AĞ QALPAQ GÜNÜ
5 mart Qırğızıstanda “Ağ Qalpaq Günü” kimi qeyd edilir. Həmin gün kişilərə papaq (qalpaq) hədiyyə verilir. Adı qoyulmamış olsa da, 5 mart bir növ “kişilər bayramı” olur. Üç gün sonra da “qadınlar bayramı” gəlir. Qadınlar günü deyil, qadınlar bayramı deyilir. Yeni ili də qeyd edərkən “gün” yox, “bayram” deyilir. Böhranların, müharibələrin, stresin çoxaldığı dünyada süni bayramlar inflyasiyası yaşanır.
Şəhər meydanındakı “Manas Ata” heykəlinin önündə bayram şənliyi keçirildi. Minlərlə tələbə başlarında ağ qalpaqlarla təntənəli yürüş etdi. Aralarında qırğız milli geyimlərində qadınlar və kişilər də var idi. Hətta əlindəki qartal ilə keçiddə iştirak edən “kuşbek” də gördüm. Qartalı əhliləşdirib təlim keçən adama “quş bəyi” mənasında “kuşbek” deyirlər. Qartalı bala ikən tutub ona təlim keçmək və ov üçün ondan istifadə etmək dördayaqlı itə təlim keçməklə birdirmi? Atalarımız deyib ki: “Boğulacaqsansa böyük dənizdə boğul”. Heyvan saxlayırsansa qartal saxla, kuşbek ol. İt saxlayıb, hamster (dağ siçanı) saxlayıb bek (bəy) olanı nə eşitdim, nə də gördüm. Dəri qolbağını qoluma keçirib mən də qartalı qolumda tutdum. Ayaqlarım yerdə olsa da, qartal sanki məni alıb dağların zirvəsinə apardı. Yadıma “İnsan (əxlaqı, həyat tərzi ilə) dostunun dinindədir. Hər kəs dostunun kim olduğuna diqqət etsin” hədisi düşdü. Qartal qırğız və qazax türklərinin dostudur; buna görə də başları dikdir, zirvələri sevərlər. Heç qartal saxlayan, qartalla yatıb qartalla qalxan ilə it saxlayan, itlə yatıb itlə qalxan bir olarmı?
“Qərb” deyiləndə ilk olaraq ağlıma qara şlyapa gəlir. Qütblər mənim üçün bu şlyapadan daha istidir. Ağ qalpaq isə həm rəngi, həm də forması etibarilə gözümə daha xoş görünür. Bu papaq minlərlə yaşı olan qırğız mədəniyyətinin bir parçasıdır. “At, arvad və silah” deyiblər, dördüncüsü də qalpaqdır. Uzun olması “başın dik olsun; başqasının önündə əyilmə ki, papağın düşməsin; Ala-Too (Aladağ, Tanrı dağları) kimi başıuca ol” mənasını daşıyırmış.
Qalpağın keçəyə bənzəyən, amma əsil keçə olmayan parçası Çindən gəlir. Cib telefonları da, elə yeni çıxdığı dövrdən (o vaxt düyməli idi) bəri Çindən gəlir. “Elm Çində də olsa, onu alın” sözünü tərs başa düşüb Çindəki elm və texnologiyadan başqa nə varsa, hamısını alırıq.
Türkiyədə tumdan şabalıda, sarımsaqdan vintaçana, oyuncaqdan şarj adaptoruna qədər hər şey Çin malıdır. Məscidlərimizdəki təsbehdən fəsə, Kəbə maketindən namaz vaxtlarını göstərən elektron lövhəyə qədər hər şey Çindən gəlir. Əyin-başımız, işlətdiyimiz əşyalar bu qədər yad (xarici mənşəli) olduğu müddətdə daxilimiz nə qədər islami qala bilər?!..
Abdullah ibn Məsud həzrətləri belə buyurub: “Əlbisələr bir-birinə bənzəyəndə qəlblər də bir-birinə bənzəyər”. Bu gün təkcə pal-paltar deyil, yeyilən və içilənlər, əyləncələr, mebellər, hətta estetik əməliyyatlar sayəsində dodaqlar, sifətlər də bir-birinə bənzədi. İndi qəlblər necə saf qalsın? Qəlbimizin buddistdən, materialistdən, ateistdən fərqi qalmadı.
Rənglər arasında yarış keçiriblər; bütün rənglər eyni sürətlə kirlənərkən birinciliyə ağ rəng çıxıb. Qlobal mədəniyyətin kirindən, pasından təsirlənməkdə də birinci yer, ağ olduğumuza görə, Muhamməd ümmətinə məxsusdur, başqasına deyil.
Yüzlərlə, bəlkə də, minlərlə adam başında ağ qalpaqla yürüş edir. Dövlət başçısı daxil bütün hökumət nümayəndələri də o gün ağ rəngdə geyinmişdi. Mühüm olan qalpaqdır, yoxsa qalpağın içindəki beyin? Qalpaq geyinmək, saqqal uzatmaq, başı örtmək rahatdır. Bəs ağıl və könül necə islah olacaq? Ağıl və könül necə yolunu tapacaq? Əlhamdulillah, fəsimiz, baş örtümüz, saqqalımız, təsbehimiz, Quranımız Ağ Qalpaq Günü kimi bir dəfəyə məxsus deyil; hər daim bizimlədir.
Bir neçə gün əvvəl Əthəm Cəbəcioğlu xocamız Elm və İrfan Akademiyasının dəvəti ilə Ankaradakı evindən proqrama qatılmış, Bakıdakı, İstanbuldakı və Bişkekdəki könül dostları ilə birgə izləmişdik. Məsafələrin və sərhədlərin qalxdığı bir dünyadayıq. Əvvəllər bir övliyanın eyni anda bir neçə yerdə görülməsi heyrətlə anladılar, kitablarda yer alardı. İstər Allahın, istərsə də şeytanın dostu ol, bu gün eyni anda bir çox ölkədə, bir çox ekranda görünə bilirsən. Havada uçmaq, dənizdə gəzmək, səsi, görüntünü uzaqlara çatdırmaq asanlaşdı. Çətin məsələ namaz qılmaq, qeybət etməmək və halal yeməkdir.
Bəyazid Bəstaminin “cübbəmin içində Allahdan başqası yoxdur” sözü çox müzakirə edilmişdir. Telefon və kompüter ekranlarının qiblə halına gəldiyi günümüzdə ekranlarımızda kimlər və nələr var? Ekranlarımızda və axtarış tarixçəmizdə “Allah və Rəsulunun razı olmadığı heç bir şey yoxdur” deyə bilirikmi? 2020-ci ildə mobil cihazlarla internetdə keçən vaxt ortalaması gündə 4 saat imiş. Bu dörd saat istehsal ilə keçir, yoxsa istehlak ilə? İnternetdə keçən vaxt artdığı halda niyə rüku və səcdələrdə keçən və oxumağa ayrılan vaxt azalır?
ŞƏRHLƏR