AĞAKƏRİM İBRAHİMOV - MÜSAHİBƏ

AĞAKƏRİM İBRAHİMOV - MÜSAHİBƏ

Bu səfər yolumuzu Biləsuvar rayonunun Əliabad kəndindən saldıq, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun evini, ailəsini ziyarət etdik. Atası Ağakərim dayı ilə təbiət qoynunda oturub şirin-şirin söhbət etdik...

İrfan: Ağakərim dayı, əvvəla, sizi İrfan oxucuları adından salamlayırıq. Sizinlə Vətən sevgisi haqda danışmaq istərdik, bu sevgi haradan başlayır?

A.İbrahimov: Xoş gəlmisiniz, buraya kimi gəlib əziyyət çəkmisiniz. Əvvəla, bunu deyim ki, bu xidmətinizlə vətən üçün böyük işlər görürsünüz. İnsan vətənini sevirsə, onun yaxşılığı, ucalması üçün çalışmalıdır. Əgər biz Azərbaycanımızı seviriksə, istəyiriksə ki, dünyanın sonuna qədər yaşasın, qiyamətə qədər ayaqda qalsın, bunun üçün yaxşı əməllər etməliyik. Birinci növbədə yaxşıların sayı çoxalmalıdır. Nə qədər ki zalım var, zülmkar var, haqsız var, insanlıqdan çıxmış insanlar var, onlar, demək olar ki, vətən xainləridir, xalq düşmənləridir. Quranın məntiqi, imanımızın məntiqi bu nəticəni təsdiqləyir. Bir digər məsələ elmdə düşmənlərimizdən irəlidə, yüksəkdə olmaqdır. Düşmənlərimiz istəmir ki, biz elmimizlə onları ötüb keçək. Düşmən Allahın bizə öyrətdiklərini də öyrənir və bizi öz silahımızla zəiflətmək istəyir. Bu elmlərin başında dini elmlər gəlir. Bu gün dünyanın ən böyük qüvvələri din vasitəsilə dünyanı idarə etməyə çalışır. Əlimizdə olan səmavi kitablar peyğəmbərləri əvəz edir. Onlara daha çox sarılan böyük bir qüvvə əldə edir.

- Yaxşıların sayı çoxalmalıdır, deyirsiniz. Bunun üçün nə etmək lazımdır?

- Övladlarımıza yaxşılığı öyrətmək lazımdır. Uşaqlar, gənc nəsillər başa düşməlidir ki, onun etdiyi yaxşı əməl düşməni öldürür, məhv edir. Bunun əksini etdiyi təqdirdə düşmən qüvvətlənir, artır. Bir-biri ilə dalaşanda uşaq başa düşməlidir ki, bu hərəkəti ilə düşməni artırmış olur. Bir-birimizi bağışlamağı bacarmalıyıq. Bağışlamalıyıq, çünki düşmənimiz çoxdur, ona qarşı birlik olmalıyıq. Bizi məhv eləmək istəyənlər çoxdur, istəmirlər ki, biz çoxalaq, dünyada söz sahibi olaq. Təbii ki, onlar da özlərinin güclü olmağını istəyir, öz dövlətlərini, vətənlərini düşünürlər. Biz də bunu başa düşərək eyni mübarizəni aparmalıyıq.

- Elə isə ən böyük məsuliyyət valideynə düşür.

- Hər bir valideyn istəyər ki, övladı yaxşı olsun. Uşaq hansı hərəkətləri ilə düşmənini artırdığını başa düşsə, o hərəkətlərdən çəkinər. Bunu uşaqlara, gənclərə başa salmağın yollarını axtarıb tapmaq lazımdır. Bunun ən gözəl yollarından biri şanlı tariximizi, dövlətimizin dəyərini onlara başa salmaqdır. Elə bir neçə ay əvvəl qazandığımız böyük qələbə bunun üçün ən gözəl vasitədir. Bu, elə-belə bir qalibiyyət deyildi. Bu, min illik qələbə idi. Bunu başa düşmək üçün ermənilərin öz aralarındakı etiraflara baxmaq da kifayət edər. Onlar öz tərəfdaşlarını döyüşə cəlb etmək üçün deyirdilər: “Ey erməni qadınları, ey erməni kişiləri, ayağa qalxın, bu adi bir döyüş deyil, bu min ilin müharibəsidir!”. Bu qələbə bizim üçün min il ərzində qazanılan böyük bir qələbədir. Bunun heç bir yarımçıq, əskik tərəfi yoxdur; bu, tam qələbədir. Hələ illər keçdikcə biz bunun dadını, ləzzətini hiss edəcəyik. Ermənilər darmadağın olacaq. Onlar bizim nəslimizin ayağına düşəcək. Bütün etdiklərinə peşman olub yaltaqlanmağa başlayacaqlar. Bizim nəslimiz bilməlidir ki, nə qədər ki biz güclüyük, bu belə davam edəcək. Nə vaxt ki zəiflədik, onda arxadan vuracaqlar. Bunu övladlarımıza irs qoyub getməliyik. Özümüzü deyil, gələcəyimizi, körpələrimizi düşünməliyik. Mən istəyirəm ki, vətənimiz, Azərbaycanımız, xalqımız, gələcək nəslimiz dünyada söz sahibi olsun, güc-qüvvət sahibi olsun, seçilsin. Bu yol yalnız bayaq dediyim o yerdən - yaxşı əməldən keçir.

- Deyirsiniz ki, bütün xeyirli yollar yaxşı əməldən keçir.

- Bəli, əlbəttə! Var-dövlət əldə etməyin yolu da dini bilməkdən keçir. Dünyanın bütün milyonçularının xeyriyyə tədbirlərini eşidirik. Niyə? Allah buyurur ki, biz dünyanı da, axirəti də idarə edirik. Allah dünyanı yuxarıdan idarə edir. İstəklərimizin həyata keçməsinin yolu duamızın yuxarı qalxmasıdır. Onu səmaya qaldıran isə əməldir. Əməl olmasa, istəklər səmaya qalxmaz. Allah deyir ki, siz verin, mən də sizə verdiyimi artırım. Aramızda Allahın elçiləri, mələkləri, kitabı var. Həyat boyu qarşımıza bir çox möcüzələr çıxır, bizə Allahın varlığını xatırladır. Həcdə olduğum zaman (2012) xeyli qeyri-adi hadisələrlə qarşılaşdım. Biri içimdən keçəni duyur, biri nə istədiyimi dilə gətirmədən yerinə yetirir... Heç birimiz özbaşına hərəkət etmirik. Bizi aparan, gətirən qüvvə var. Allahın izni olmadan heç kəs yerindən tərpənə bilməz.

- Milli və mənəvi dəyərlərimizi gənc nəsillərə aşılamaq üçün nümunəvi insanlara, böyük qəhrəmanlara ehtiyac var. Mübarizin həyatını necə xarakterizə edərdiniz, gələcək nəsillər ondan nə kimi nümunə götürməlidir?

- Mübariz uşaqlıqdan etibarən inamına, əqidəsinə bağlı insan idi. Kimsə Allahı and verərək nəsə desə, inanardı. Pula əhəmiyyət verməz, əlinə keçəni paylayardı. Əlbəttə, bunda ailədəki həyat tərzinin böyük təsiri var idi. Mən Mübarizin şəhadətini əvvəlcədən bilirdim. Hələ o dünyaya gəlməmişdən bir neçə il əvvəl Allah mənə yuxumda göstərmişdi ki, övladım gedəcək. Həqiqətən də, keçmişi də, gələcəyi də bilən Allahdır. Allah mənə öncədən “ver” dedi, verdim. “Allah üç oğul verib, biri vətənə fəda olsun” dedim. Allah bu kəlməni dedirtdi və sözümdə qəlbən səmimi olmağımı yoxladı. Allahın işi qəlb ilədir. Verən Allah idi, alan da Allah. Bunu Allaha qarşı səmimiyyətlə etiraf etdikdən sonra sanki çiynimdən böyük yük götürüldü, rahatlaşdım. Və Allah mənə onun əvəzini verdi. Nəvə sevinci ilə məni yenidən sevindirdi. O uşaq mənim üçün ilahidən gələn bir paydır. Necə ki, dövlət şəhid üçün status verir, öz borcunu yerinə yetirir, Allah da şəhidin qarşılığında mütləq yaxınlarına əvəzini verir. Yeni övladla, daha yaxşısı ilə və ya başqa şəkildə, amma mütləq əvəzini verir. Son döyüşdə şəhid verən ailələrə də səslənirəm, onlar əsla üzülməsinlər, Allah mütləq bunun əvəzini verəcək. Ya onun valideyninə, övladına, yaxud da əzizlərinə, qohumlarına verəcək, amma mütləq verəcək. Heç bir əməl boşa getməz. Mən şəxsən bunun şahidlərindənəm.  

- Mübarizin şəhid olduğu postun alınması müharibənin gedişatında bizim üçün ən sevindirici xəbərlərdən, sanki dönüm nöqtələrindən biri olmuşdu. Siz o anları necə yaşadınız?

- Bu xəbəri mənə deyəndə dedim ki: “Torpağımızın hər qarışı bizim üçün müqəddəsdir!”. Mənim üçün fərqi yoxdur, hər bir qarış torpağımız əzizdir və azad olunmalı idi. Məni ən çox düşündürən körpələrimizin gələcəyidir. Narahatam. Nəyə narahatam? Düşmən dayanmır. Görünən və görünməyən düşmən var. Allah şəhidlərimizin hörmətinə dünyanın gedişat istiqamətini dəyişdi. Ermənilər əsrlər boyu rusu türkə düşmən etmişdi. Çara yazmışdılar ki, nə qədər ki İstanbul Rusiyanın deyil, Rusiyaya rahatlıq ola bilməz. Çarlığın bir çox yüksək vəzifələrində ermənilər yer alırdı və onlar daim Türkiyə ilə aranın pozulmasına, düşmən olmasına xidmət edirdilər. Rusiyanın ayılması sanki ilahi bir təqdir oldu. Azərbaycanın öz torpaqlarını azad etmək üçün nə qədər çalışdığını Allah gördü. Mən Azərbaycanla birlikdə Rusiya-Türkiyə ittifaqının uzun müddət davam edəcəyinə inanıram. Çünki bizim heç kəsin torpağında gözümüz yoxdur. Onlara heç vaxt xəyanət etməyəcəyimizi də bilirlər. Bütün bunlar bizim itkilərimizi, şəhid sayımızı azaltdı. Şərtlər belə olmasaydı, bəlkə də, bu müharibədə itkilərimizin sayı qat-qat artıq olacaqdı. Bütün bunlar şəhidlərimizin hörmətinə bizə ilahidən gələn yardımlardır. Allah heç bir işi əvəzsiz qoymur.

- Çox təşəkkür edirik, Ağakərim dayı, Allah şəhidlərimizə rəhmət etsin.

- Amin, amin... Mən də sizə təşəkkür edirəm.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz