HİDAYƏT QIĞILCIMLARI
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd, könüllərinizdə olan (cəhalətə, şəkk-şübhəyə, nifaqa qarşı) bir şəfa, möminlər üçün bir hidayət və rəhmət gəlmişdir”. (Yunus, 57)
Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Uca Allahı (c.c) tanıma və Ona sadiq qul olma mədəniyyəti kainatı və bu ehtişamı açıqlayan Quranı qəlbən tanıma keyfiyyəti ilə sıx şəkildə bağlıdır. Aləmlərin Rəbbinə qulluq məqsədi ilə kainat meydanına təşrif buyuran və varlıq aləminin hər bir fərdində fövqəladə bir maraq doğuran Adəm övladının göndəriliş məqsədini doğrultmaq üçün müstəsna bir mərifət, əxlaq və davranış təhsilinə ehtiyacı vardır. Qullarına daima öyüd və nəsihət dili ilə səslənən Rəbbimiz peyğəmbərlərin və onların saleh davamçılarının təbliğat mücadiləsi və nəsihət dili ilə rəhmətə və hidayətə susamış qəlbləri qurtuluş təhsili ilə davamlı olaraq əhatələməkdədir. Nəsihəti qəbul edən ana mərkəzin, yəni qəlbin mənəvi durumunun davamlı təftiş altında tutulmasına işarə edən Əhməd bin Hadraveyh həzrətləri belə buyurur:
“Qəlblər bir məkanda qərar tutmazlar. Hər daim müxtəlif yerlərdə dolaşıb durarlar. Ya yüksək əxlaqların və məqamların ardınca düşüb Ərşin ətrafında dolaşar, ya da mədə, şəhvət dərdinə düşüb insan adına yaraşmayan mənasız işlərin bataqlığına enərlər”.
Allah (c.c) naminə aparılan öyüd və nəsihət fəaliyyətlərinin insan övladını düşmüş olduğu mənəviyyatsızlıq bataqlığından çıxardaraq, kirlərdən təmizləyərək onu kamil bir tövhid əhli rütbəsinə ucaldacağını, Müniddin Çeşti həzrətləri belə açıqlayır:
“Dünya və axirət əzabından, hesabların ifadə etməkdə aciz qaldığı imtahan məşəqqətindən, ilahi qəhrdən qurtuluş peyğəmbər varisləri olan din böyüklərinin öyüd və nəsihətlərində, söhbətlərində qərar tutmuşdur. Bir kimsə nə qədər yaramaz olsa da, yenə o böyüklərin söhbət məclisində iştirak etməklə maddi və mənəvi kirlərdən təmizlənərək kamil bir mərifətə sahib ola bilər”.
Qəlbi mükəmməl bir nəsihət əxlaqı ilə nurlanmış Mənsur bin Əmmar həzrətləri dinləyənləri fərqli bir mənəviyyat aləminə götürən bəlağətli çıxışlarından birini edərkən dinləyicilərdən kasıb bir kimsə ondan camaatın içində dörd dinar pul istəyir. Ustadın cibində o zaman pul olmadığından zavallı din qardaşına yardım üçün camaata səslənir və: “Qardaşına yardım edəcək şəxsə hər dinar üçün bir dua edəcəyəm”, -deyir. Bu zaman məscidin bir küncünə qısılan qaradərili bir kölə Mənsur bin Əmmarı için-için dinləyirdi. Yanında varı-yoxu sadəcə dörd dinarı olan bu mübarək zat qəlbini sarmış mərifət nuru ilə elə bir zirvədə idi ki, onun kimi səxavət bahadırlarını Hz. Əli (r.a) ümmətə belə tanıdırdı: “Könlü hər şeydən geniş, nəfsi hər şeydən alçaq olan bu kimsələr ehtiyacı olanı görüncə öz ehtiyaclarını belə xatırlamazlar”. Dərhal ayağa qalxan kölə hər dinara bir dua qarşılığında, yəni yəhudi olan sahibinin müsəlman olması, köləlikdən qurtulması, yoxsulluğa vida etməsi və günahlarının bağışlanması müqabilində ustadının duasını alaraq dinarları ona təslim edir. Söhbət məclisində ərşə yüksələn mənəvi cazibənin şiddəti ilə çırpınan kölə evə qayıdaraq baş verənləri sahibinə anladır. Lakin kölə baş verənləri elə bir eşqlə anladır ki, nəsihət məclisinin könlünü məst etdiyi hidayət qığılcımı yəhudinin qəlbinə də sıçrayaraq onun imanla şərəflənməsinə, artıq köləsi deyil, iman qardaşına azadlıq verməsinə, üstəgəl bütün varidatına onu ortaq etməsinə səbəb olur. Lakin: “Dördüncü diləyinə qarşılıq vermək əlimdə deyil, çünki, bilirsən ki, əfv etmək yalnız Allaha (c.c) məxsusdur”, - söylədiyini deyir. Nəsihət, hidayət və iman nemətinin xariqələr yaratdığı o anlarda səmimi göz yaşlarına boğularaq qucaqlaşan bu iman ərləri həmin an qeybdən bir səs duyurlar. Səsin sahibi belə buyururdu: “Hər ikinizi də əfv etdim və cəhənnəm atəşindən azad etdim. Artıq sərhədsiz yardımım halınızı qoruduğunuz müddət ərzində sizinlə bərabərdir”.
Görünməmiş bəlaların, xüsusən də “COVID-19” epidemiyasının, psixoloji sarsıntı, mənəvi iflic epidemiyalarının Adəm övladlarının əbədi qurtuluş haqlarına divan tutduğu, mənəvi həlaka sürüklədiyi bir zamanda nəsihət əhlinin hidayət və şəfa qığılcımları saçan irfani diriliş məclislərində canlı və ya virtual iştirakının mütləq və təxirəsalınmaz önəminə işarə edən Abdulqadir Gilani həzrətləri buyurur:
“Rəsulullahın (s.ə.s) mənəviyyat çeşməsindən bəslənərək kamil bir peyğəmbər varisinə çevrilən şəxsin o pak qəlbinə bağlı dilindən öyüd və nəsihət məqsədi ilə zühur edən hər söz doğrudur. Heç bir kimsə o sözü rədd edə bilməz. Çünki o qəlb ilahi muradın sinələri diriliş həyəcanına qərq edən məna cövhərini ətrafına saçaraq yan-yörəsini bir hidayət gülüstanına çevirməkdədir”.
ŞƏRHLƏR