SƏSSİZ PROPAQANDA

SƏSSİZ PROPAQANDA

Kino sənətdir. Zaman, məkan, imic və məfhumlar yaradan, dərin fəlsəfi arxa plana əsaslanan sənət. Ancaq kinonun estetik və analitik dəyərləndirməsi heç də asan deyil. Çünki sənət hadisəsindən daha çox ideoloji hadisə olaraq qarşımıza çıxır. Yeni imic yaradır və bu imic illüziya içində yaşasa da, özünün real olduğunu düşünür. İdeologiyanın yayılması üçün kino ən yaxşı üsuldur. 

Qarşıdakı insan ekranın içinə daxil olur, obrazın yerinə keçir və həyatdakı yadlaşma film müddətində davam edir. İzləyicilər bərabərləşir, eyniləşir. Məhz bunun üçün kino propaqanda açarıdır. İnsanın həsaslığından və emosionallığından istifadə edərək onu dəyişdirə, yox edə və qoyduğu qaydalarla düşünən, idarə olunan robot kimi qura bilir. Bu gün Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərindəki kimi “manqurtlaşdırma” prosesi o qədər də əziyyətli deyil. Həmçinin hər fərdə qarşı fərqli metodlara, onunla ayrıca məşğul olmağa da ehtiyac yoxdur. Kino ilə manqurtlaşdırma kültəvi şəkildə aparılır. İnsanın beyni yarılmadan yaddaşı yerindən dartılıb qopardılır, əvəzində isə yeni yaddaş, yeni insan inşa edilir.

Eyni ilə sol ideologiyanı təmsil edən Sovet rejimi kimi. Çar hakimiyyətini məğlub edərək sosialist cəmiyyət yaratmağa çalışan Lenin və yoldaşları insanları tez bir zamanda dəyişdirməyin yolunu pafoslu çıxışlarda, ədəbiyyatda görmürdülər. Çar əsarətində olan xalqların əksəriyyəti oxumağı bacarmırdı. Sol mətnlər rus dilində idi. Rus dilini isə sadəcə müəyyən bir zümrə anlayırdı. İdeyaların hər bir insana çatması üçün ən yaxşı vasitə kino olaraq qalırdı.

Leninin göstərişi ilə kino kursları, institutlar qurulur. Buradan Sergey Eyzenşteyn və Dziqa Vertov kimi kino nəzəriyyəçiləri yetişir. Eyzenşteyn montajı kadrların ard-arda düzülməsi, sıralanması kimi yox, izləyicinin hisslərinə toxunması, onu özünə çəkməsi olaraq qiymətləndirir və yeni montaj texnikası ərsəyə gətirir. Dziqa Vertov isə kamera-göz nəzəriyyəsini irəli sürür. Vertova görə kamera həqiqi olanı çəkməlidir. Həqiqi məkan, zaman və işıq ssenaridən, mətndən azad filmlə ümumbəşəriləşə bilər.

Doğrudur, çar dövründə filmlər çəkilirdi, amma bunlar qısametrajlı sənədli filmlər idi. Məsələn, 1898-ci ildə Aleksandr Mişan tərəfindən çəkilən “Balaxanıda neft fontanı” ilk Azərbaycan filmi kimi tarixə düşüb. Sovet rejimi möhkələnəndə Lenin digər bölgələrdə də kino institutları qurulması qərarını verir. Nərimanovun rəhbərliyi ilə kinostudiyaya yarayacaq hər şey dövlətin sərəncamına verilir və səhnələr hazırlanır. Beləliklə, Sovet Azərbaycanında səssiz kino tarixi başlayır. İlkin mərhələdə çəkilən filmlər daha çox sənədli xarakter daşıyan filmlər idi. Burada sosializm quruluşu, fəhlə sinfi, xalqların dostluğu və bərabərliyi, kəndli və kənd həyatı, ingilislər və milliyyətçilərin düşmənçiliyi  kimi mövzular əks olunurdu.

1923-cü ildə ilk uzunmetrajlı Azərbaycan filmi “Qız qalası” nümayiş etdirilir. Filmin ssenarisini Breslav və Lure yazır, xan rolunda Vargam Papazyan, xanın qızı rolunda isə Sofia Jozeffi çıxış edir. Qız qalası əfsanəsindən təsirlənərək yazıldığı qeyd edilən filmə baxdıqda qorxunc, eybəcər xan siması və füsunkar, gözəl bir qızla rastlaşırsınız. Arvadı ölən xan bir müddət sonra qızına aşiq olur, ehtiras və qısqanclığının qarşısını ala bilmədiyini görüb qala tikdirir, qızını qalada həbs edir. Bir müddət keçdikdən sonra xan hisslərini cilovlaya bilmir və qalaya gedir. Atasının gəlişindən xəbər tutan qız özünü qaladan atır.

1925-ci ildə Abbas Mirzə Şərifzadə “Bismillah” filmini çəkir. Şərifzadə bununla ilk azəraycanlı rejissor olarkən, filmin ssenarisi yenə bir başqasına - Pavel Blyaxina məxsusdur. “Bismillah”ın tənqid hədəfi savadsızlıq, fırıldaqçılıq, dini fanatizm və dindən istifadə edən mollalardır. Filmə baxan şəxs sanki bütün din xadimlərinin, ümumiyyətlə dinin ciddi təhlükə olduğunu düşünər.

Rejimin əsas arzularından biri də qadınların aktiv həyata qoşulması, onların əmək qabiliyyətindən istifadə etmək idi. Qadınların fəhlə sinfinə qoşulması, onlarla birlikdə işin ağır və yüngüllüyündən, necəliyindən asılı olmayaraq işləməsi konsepsiyasına xidmət edən filmlər çəkilməli idi. 1929-cu ildə Cəfər Cabbarlı tərəfindən çəkilən “Sevil” Sovet ideologiyasına xidmət edən ən təsirli filmdir. Filmin bütün səhnələri sanki bir səhnə - “Sevilin çadrasını atması” üçün hazırlanmışdı. Nəticədə Sevil obrazı Sovet Azərbaycanında rezonans yaradır və qadın azadlığının simvoluna çevrilir.

1932-ci ildə ssenarisini Aleksandr Rjeşevski, Nikolay Şengelaya, Aleksandr Amiraqovun yazdığı, rejissor masasında Nikolay Şengelayanın oturduğu məşhur “26 Bakı komissarı” filmini xüsusi vurğulamaq lazımdır. 1918-ci ilin 26 aprel-31 iyul tarixlərində Bakını idarə edən 26 nəfərdən ibarət qurum məhz Bakı kommunası adlanırdı. Martın 31-də qanlı faciə törədən Stepan Şaumyan kommunaya rəhbərlik edirdi. Film kommunanın qurulması, onların həyatı, fəaliyyəti və süqutu haqqındadır. Dramatik sonluqla təqdim edilən görüntülər insanların yaddaşına sanki onlara haqsızlıq edildiyini həkk edir. Halbuki Komissarlığın süqutu nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti qurulur və torpaqlarımızda tarixi dövlətçilik ənənəsi bərpa edilir.

Təqdimat olduqca əhəmiyyətlidir. Sovet kinosu müstəqilliyi əlindən alınan insanlara öz millətini düşmən, dinini, inancını, mədəniyyətini təhlükəli göstərirdi.

Həmin anda təsir etməsə belə, dövrün uşaqları sosialist ideologiyası ilə böyüdü....

26-ları qəhrəmanları kimi gördü...

Azadlığı çadra atmaqda tapdı...

Millətini düşmən, düşmənini qəhrəman bildi...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz