RƏSULULLAH OLMADAN QURAN ANLAŞILMAZ
Qurani-Kərimin anlaşılması ancaq Allah Rəsulu (s.ə.s) və ətrafındakı möminlər kimi “eşitdik və itaət etdik” deyərək ayələrdə ifadə edilən ilahi təlimatların tələblərini yerinə yetirməklə mümkündür. Quranda bilmək - anlamaq belə ifadə edilir: “Bilənlər” - istər rəhmətini umub əzabından qorxaraq, istərsə də böyük bir hörmətlə boyun əyərək hüzurunda səcdəyə qapanan, Allahın əmrinə uyğun qulluq borcunu əta edənlər;
“bilməyənlər” isə Allaha qulluqla əlaqəsi olmayan, nəfsinin əsiri olanlardır.[1] Dolayısilə Allahın ayələri qarşısında bilənlərdən ola bilmək üçün saleh əməl və təqva ölçüləri daxilində bildiklərimizlə əməl etmək əlzəmdir. Ayeyi-kərimədə buyurulduğu kimi: “Onlara Rəbbinin ayələri xatırladıldığı zaman bu ayələrə qarşı kar və kor kimi davranmazlar”.[2]
Digər bir ayədə belə buyurulur: “Tağuta (bütlərə) ibadət etməkdən çəkinib Allaha yönələnlərə müjdə vardır. Bəndələrimə müjdə ver! Onlar sözü dinləyər, sonra da onun ən gözəlinə (ən dəyərlisinə, savabı ən çox olanına) tabe olarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Əsil ağıl sahibləri də onlardır”.[3]
Bu ayələrə görə, cənnətlik olan o ağıllı bəndələr dini xüsusda vacib ilə məndub arasında qalsalar vacibi, mübah ilə məndub arasında qalsalar məndubu seçərlər. Rüxsətlə deyil, əzimətlə hərəkət edərlər. Yəni savab baxımından Allah qatında dəyəri daha yüksək olan və Allaha daha çox yaxınlaşdıracaq olan əməli üstün tutarlar.
Ayələrin ifadə etdiyi ən kamil mömin və ən ağıllı insan, əlbəttə, Həzrət Peyğəmbərimizdir. Rəsulullahın (s.ə.s) həyatı Qurani-Kərimin canlı təfsiri mahiyyətini daşıyırdı. Quranda qadağan edilən bütün hərəkətlər onun həyatının xaricində olduğu kimi, oradakı əhkam, əxlaq və ədəblə əlaqəli qaydalar da onun həyatında canlı bir nümunə olaraq sərgilənmişdir. Çünki Haqq-Təala ona vəhy edilən ilahi buyruqları tətbiq etməsi xüsusunda birbaşa təlimat vermişdi. Ondan və ona tabe olanlardan “əmr olunduqları kimi dosdoğru bir həyat yaşamaq (istiqamət üzrə olmaq) və bu yoldan əsla ayrılmamaq” tələb olunurdu.[4]
Hicrətin onuncu ilində Kində qəbiləsinin təmsilçisi olaraq altmış və ya səksən nəfər gələrək məsciddə Peyğəmbərimizin hüzuruna çıxdılar. Rəsulullah (s.ə.s):
- Allah məni haqq din ilə peyğəmbər göndərdi və mənə elə bir kitab endirdi ki, ona nə önündən, nə də arxasından batil qarışa bilməz! – buyurdu. Kində təmsilçiləri:
- Bizə ondan bir az oxuya bilərsən? – dedilər. Rəsulullah (s.ə.s) Saffat surəsinin başından etibarən oxumağa başladı:
“And olsun səf-səf düzülənlərə, bağıraraq qovanlara və Zikri (Quranı) oxuyanlara! Həqiqətən, sizin ilahınız təkdir! O, göylərin, yerin və onların arasındakıların, həm də məşriqlərin Rəbbidir”.[5]
Allah Rəsulu (s.ə.s) bu ayələri oxuyub susdu, hərəkət etmədən dayandı. Gözləri dolmuş, göz yaşları saqqalına doğru süzülməyə başlamışdı. Kindəlilər:
- Biz sənin ağladığını görürük. Səni göndərəndən qorxduğun üçün ağlayırsan? – dedilər. Peyğəmbərimiz:
- Məni qorxuya salan və ağladan səbəb Allahın məni qılıncın ağzı kimi incə və kəskin olan dosdoğru yol ilə göndərmiş olmasıdır ki, o yoldan azca aralansam, həlak olaram, - buyurdu, sonra da: “Əgər Biz diləsəydik, şübhəsiz ki, sənə vəhy etdiyimizi (qəlbindən və yazıldığı yerdən) silib yox edərdik. Sonra buna görə Bizə qarşı özünə heç bir köməkçi də tapa bilməzdin”, - ayəsini oxudu. Bir müddət sonra Kində təmsilçiləri müsəlman oldular.[6]
Rəsulullahın (s.ə.s) oturub-durması, yatıb-qalxması, yeyib-içməsi, səhəri, axşamı, gecəsi, gündüzü kəlmənin tam mənası ilə Quranın buyruqları istiqamətində idi. Necə ki, Quran Allah Rəsulunu ən incə duyğularına qədər təfərrüatı ilə əks etdirir, Rəsulullah da iyimi üç illik risalət həyatı boyunca bütün davranışlarında və hədisi-şəriflərində daim Quran vəhyini əks etdirmişdir. Məhz bu səbəblə də “risalət” Quranla formalaşan bir ömür, Rəsul isə sanki canlı Quran idi.
Dolayısilə Rəsulullahın Quranı təfsir etməsi onun sözlərindən daha çox həyata tətbiqində və əxlaqi davranışlarında ortaya çıxmışdır. Daha doğru bir ifadə ilə desək, Allah Rəsulu Quranı təkcə başa salaraq, izah edərək yox, məhz şəxsən yaşayaraq, həyata keçirərək öyrətmək yolunu seçmişdir.
Bütün bunlarla yanaşı, Rəsulullahın (s.ə.s) Quranla bağlı ən mühüm vəzifələrindən biri də onun məna və məqsədlərini, əmr və qadağalarını söz olaraq doğru bir şəkildə anlatmaq, izah etmək idi ki, bunlar da hədisi-şəriflərdə öz əksini tapmışdır.
Nəticə etibarilə Allahın kəlamı Quran istər məna, istərsə də tətbiq baxımından Rəsulullahın (s.ə.s) həyatına daxil olmuş, onun bütün həyatını əhatə edərək varlığına hakim olmuşdur. O (s.ə.s), Quranla formalaşan bir həyatın ən möhtəşəm abidəsini ortaya qoymuşdur. Peyğəmbərimiz (s.ə.s) olmasaydı, inam, ibadət, əxlaq, saleh əməl, təqva kimi xüsuslarda Quranın heç bir əmrinin layiqli şəkildə anlaşılıb həyata keçirilməsi mümkün olmazdı. Xülasə, Rəsulullah (s.ə.s) Quran vasitəsilə ortaya çıxmış, varlıq göstərmiş və qulluğun zirvəsinə yüksəlmiş, Quran da onunla həyata keçirilə bilmə imkanı əldə etmişdir. Bu ikisi ət ilə dırnaq, ruh ilə bədən kimi bir-birinin ayrılmaz parçaları olmuşdur.
ŞƏRHLƏR