BAĞDAD XATİRƏLƏRİ İNCƏ MƏQAM

BAĞDAD XATİRƏLƏRİ İNCƏ MƏQAM

Bağdad çox qədim tarixə malik, elm və irfana beşik olmuş, çox bəla və müsibətlərə şahid olmuş bir şəhərdir. İki ilə yaxındır ki, bu şəhərdə elm və tədris fəaliyyəti ilə məşğulam. Şəhərdə qədim elm və mədəniyyət qalıqlarını xatırladan bəzi məkanlar olsa da, təəssüflər olsun ki, zəngin tarixi miraslar zamanla yox olmağa, yaxud unudulmağa üz tutmuşdur. 

Bu məkanları ziyarət edib İslam tarixinin əzəmətli dövrlərini xatırlamaq insana ümid verir. Bu qəbildən sayılan Əbu Hənifənin qəbri yerləşən külliyəni ziyarətim əsnasında zehnimdə bəzi xatirələr canlandı...

Bir gün Əbu Hənifənin yanına bir nəfər gəlir və deyir ki: “Ey Əbu Hənifə, mən namaz qılarkən elə hey dəvələrimi düşünürəm və onları güdürəm. Namaz qılarkən qəlbimdə heç cür Allah qorxusu yaranmır. Amma məndən daha zəngin olmağına baxmayaraq, görürəm ki, sən namaz qılarkən sanki qəlbin Allahla məşğul olur və səmimiyyətlə ona üz tutursan. Əcəba, sən bunu necə bacarırsan?” Əbu Hənifə ona belə cavab verir: “Sən yəqin ki, dəvələrini qəlbinə bağlayırsan, ancaq mən dəvələrimi qəlbimə yox, axura bağlayıram”. Onun bu cür yüksək təqvaya çatması və həmçinin şəriət elmində zirvələri fəth etməsinin əslində gözdən qaçırdığımız çox incə bir səbəbi daha vardır. Gəlin bu incə məqamın nə olduğuna nəzər salaq.

Əbu Hənifənin əsil adı Numan ibn Sabit idi. Əbu Hənifənin böyük fiqh imamı olduğunu hər kəs yaxşı bilsə də, onun atası, yəni Sabit ibn Zutanın da təqvada imam olduğu faktı heç kimin xatirinə gəlmir. Əbu Hənifənin atası ilə bağlı danışılan “alma qissəsi”ni qısaca xatırlatmaq bu sirri bizə açacaqdır.

Bir gün Sabit ibn Zuta səfər əsnasında bir çay kənarında dəstəmaz alarkən suyun axarıyla gələn bir alma görür və onu yaxalayır, ardından bir dişlək alır. Sonra almanın ona halal olub-olmaması haqqında şübhəyə düşür və uzun bir axtarışdan sonra alma sahibini tapır. Ondan yediyi alma üçün halallıq istəsə də, buna asanlıqla nail olmur. Almanın halallığını ala bilməsi naminə üç il alma sahibinə xidmət edir. Vədə tamam olduqdan sonra alma sahibi Sabit ibn Zutaya bir şərt daha qoşur və deyir ki: “Sən mənim lal, kar həm də topal qızımı almalısan; yoxsa haqqımı halal etmərəm”. Sabit ibn Zuta məcbur olur və alma sahibinin qızıyla evlənməyə razılıq verir. Alma sahibinin öz qızı haqqında dediyi “lal, kar və topal” olmasının “haram danışmayan, harama baxmayan və harama getməyən” mənasında olduğu sonra aydın olur. Nəticədə Sabit ibn Zuta o pakizə qızla evlənir və onlardan Numan adında bir övlad dünyaya gəlir. Numan ibn Sabit altı-yeddi yaşında ikən o dövrün padşahının bir müşkülünü öz elmi və zəkasıyla həll edir və sonrasında İmam Əzəm adıyla xalq arasında məşhurlaşır.

Əbu Hənifəni İmam Əzəm edən sirli və incə məsələlərin başında halal yemək və ailə tərbiyəsi dayanır. Elə məhz atasının müttəqi bəndə kimi halal qida həssaslığı və anasının təqvalı olması nəticəsində Allahın verdiyi bərəkət və hidayət ilə o ailədən İmam Əzəm kimi bir öndər çıxdı. Bütün tarix boyunca olduğu kimi, bu gün də bu iki əvəzolunmaz dəyərə, yəni halal yemək və üstün ailə tərbiyəsinə hər zamankından daha çox ehtiyacımız var.

Həmişə özümüzə bu sualları verməliyik:

- Ruzimiz hardan gəlir, hara gedir, halal qazanc və qida təlaşım varmı?

- Ailəmin idarəsi kimdədir və onların tərbiyəsi ilə kim məşğul olur?

- Ailəmdən “İmam Əzəmlərin” çıxması xatirinə nə iş görməliyəm?

Müasir dövrdə halal və haramlar bir-birinə qarışmışdır. Quranda və Peyğəmbər aleyhissalamın müqəddəs həyatında əhəmiyyətlə vurğulanan halal və təmiz qida məsələsinə münasibətimizi təkrar ələ almalıyıq. Çünki halal qidanın birbaşa həyat dəyərlərimizə və ömür binamıza təsiri danılmazdır. Qida halallığı qədər, qidanın təmiz olması da vacibdir. Quranda bu məsələlərin keçdiyi ayələrdə “halal” və “tayyib” (təmiz) qoşa zikr olunur.

İkinci xüsus kimi ailə tərbiyəsi bir an belə ehmal olunmayacaq dərəcədə fərzdir. Fərzdir dedim, ona görə ki, ailədə övlad tərbiyəsi ailə üçün fərzi-kifayədir. Ailə böyükləri, ata ,ana, baba, nənə, yaxud yaxın qohumlar yeni nəslin, övladların tərbiyəsi ilə məşğul olmazsa və nəticədə ümmətə yararsız, hətta şərli bir nəsil yetişərsə, bundan hər kəs məsul olar. Dolayısilə hər birimiz bir növ “çoban” sayılırıq və öz “sürümüzdən” məsuluq.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz