RƏSULULLAHIN ORUCU
Oruc çox böyük fəzilətləri özündə cəm edən, insani keyfiyyətləri qazanmağa səbəb olan ülvi bir ibadətdir. Oruc ibadəti Uca Allahın əmrinə boyun əyərək dan yeri söküləndən gün batana kimi onu batil edən (pozan) əməl və hərəkətlərdən özünü qorumaqdır.
Allah Rəsulunun (s.ə.s) oruc ibadətinə nəzər saldığımız zaman görürük ki, onun bu ibadəti İslam mədəniyyətində insan yetişdirməyə yönəlik nəfsi və ruhu tərbiyə etməyin bir metodu kimi mühüm bir rola sahibdir. Buna görə də oruc ibadəti bədən ilə yerinə yetirilən ibadətlərin ikincisi olaraq İslamın şərtləri arasında yer almışdır. Allah Rəsulu (s.ə.s) Uca Allahın əmr etdiyi digər ibadətləri yerinə yetirməkdə ciddiyyət göstərdiyi kimi, oruc ibadətində də çox həssas davranmışdır. Ramazana çox ciddi bir şəkildə hazırlaşar, Rəcəb və Şaban aylarında bəzi günləri oruclu keçirər və bu orucları tutmaq üçün səhabələrini də təşviq edərdi. Ramazan ayına daha dinc və aktiv başlamaq lazım olduğunu bildirər və buna görə də Şaban ayının on beşindən sonra oruc tutmağa yaxşı baxmazdı.
Allah Rəsulu (s.ə.s) oruca axşamdan niyyət edər və mütləq sahur yeməyinə qalxardı. Bu haqda belə buyurmuşdur: “Bizimlə əhli-kitabın orucu arasındakı fərq sahur yeməyidir”. (Müslim, Siyam, 46)
Başqa bir hədisində isə sahur yeməyinə diqqət çəkərək belə buyurur: “Sahura qalxın, çünki sahurda bərəkət vardır”. (Buxari, Savm, 20) Qazı İyaz: “Bu bərəkət sahura qalxan şəxsin zikr, namaz, istiğfar kimi əməllərindən ibarət də ola bilər. Çünki insan sahura qalxmasa, bunları edə bilməz” demişdir.
Eyni zamanda Allah Rəsulu (s.ə.s) sahura təşviq etməklə biz ümmətinin sahurun bərəkətindən istifadə edib axşam iftar açıncaya qədər orucumuza dözüm və səbat qazanmağımızı hədəfləmişdir. Yenə bu bərəkətli vaxtda qalxıb dua və ibadət etməyimizi də tövsiyə etmişdir.
Allah Rəsulu (s.ə.s) Ramazanda gün ərzində xeyirxah işlərə davam edər, kimsəsiz, yetim, yoxsul kim varsa onlara yardım etməyə çalışardı. Çünki bu ayda edilən xeyirli əməllər digər aylara görə daha çox savab qazandırır. Allah Rəsulu (s.ə.s) çox comərd və yardımsevər biri idi. Amma Ramazanda daha da comərd olardı. Bu ayda Cəbrayılla (ə.s) tez-tez görüşdüyü üçün xeyir-bərəkət gətirən küləklərdən daha comərd olardı. (Buxari, Savm, 7)
Allah Rəsulu (s.ə.s) ağız sağlığına və təmizliyinə çox diqqət edər, gün boyunca misvakdan (diş təmizləyən ağac) istifadə edərdi. Bundan əlavə, çox Quran oxuyar və Cəbrayılla (ə.s) müqabilə (qarşılıqlı Quran oxuma) edərdi.
Allah Rəsulu (s.ə.s) günəşin batması ilə iftarını dərhal edər, xurma və ya su ilə orucunu açıb axşam namazını qılardı. Ənəs bin Malik (r.a) belə buyurur: “Rəsulullah (s.ə.s) iftarını namazdan əvvəl bir neçə təzə xurma ilə, təzə xurma olmayanda quru xurma ilə, o da olmayanda bir neçə qurtum su ilə açardı”. (Tirmizi, Savm, 10) Əbu Hüreyrə (r.a.) Allah Rəsulundan (s.ə.s) nəql etdiyi bir qüdsi hədisdə Allah-Təalanın belə buyurduğunu bildirir: “Dərgahımda ən çox sevilən bəndələrim iftarı dərhal açanlardır”. (Tirmizi, Savm, 13)
İftarda yüngül yeməklər yeyər, təravih namazı və digər gecə ibadətləri üçün özünü daim gümrah saxlayardı. Ramazan orucunun fərz buyurulduğu ilk vaxtlarda təravih namazını camaatla qılıb onlara göstərmiş, bununla da biz ümmətinə təravih namazının əhəmiyyətini və necə qılınacağını öyrətmişdir. Bir hədisdə belə buyurulur: “Kim inanaraq və savabını Allahdan gözləyərək (Ramazanda) gecə ibadətinə (təravih) qalxarsa, Allah onun keçmiş günahlarını bağışlayar”. (Buxari, Salatut-Təravih, 1)
Allah Rəsulunun (s.ə.s) həsrətlə gözlədiyi məqamlardan, bərəkətli zamanlardan biri də Qədr gecəsi, yəni Ramazanın son on gecəsində olduğu bildirilən mübarək gecə idi. Ramazanın son on gecəsi yetişdiyi zaman ailəsini də xəbərdar edər, hər kəsin bu dəyərli vaxtdan istifadə etməsinə can atardı. Bu gecələrin fəzilətini bizə bildirən bir hədisində belə buyurur: “Kim inanaraq və qarşılığını Allahdan gözləyərək Qədr gecəsini əhya edərsə, Allah onun keçmiş günahlarını bağışlayar”. (Buxari, İman, 25)
Biz də Allah Rəsulunun (s.ə.s) təlim etdiyi Ramazan məktəbindən səmərəli istifadə edək, oruc vasitəsi ilə bədənimizi və ruhumuzu itaətsizlikdən qoruyaraq onları cilovlayaq. Çünki bu təqva cilovu igidlərin qalxanı, Allaha yaxın olanların və xeyirxah insanların qəlblərinin sevincidir.
ŞƏRHLƏR