UŞAQLARIN RAMAZANI

UŞAQLARIN RAMAZANI

Psixoloqlar uşaqlığı həyatın ilk pilləsi, sanki təcrübə və staj dövrünə bənzədirlər. Həyatı tanımaq, yavaş-yavaş dərk etməyə çalışmaq, həyatda özünün və digərlərinin kimliyini müəyyən etməyə başlamaq, ətrafında gördükləri və dərk etdiklərindən nəticə çıxararaq fikir bəyan etmək, milli və mənəvi dəyərlərə yiyələnmək, adət və ənənələri öyrənib ona uyğun həyat tərzi seçmək kimi şəxsiyyətin formalaşmasının bu dövrdə meydana gəldiyini qeyd edirlər.

Uşaqlar yaşadıqları ölkənin mədəniyyət və adət-ənənələrini valideynlərinin davranışlarına baxaraq öyrənir və mənimsəyirlər. Bu baxımdan valideynlərin davranışı və dəyərlərinə bağlılığı uşağın gələcək həyatına bilavasitə təsir göstərir.

Hər bir fərdin və cəmiyyətin ortaya çıxmasında, kimliyinin və varlığının qorunmasında  milli və mənəvi dəyərlərin rolu böyükdür. Bu dəyərlər ilk olaraq yuxarıda da qeyd etdiyimiz kimi ailədə öyrənilir və öyrədilir.

Dəyərlərimizdən danışdıqda bayram və əlamətdar günlərin xüsusi bir yerinin olduğunu ifadə etməliyik. Belə əlamətdar gün və bayramlar həm birlik və bərabərliyin təmin olunması, həm də yaddaş və kimliyimizin möhkəmləndirilməsi baxımından önəm daşımaqdadır.

Belə əlamətdar zaman dilimlərindən biri də, heç şübhəsiz ki, on bir ayın sultanı olan Ramazan ayıdır. Ramazan ayı deyərkən ilk ağıla böyüklər və yaşlılar gəlir. Halbuki Ramazan uşaqlar üçün də əvəzolunmaz bir ay, xatirələrində canlı tutduqları bir zaman kəsiyidir. Yəni Ramazan ayı uşaqların da ayıdır.

Əsri-Səadətdə uşaqların Ramazanda və bayramlarda necə sevindiklərinə, böyüklər tərəfindən hədiyyələr alınaraq onların könüllərinin necə şad edildiklərinə, oruc, sahur, iftar, təravih və s. kimi Ramazana xas ibadətləri həvəslə yerinə yetirdiklərinə onların xatirələrində rast gəlməkdəyik.

Ramazanın uşaqlar üçün xüsusi bir gözəlliyi vardır. Bu ayda onlar böyüklərin və valideynlərinin həyəcanlarına ortaq olur, onlarla eyni həyəcan və duyğuları bölüşürlər.

Hər insanın uşaqlıq dövrünün Ramazan xatirələri canlı və həyəcan verici olur. İlk oruc, ilk sahur, ilk iftar, ilk təravih və s. uşaqlıq xatirələrində daim canlı qalmaqda, xüsusi ilə bayramlarda bişirilən yeməklər və alınan hədiyyələr onların hər daim yaddaşlarında təravətini qorumaqdadır.

Bəs Ramazan və əlamətdar günlərdə uşaqların yaş psixologiyalarına uyğun olaraq, gələcək həyatlarına müsbət təsir edəcək hansı işləri görə, fəaliyyətləri apara bilərik?

Hər şeydən əvvəl “söz ilə deyil, hal ilə öyüd-nəsihət etmək” lazımdır. Uşaq hər zaman özünə rol model axtarır, onların davranışlarını təqlid edir. Bunun üçün də “et və etmə” demədən əvvəl “edərək və ya etməyərək” doğru və yanlışı, edilməli və edilməməli olanı göstərmək lazımdır.

Oruc tutmaq uşağa hər zaman maraqlı gəlir. Oruc tutana qədər hər acdığında yemək yeyən və susadığında su və ya çay içən uşaq artıq o vərdişlərini oruc müddətində edə bilmir.  Bu da onun üçün bir fərqlilik olur.

Uşaqlar üçün orucla bağlı keçmişdən gələn gözəl bir ənənə var: hələ keçmişdən oruc tutmaq istəyən uşaqlara böyüklərinin öyrətdiyi oruc növü. Buna “təknə orucu” deyilirdi. Elmihalda belə bir oruc növü olmasa da, bu, oruc tutmaq istəyən uşaqların həvəsini qırmamaq və onların yaşlarını nəzərə alaraq tədricən öyrəşdirmək üçün tövsiyə edilən bir adətdir. Uşaq ailəsi ilə sahura qalxıb sahur edir, günortaya qədər heç nə yemir və içmir. Günorta orucunu açır. Sonra iftara qədər yenə heç bir şey yemədən oruclu kimi davranır. Bu onun üçün maraqlı bir oruc təcrübəsi olur.

Yenə Ramazan ayı boyunca uşaqlar üçün fərqli fəaliyyətlər təşkil edə bilərik. Sahur və iftarlarda süfrələrin hazırlanması, camaat namazı, evin və uşaqların otaqlarının bəzədilməsi, savab və yaxşı davranışlar cədvəli hazırlayaraq hər gün müəyyən əxlaqi davranışların öyrədilməsi, ailə məclisləri, yardımsevərlik və paylaşma duyğularının inkişafı üçün müəyyən fəaliyyətlər təşkil oluna bilər.

Unutmayaq ki, əgər Ramazanı on bir ayın sultanı və təqva məktəbi kimi yaşayar və dəyərləndirəriksə ayların sultanı olaraq digər ayları da öz ardınca çəkib aparacaq, bu günümüz və gələcəyimiz adına gözəl işlərin başlanğıcına zəmin olacaqdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz