SÜNNƏ HƏYAT TƏRZİMİZDİR

SÜNNƏ HƏYAT TƏRZİMİZDİR

 “Əgər Sünnə olmasaydı, heç birimiz Quranı başa düşməzdik”. (İmam Əzəm Əbu Hənifə)

Hər bir insan dünyada xoşbəxt və hüzurlu yaşamaq istəyir. Axirət inamı olmayan insanlardan fərqli olaraq müsəlmanlar axirətdə də səadətli həyat arzu edirlər. Hüzurlu həyatın sirli şifrəsi kiminə görə var-dövlət ikən, bəzilərinə görə də mənəvi rahatlıqdır. Bu baxış bucağına görə də hər insan özünə müəyyən meyarlar təyin edir, müxtəlif həyat tərzini mənimsəyir. İnsanlar tarix boyunca “Mən kiməm? Haradan gəlmişəm? Nə üçün varam? Haraya gedirəm?” kimi suallara cavab verərək həyata məna qazandırır, hətta buna görə hədəflər təyin edir.

İslam dini hüzurlu həyatın açarının əxlaqi keyfiyyətlər olduğunu söyləyir. Bu açarın dişləri də Quran və Sünnədir. O sünnə ki, Quranın həyata əks etmiş formasıdır; Quranın təcəssümüdür. Hz. Peyğəmbərin (s.ə.s) şəxsiyyətində həzm olunaraq həyat tərzinə çevrilmiş formasıdır. Hz. Aişə (r.a) Onun (s.ə.s) əxlaqının Qurandan ibarət olduğunu söyləmişdir. Deməli, əxlaqı cücərdən Qurani-Kərimdir. Əxlaqlı olmağın birinci addımı da Hz. Peyğəmbəri (s.ə.s) həyat nizamımıza daxil etməkdən keçir. Çünki dünyanın qibtə etdiyi əxlaq timsalı Həzrət Rəsul: “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm”, - deyir. Odur ki, həm dünyada, həm də axirətdə xoşbəxt olmağın çarəsi Hz. Peyğəmbərin (s.ə.s) əxlaqı ilə əxlaqlanmaq, yəni onun sünnələrini həyat tərzimizə çevirməkdir. Təbii ki, müsəlman hər şeydən əvvəl Onun (s.ə.s) iman dünyasını, könül dünyasını, fikir dünyasını qavramalıdır ki, öz dünyasına əksi düzgün olsun.

Ümumbəşəri dinin peyğəmbərinin həyat tərzi bəzilərinin iddia etdiyi kimi yaşadığı dövrə məxsus deyildir. Həyata onun baxdığı pəncərədən baxmaq hər dövrdə insanları hüzurlu etmişdir və qiyamətə qədər də edəcəkdir.

Sünnəni müəyyən dövrə həbs etməyə və insanların zehinlərindən silməyə çalışanlar çox yaxşı bilirlər ki, dünyadakı müsəlmanları birləşdirən, ümmət şüurunu aşılayan, qardaşlıq duyğularını canlandıran ən əsas amil sünnədir. O sünnə ki, bütün müsəlmanlara bir-birinə salam verdirir, kədərinə və sevincinə ortaq edir, mərhəmət gözünü açır, ac isə doyuzdurur, üstü-başı çılpaq isə geyindirir. Bizi təsbeh dənələri kimi bir arada tutan ip elə məhz sünnədir.

Sünnəni həyat tərzinə çevirə bilən “qəhrəman”ların ailəsində hüzursuzluq, boşanma olmaz; qazandığına və yediyinə naşükürlük gündəmə gəlməz; haqsızlıq onların lüğətində yer almaz; bir loğmasını paylaşmaqdan qorxmaz. Bu qəhrəmanlar sədəqə verərək ömürlərinə ömür qatar, təbəssümlə ətrafına hüzur saçar, özü-sözü bir olaraq insanların etibarını qazanar. Deməli, insanların qibtə etdiyi, hər kəsin nümunə aldığı şəxs olmaq istəyiriksə, yaşayış tərzimizi Hz. Peyğəmbərin həyat tərzinə yaxınlaşdırmalı, hətta eyniləşdirməliyik.

Yaşadılan hər bir sünnə dinə yamanmaq istənən yanlış fikir və yaxud  tərzlərə qarşı “antivirus”dur. Yəni tərk edilən hər bir sünnənin yerini dindən olmayan nə isə doldurur. Bu məsuliyyət duyğusu ilə hər bir müsəlmanın borcudur ki, sünnə əsasında həyatını nizamlasın, onu yaşasın və yaşatsın.

Hz. Peyğəmbərə (s.ə.s)  həyatımıza “müdaxilə etdirmək” Allahın əmridir. Uca Allah özünün razılığının Hz. Peyğəmbərlə (s.ə.s) olan münasibətlə düz mütənasib olduğunu bildirir. Hz. Peyğəmbərə (s.ə.s) itaət Allaha itaətə bərabərdir. Onu (s.ə.s) sevmək Allaha olan sevginin gərəyidir. Odur ki, Quranla yaşamağı iddia edən hər bir şəxs mütləq sünnə yolunu tutmalıdır.  Sünnəsiz din olmayacağı kimi, sünnəsiz müsəlmanlıq da olmaz.

“Məni sevən mənimlə birlikdədir” müjdəsini verən Hz. Peyğəmbər (s.ə.s) əslində sünnənin nə qədər önəmli olduğunu ifadə edir. Cənnətdə onunla birlikdə olmaq hər bir müsəlmanın ən böyük arzusudur. Elə isə sünnəni yaşamaq və həyata əks etdirmək səfərbərliyində hamımız iştirak etməliyik.

Əsri-səadətə nəzər yetirdikdə açıq şəkildə müşahidə edirik ki, sözün əsil mənasında vəhşi cəmiyyəti səadət cəmiyyətinə çevirən “qızıl şifrə” Hz. Peyğəmbərin (s.ə.s) gətirdiyi və tətbiq etdiyi həyat düsturları, yəni sünnələrdir. Daha sonrakı dövrlərdəki İslam dövlətlərində də nə qədər Hz. Peyğəmbərin (s.ə.s) sünnələrinə uyğunluq varsa idarənin də o qədər uzunömürlü olduğu nəzərə çarpır.

İntiharların çoxaldığı, depressiyanın tüğyan etdiyi, israfın artdığı, sekulyarlaşmanın dəbdə olduğu, eqoizmin təşviq edildiyi, insanlar arasında hörmətin azaldığı, mərhəmət duyğusunun sadəcə əsərlərdə qaldığı dövrümüzdə Onun (s.ə.s) şəfqətinə, mərhəmətinə, bağışlayıcılığına, köməksevərliyinə, təvazökarlığına, fədakarlığına, səxavətinə, vəfakarlığına, sədaqətinə, qayğıkeşliyinə, gülərüzlüyünə, cəsarətinə olan ehtiyac danılmazdır. Hər bir müsəlmanın borcudur ki, bu dəyərli xislətləri əyani şəkildə dünyaya nümayiş etdirsin.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz