdıqlarına həyatlarını davam etdirmə yollarını öyrətməsi və onları buna yönəltməsi” mənasını da verir. Bu da o deməkdir ki, Allah-Təala insanlara qurtuluş yolunu, dünya və axirət xoşbəxtliyinin yollarını göstərir.

Uca Yaradan insan xaricində yaratdığı digər varlıqları təbii duyğu ilə yaratmışdır. Məsələn, xəstələnən bir heyvanın Allahın ona vermiş olduğu təbii duyğu ilə özünə şəfa olacaq bitkiləri tapıb yeməsi, uzaq bölgələrdə yumurtadan çıxaraq ana vətənini bilib qayıtmağa çalışan balıqların olması, bir pətəkdəki növbətçi arıların pətəkdə olan bütün arıları tanıması, işçi arıların bal düzəltməsi və bunun kimi saysız hadisələr bu həqiqəti isbat etməkdədir. İnsanlara isə, ağıl verilmişdir. İnsanlar ağıllarından istifadə edərək şüurlu seçmə imkanına sahibdirlər və bu səbəblə də mükəlləf sayılmışlar. Ancaq Allah-Təala ağılları ilə birlikdə onlara peyğəmbərlər də göndərmişdir.

Peyğəmbər göndərmək və kitab endirmək surətilə insanlara haqq və həqiqəti bildirmək hidayətin ən irəli mənasıdır. Qurani-Kərimdə Allahın hidayəti istədiyinə verəcəyini bildirən ayeyi-kərimənin (əş-Şura, 52) doğru və aydın anlaşılması üçün bu mövzudakı digər ayələrlə birgə  mütaliə edilməsi lazımdır. Bu ayələrdən bir neçəsinin məalı belədir:

“Biz ona doğru yolu (hidayət yolunu) göstərdik. Bundan sonra istər şükür etsin, istər nankor olsun”. (əl-İnsan, 3)

“Biz ona iki yol (yaxşı və pis yol, xeyir və şəri) göstərdik”. (əl-Bələd, 10)

“Onlar doğru yol (hidayət) əvəzində əyri yolu (zəlaləti) satın almış kəslərdir”. (əl-Bəqərə, 16)

Bu ayeyi-kərimələrdə qulun zəlaləti öz iradəsi ilə seçdiyi açıq şəkildə bildirilir. Eyni həqiqəti öyrədən başqa üç ayədə isə, Allah-Təala “zalım, kafir və fasiq” olmağı seçənin insanın özü olduğunu bildirir:

“... Allah zalım qövmü doğru yola yönəltməz!” (əl-Bəqərə, 258)

“... Allah kafirlər qövmünü doğru yola yönəltməz”. (əl-Bəqərə, 264)

“... Allah fasiqlər qövmünü doğru yola yönəltməz”. (ət-Tövbə, 24)

Allah-Təala bu ayələrlə həmçinin hidayətə zidd bir yola girən bu insanları, tövbə edib dönmədikləri təqdirdə, hidayətə çatdırmayacağını xəbər vermişdir.

Və sonda bir xüsus da əsla unudulmamalıdır ki, Allahın dilədiyini hidayət yoluna gətirməsi, dilədiyini də pozğunluq - zəlalət içində buraxması Onun mütləq elm və hikmətinə əsaslanmaqdadır. Qasas surəsinin 56-cı ayəsində belə buyurulur: “Sən istədiyini doğru yola (hidayətə) yönəldə bilməzsən. Lakin Allah dilədiyindoğru yola yönəldər (hidayət verər). Doğru yola yönələnləri (hidayətə çatacaqları) ən yaxşı bilən Odur”.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz