QURANIN ENDİYİ AY
Ramazan ayı ayların ən fəzilətlisidir. Bu ayı fəzilətli edən səbəblərdən biri də Qurani-Kərimin məhz bu aydan etibarən dünyaya enməyə başlamasıdır. Necə ki, Uca Allah buyurur: “Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır”. (əl-Bəqərə, 185) Quran bu ayda nazil olduğu üçün Ramazana “Quran ayı” da deyilir. Buna görə müsəlmanlar hər il evlərində və ya məscidlərdə Quran oxuyaraq savab qazanmağa çalışırlar.
Bu ayda kimisi bir dəfə, kimisi iki dəfə Quranı başdan-ayağa oxuyaraq xətm edir. Ramazanda Quranın daha çox oxunması təbiidir. Çünki yuxarıdakı ayədə qeyd etdiyimiz kimi, Ramazan Quran ayıdır. Quran məhz bu ayda möminlərə şəfa və rəhmət olaraq nazil edilib. Bunun üçün hamı istəyir ki, Quran tilavətinə görə savab qazansın, bu da normal haldır. Lakin Quranı oxuyub xətm edərkən öz-özümüzdən “neçə ayə üzərində dayandım, hansı ayələri qəlbimlə yaşadım, hansılarını həyatımda tətbiq etdim, hansı ayə mənim həyatımı dəyişdi,” - deyə soruşsaq, nəticəsi bizdə təəssüf hissi doğurar.
Çox az müsəlman tapmaq mümkündür ki, Quranı həqiqi mənada oxuyub onu həyatında tətbiq etmiş olsun. Quran oxuyarkən bir çoxunun fikri surə və ayələrdəki mənalar deyil, onu sürətli oxumaq, bir neçə dəfə xətm edib tamamlamaq olur. Çünki biz onun ayələrini layiqincə düşünmür, mənası və məzmununu başa düşməyə çalışmırıq.
Quranı oxumaqda əsas məqsədimiz onu həyatımızın düsturuna çevirmək olmalıdır. Daha dəqiq desək, onunla yaşayıb əməl etmək əsas hədəfimiz olmalıdır. Quranın dediklərinə əməl etmək üçün isə ondakı mənaları və Allahın bu ayələrlə bizə nə demək istədiyini başa düşmək lazımdır. Bu isə yalnız onu oxumaqla mümkün deyildir. Quranı oxuyarkən onun məzmunu ətrafında düşünmək lazımdır. Allah-Təala bir ayədə buyurur: “Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?” (Muhamməd, 24)
Rəsulullah (s.ə.s) Abdullah ibn Amr ibn Ası Quranı üç gündən tez xətm etməkdən çəkindirərək ona belə demişdi: “(Quranı) qısa vaxt ərzində xətm edən kimsə onu anlamaqdan uzaq olar”. (Əbu Davud, Salət, 323) Bu hədisdən də məlum olur ki, Quranı oxuyarkən oxuduğumuz barəsində düşünməyimiz gərəkdir.
Səhabələr də Qurana yalnız oxunan bir kitab gözü ilə baxmırdılar. Onlar üçün Quran ayələri özlərinə müraciət edərək öz davranışlarından bəhs edən bir istiqamət rəhbəri idi. Bunun üçün də onlar Qurandan layiqli şəkildə faydalana bildilər. Məhz Quran vasitəsilə həyatları dəyişdi. Çünki onlar üçün Quran başa düşmədən, düşünmədən yalnız üzünə baxaraq oxunan bir kitab deyil, həyat kitabı idi. Onlar üçün Quran ölü kitabı deyil, diri kitabıydı. Onlar üçün Quran qazanc mənbəyi deyil, savab mənbəyi idi.
Bunun üçün Quranın mənasını düşünmədən sırf səlis oxumaq əsas götürülməməlidir. Bu barədə Abdullah ibn Məsud (r.a) belə deyir: “Quranı nə şeir oxuduğunuz kimi (dayana-dayana), nə də tələsə-tələsə oxuyun. Quranın ecazkar məqamları üzərində dayanın, onunla qəlblərinizi hərəkətə gətirin. Məqsədiniz sadəcə surəni başa vurmaq olmasın”.
Alimlərdən Aciri “Quran oxuyanın əxlaqı” adlı kitabında yazır: “Qurandan düşünərək az miqdarda oxumaq mənim üçün düşünmədən çox miqdarda oxumaqdan daha xoşdur”.
Oxunulan ayələrin üzərində duraraq mənalarını anlamağa cəhd göstərməli, surəni tezliklə bitirməyə çalışmamalıyıq. Yeri gələndə, oxuduğumuz cüzün diqqətimizi çəkən hansısa bir ayəsi üzərində dayanmalıyıq. Onu təkrar-təkrar oxuyub anlamağa çalışmalı, ən əsası isə həyatımızda tətbiq etməliyik. Elə etməliyik ki, bu ayə bizim həyatımızı dəyişsin. Ruhumuzu qidalandırsın. Əxlaqımızı gözəlləşdirsin.
Son söz Allah Rəsulunundur (s.ə.s): “Kim Qurani-Kərimi oxuyar və ona əməl edərsə, qiyamət günü ata-anasına bir tac qoyular. Bu tacın işığı dünyada ikən günəşin evlərə düşən işığından daha parlaqdır. Elə isə Qurani-Kərim ilə əməl edən insanın özünün mükafatı necə olacaq, düşünə bilirsinizmi?!” (Əbu Davud, Vitr, 14, 1453)
Uca Allah hər birimizi bu mübarək Ramazan ayında Quran oxuyub ona əməl edən qullarından eyləsin! Amin!
ŞƏRHLƏR