BİR AYƏ
بسم الله الرحمن الرحيم
وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافُ أَلْسِنَتِكُمْ وَأَلْوَانِكُمْ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِلْعَالِمِينَ
“Göylərin və yerin yaradılışı da, dillərinizin və rənglərinizin müxtəlif olması da Onun (varlığının) dəlillərindəndir. Şübhəsiz ki, bunda bilənlər (elm sahibləri) üçün ibrətlər vardır”. (ər-Rum, 30/22)
Allah-Təala bu ayədə Öz qüdrətinin dəlillərinə işarə edərkən göylərin və yerin yaradılmasını insanların xüsusiyyətləri ilə birlikdə qeyd edir və arxasınca bunda bir çox ibrətlərin olduğunu vurğulayır. Bu da onu göstərir ki, kainatın varlığı insanla birlikdə bir məna kəsb edir və dəyər qazanır, eləcə də insanlar bunları öyrənməklə dəyər qazanırlar.
Ayədəki “dillərinizin və rənglərinizin müxtəlif olması” ifadəsindən fərqli dillərdə və ya eyni dilin fərqli ləhcələrində danışmaq, müxtəlif etnik qruplara mənsub olmaq anlaşılacağı kimi, eyni zamanda hər insanın fərqli səs tonunun olması, özünə xas üz quruluşunun və rənginin olması da başa düşülə bilər. Bu da hər bir insanın özünəməxsus bir şəkildə xəlq edildiyini, daxilən və zahirən heç kimə bənzəmədiyini göstərir.
Ayənin sonundakı “bunda bilənlər (elm sahibləri) üçün ibrətlər vardır” ifadəsi ilə bu ayədə sadalananların elm və araşdırmalar sayəsində daha da aydınlaşacağına işarə edilir. Eləcə də kainatdakı və insanlardakı bir çox incəliklərin və heyrətamiz yaradılışın fərqinə varanların Allahın varlığını və qüdrətini daha yaxşı dərk edə biləcəkləri bildirilir.
Məsələni sosioloji yöndən ələ alsaq, deyə bilərik ki, bu ayə fərqli etnik mənsubiyyəti və əqidəsi olan insanların birlikdə sülh şəraitində yaşamalarına işarə edən ayələrdən biridir. Uca Allah bu ayə ilə bir tərəfdən insanlar arasında mövcud olan mədəni, ictimai və etnik fərqliliklərin fitri olduğuna işarə edir, digər tərəfdən də bu fərqliliklərin Allah-Təalanın ucalığını göstərən dəlillərdən olduğunu bildirir. Allahın dünyadakı yaradılış qanununda var etdiyi bu müxtəliflik və zənginlik digər bir ayeyi-kərimədə belə ifadə edilir: “Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin O, verdikləri ilə sizi imtahan etmək üçün (belə etdi)”. (əl-Maidə, 5/48)
Nəticə etibarilə, kainatdakı nizam və insanlar arasındakı müxtəliflik Uca Allahın varlığının bir dəlilidir və bu həqiqəti heç kim dəyişdirə bilməz. Buna görə də xüsusilə müsəlmanlar və ümumilikdə bəşəriyyət düşüncə və fiziki fərqliliklər səbəbilə bölünüb bir-birinə düşmənçilik etməməli və bir-birinə qarşı üstünlük iddiasında olmamalıdır. Etiqadından və ya irqindən asılı olmayaraq hər bir fərd və cəmiyyət sülh, qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşamağın zərurətini anlamalı və bu yolda səy göstərməlidir.
ŞƏRHLƏR