ƏHYA GECƏLƏRİ

ƏHYA GECƏLƏRİ

Bir müsəlmanın gecələri necə əhya edəcəyini Peyğəmbərimiz (s.ə.s) hədisi-şəriflərində bildirməkdədir. Məsələn, yatsı və səhər namazlarını camaatla qılmaq da gecəni əhya etməkdir. Hədisi-şərifdə: “Gecədə bir saat var ki, müsəlman bir kimsənin Allahdan dünya və ya axirətə aid bir xeyir tələbi o saata rast gələrsə, Allah dilədiyini ona mütləq verər. Bu saat hər gecədə vardır”, - buyurulmuşdur. (Müslim, Müsafirin, 166)

O ki qaldı Ramazan gecələrinə; əlbəttə, gecələri əhya edən bir müsəlman üçün Ramazan ayının gecələri də əlinə düşmüş xüsusi vaxtlardır. Çünki gecəsi və gündüzü ilə birlikdə bu ay böyük ibadət mövsümü, cənnəti qazana bilmək üçün əvəzsiz bir fürsətdir.

Bu səbəblə Ramazanın bütün gecələrini fürsət bilərək ən yaxşı şəkildə keçirməyə, əhya etməyə çalışmalıyıq. Otuz gecəsi əhya olunmuş, gündüzləri də oruc tutulmuş Ramazan haqqı verilmiş, qazanılmış bir Ramazandır. Lakin, təəssüf ki, o qədər hədisi-şəriflər içərisindən yalnız bir nəqlə əsaslanaraq bütün fəzilət Ramazanın özəyi olan Qədr gecəsi ilə - 27-ci gecəylə məhdudlaşdırıldı. Və bu niyyətlə otuz günlük Ramazan gecələri içindən yalnız biri əhya olunmağa başlandı. Ancaq bizdən istənən Ramazanın bütün gecələrinin sanki Qədr gecəsiymiş kimi keçirilməsi, əhya olunmasıdır.

Ramazan gecələrinin əhyası bağışlama səbəbidir. Rəsulullah (s.ə.s): "Kim inanaraq və savabını Allahdan umaraq Ramazan gecələrini əhya edərsə, keçmiş günahları bağışlanar" - buyurmuşdur. (Buxari, Təravih, 46)

Bu səbəblə əshabi-kiram (r.anhum) Ramazan gecələrində uzun-uzun ibadət etməyi vərdiş halına gətirmişdi. Rəsulullah (s.ə.s) Ramazanda məscidin bir kənarında namaz qılan bir qrupa rast gəlmişdi:

– Bunlar nə edir? - deyə soruşdu.

– Bunlar əzbərlərində çox Quran olmayan kəslərdir. Übey bin Kab (r.a) onlara namaz qıldırır! - dedilər. Peyğəmbərimiz (s.ə.s):

– Düz ediblər, nə qədər gözəl və yaxşı bir şey edirlər! - buyurdu. (Əbu Davud, Ramazan, 1/1377)

Übey bin Kab (r.a) belə deyir: “Ramazanda (təravih) namazından ayrılıb, xidmətçilərdən tələsik sahur yeməyi gətirmələrini istəyərdik, çünki vaxtın çıxmasından qorxardıq”. (Muvatta, əs-Salat fir-Ramazan, 7)

Demək ki, özlərini namaza verincə, səhərə qədər ondan ayrıla bilmir, ancaq imsak vaxtı yaxınlaşanda fasilə verir və yeməklərini yeyirdilər. Bir də Übey bin Kab gözəl Qurani-Kərim oxuması ilə məşhur olan səhabədir. Bu səbəblə insanlara Ramazan gecələrində Quran ziyafəti də verirdi.

Hz. Aişə anamızın (r.anhə) xəbər verdiyinə görə, Rəsulullah (s.ə.s) Ramazan ayında ibadət barəsində digər aylarda görülməyən bir səy içərisində olardı. Ramazanın son on günündə isə, özünü daha çox ibadətə verərdi. Bu günlərdə gecəni əhya edər, ailəsini oyandırardı. (Buxari, Fazlu Leylətil-Qadr, 5)

Allah-Təala zamanını gizli saxladığı üçün Hz. Peyğəmbər (s.ə.s) və səhabələr Ramazanın son on günündə etikafa girərdilər. Bu, Allah Rəsulunun (s.ə.s) sünnəsi idi.

Ramazan gecələrini əhya etmək hər müsəlmanın mənfəətinə olan bir davranışdır. Çünki Ramazan ayı Quran və ibadət ayı olduğuna görə gündüzləri oruclu olan insan gecələri də mələyani (boş, faydasız işlər) ilə keçirmədən, gündüz tutduğu orucun savabını yox edəcək davranışlardan uzaq durmalıdır. Bunun üçün də Ramazan ayında insan hər yönü ilə özünü hesaba çəkməlidir. Etdiyi gözəl işlərə davam etməli, etməməli olduğu halda etdiyi yanlış işlərdən də vaz keçib, peşman olub, tövbə etməlidir. Yəni yenidən doğulmaq üçün Ramazan ayını və gecələrini hər qul fürsət bilməlidir. Çünki bu bizə son fürsət ola bilər. Bilmirik ki, ömrümüzdə bundan başqa Ramazan ayını yaşama şansımız varmı?! Dönüb geriyə baxdığımızda görürük ki, keçən illər aramızda olduğu halda bu il, bu üç aylarda və bu Ramazanda aramızda olmayan neçə tanışımız, yaxınımız var...

Ramazanı ən gözəl şəkildə əhya etmək, həm özümüzə, həm də ümməti-Muhammədə xeyirlərə vəsilə olması dua və niyazı ilə.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz