BİR HƏDİS

BİR HƏDİS

عن أبي هريرة - رضي الله عنه: أن رَسُول الله - صلى الله عليه وسلم – قَالَ بادِرُوا بِالأَعْمَالِ سَبْعًا، هَلْ تَنْتَظِرُونَ إلاَّ فَقرًا مُنسيًا، أَوْ غِنىً مُطغِيًا، أَوْ مَرَضًا مُفسِدًا، أَوْ هَرَمًا مُفْندًا، أَوْ مَوتًا مُجْهزًا، أَوْ الدَّجَّالَ فَشَرُّ غَائِبٍ يُنْتَظَرُ، أَوْ السَّاعَةَ فالسَّاعَةُ أدهَى وَأَمَرُّ

Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Yeddi şey gəlmədən öncə yaxşı işlər görməyə tələsin. Yoxsa siz (Allahı) unutduran kasıblığı, insanı azdıran zənginliyi, insanı pərişan edən xəstəliyi, ağılı başdan alan qocalığı, qəflətən gələn ölümü, gəlməsi gözlənənlərin ən şərlisi olan Dəccal fitnəsini və qiyamətin qopmasınımı gözləyirsiniz?! Qiyamətin qopması çox dəhşətli və çox acıdır”. (Tirmizi, Zöhd, 3).

İnsan və cəmiyyət üçün həyat düz bir xətdən ibarət deyil. Həyatın güldürən üzü olduğu kimi ağladan üzü, asanlıqları olduğu qədər çətinlikləri, şad günləri olduğu kimi bəd günləri də olur. Beləliklə, həyat qarışıq bir quruluşa malikdir. Elə bu səbəblə də Allah Rəsulu (s.ə.s) əldə imkan olduqca faydalı və gözəl işlərə daim tələsməyi öz ümmətinə tövsiyə etmişdir. Çünki hədisdə qeyd olunanların bir çoxu insanın həyatında qarşısına çıxan maneələrdəndir. Elə isə əldə fürsət varkən xeyirli işlərdən geri qalmamaq və daim gözəl işlərə tələsmək lazımdır.

Allaha itaəti və Onu zikr etməyi unutduran kasıblıqdan Allah Rəsulu (s.ə.s) Allaha sığınmışdır. (İbn Macə, Dua, 3) Çünki kasıblıq Allahın imtahanıdır. Bu imtahan qarşısında səbir göstərənləri Uca Allah müjdələmişdir. (əl-Bəqərə, 2/155)

Allahın qoyduğu nizama uymayan zənginlik insanı azdıraraq doğru yoldan uzaqlaşdırdığı kimi axirətin də əldən getməsi ilə nəticələnər. Elə isə zənginliyə sahib olan hər bir insan əlində olanların axirətdə hesabının olacağını düşünərək addım atmalı və əlində olanların bir imtahan vəsiləsi olduğunu idrak etməlidir.

Sağlamlıq Allahın insana bəxş etdiyi ən önəmli nemətdir. Lakin insan bu nemətin qədrini bilməyərək çox vaxt sağlamlığına qarşı laqeyd yanaşır. Unutmamaq lazımdır ki, Allaha edilən ibadətlər insandan sağlam olmağı tələb edir. Sağlam bədənlə edilən gözəl əməllər daha keyfiyyətli və daha faydalı olur.

Yaşlılıq həyatın ən zəif mərhələsidir. İnsan vücudu bu dövrdə taqətsizləşərək bir çox xüsusiyyətlərini itirməyə başlayar. Hətta o dövrdə bir çox insanda əqli cəhətdən müəyyən geriləmələr də baş verər. Uca Allah Quranda yaşlılıq çağını "xilqətin tərsinə çevrilməsi" şəklində vəsf etmişdir. (Yasin, 36/68)

Əcəlin nə zaman tamamlanacağı məchuldur. Allah Rəsulu (s.ə.s) məchul nəfəsləri alıb-verdiyimiz bu dünyada daim xeyirli işlərə tələsməyi tövsiyə etmişdir.

Dəccal fitnəsi qiyamətin bir əlamətidir. Bu səbəblə çox dəhşətli olan qiyamət və qiyamət əlamətləri gəlmədən hər bir ağıl sahibi müsəlmanın əməllərinə diqqət etməsi zəruridir.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz