HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ - 16

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ - 16

Yunus Əmrə həzrətləri buyurur:

Yedi dəniz və dörd irmaq səni mismil[1] eyləməyə

Çünki işin o Haqq ilə olmadıysa qaldın iraq[2]

Haqq dostları hər bir halda Allah-Təala ilə bərabərlik iqlimində yaşayarlar. Onlar hər an ilahi kameraların müşahidəsi altında olduqlarının fərqində olarlar. Bu şüur və hissiyyatla etmiş olduqları ibadət və əməlləri də Allah-Təalanın riza və məhəbbətinə vəsilə olar.

Bunun əksinə, Haqq-Təaladan qafil yaşanan bir həyatsa ən böyük zərərdir. Bu fani imtahan aləminə haradan və nə üçün gəldiyini, kimin mülkündə yaşadığını, kimin verdiyi ruzi ilə dolandığını, sonda kimin hüzuruna qayıdacağını bilməyən bir insan zahirən nə qədər elm sahibi olsa da ən böyük hikmət və həqiqətdən məhrum qalmış sayılar.

Allah-Təala qullarına peyğəmbərlər və kitablar göndərmiş, bu kainatı varlıq və birliyinə nişanə sayılan saysız-hesabsız ayələri ilə bəzəmiş, insanı idrak baxımından məxluqatın ən üstünü qılmışdır.

Buna baxmayaraq saysız nemətləri ehsan edən Allahdan qafil yaşamaq necə də böyük qəlb korluğudur. Dünya adı verdiyimiz bu qonaq evində yerli ədası ilə yaşayaraq ətrafındakı ibrət tablolarına kor olanların axirətdə əbədi korluğa məhkum olacaqlarını ayeyi-kərimə belə xəbər verir:

Bu dünyada (qəlbi) kor olan kimsə axirətdə də kor olacaq və haqq yoldan daha çox azacaqdır”. (əl-İsra, 72)

Bu səbəblə əməlisaleh möminlər nəfəs alıb-verəcək qədər də olsa Haqq-Təaladan qafil qalmamaq üçün daima zikr halında yaşamağa çalışarlar. Bu fəzilətli hal onların ibadətində, əxlaqında, gündəlik rəftarında, bir sözlə, həyatlarının bütün mərhələlərində öz əksini tapar.

Allah-Təalanın da biz bəndələrindən istədiyi məhz belə bir “ehsan” şüuru ilə yaşamağımızdır. Yəni biz Rəbbimizi dünya gözümüzlə görməsək də O hər an bizi görür. O, bizim hər halımızdan xəbərdardır. Qəlbimizdən keçənləri də bilir. Bu şüur və idrakı qəlbimizə elə nəqş etməliyik ki, əsla oradan silinməsin.

Çünki bu “ehsan” şüurumuz hansı səviyyədədirsə, ibadətlərimizi məqbul qılan tədili-ərkana da o qədər riayət edər, xüşu halını o nisbətdə yaxalaya bilərik.

Məsələn, oruc ibadəti bizə Allahın nemətlərinin qədrini bilməyi, şükrümüzü artırmağı, Onun ac və möhtac qullarına qarşı daha mərhəmətli olmağı təlim edir. Beləliklə də Allaha yaxınlığımızı artırır.

Zəkat, sədəqə və infaq ibadəti Allahın ehsan etdiyi nemətləri Onun qulları ilə paylaşarkən ikramlarımızın möhtacın əlinə keçmədən Allahın qüdrət əlinə keçəcəyi düşüncəsi ilə böyük bir ədəb, nəzakət və hörmət duyğuları içində olmağımızı təlqin edir.  

Ehramla birlikdə kəfən iqliminə girərək əda edilən həcc ibadəti də Allahın dəvətinə “ləbbeyk / buyur, ya Rəbb” nidaları ilə cavab verməkdir. Orada Allah-Təalanın müstəsna əfv, rəhmət, məğfirət, yaxınlıq və lütf təcəllilərinə qovuşmaqdır. Həzrət Mövlananın məcazi olaraq ifadə etdiyi kimi:

“Həccə gedənlər orada Kəbənin sahibini axtarsınlar. Onu tapandan sonra Kəbəni hər yerdə görə bilərlər”.

Həcc ibadəti də Haqq-Təala ilə bərabərliyi qəlbə nəqş edə bildiyimiz nisbətdə məqbul olar.

Həmçinin Rəbbimizlə bərabərlik hissimizin səviyyəsinə görə qəlb və bədən ahəngi içində rüku və səcdə edə bilərik.

Lakin bu şüur yoxdursa – Allah qorusun – ibadətlər dəyərsiz əski kimi insanın üzünə çırpılar. Hədisi-şərifdə belə buyurulur:

“Xüşu içində qılınmayan, rüku və səcdələri kamil formada yerinə yetirilməyən bir namaz (axirətdə) qapqara, zülmət bir qaranlıq halında ortaya çıxaraq sahibinə: “Sən məni hədər etdiyin kimi Allah da səni hədər etsin!”- deyəcək. Allahın istədiyi zaman gəldikdə bu şəkildə qılınan namazlar köhnə paltar kimi yumurlanıb sahibinin üzünə çırpılacaq”. (Təbərani, əl-Mucəmul-Əvsat, III, 263/3095)

Necə ki, Allah-Təala da:

“Vay o namaz qılanların halına ki, Onlar namazlarına səhlənkar yanaşırlar” (əl-Maun, 4-5) buyurur.

Yəni bədəni qibləyə çevirdiyimiz halda qəlbin qəflət məcralarında dolaşması Allah-Təalanın qəzəbini cəlb edər, ibadətin feyz və ruhaniyyətinə zəhər saçar.

Mövlana həzrətlərinin bu xəbərdarlığı da çox mühümdür:

“Ağlını başına al, namazdan sadəcə zahiri deyil, mənəvi olaraq da istifadə etməyə bax! Dən yeyən quş kimi Allahın böyüklüyündən bixəbər halda başını yerə qoyub-qaldırma!”.

Haqq-Təala sonsuz qüdrəti ilə hər an bütün məxluqatının yanındadır. Əsas məsələ bizim Onunla nə qədər bərabər ola bilməyimizdir. Çünki Allah ilə bərabərlik üfüqünə könlümüz nə qədər sahibdirsə, ibadətlərimiz də o nisbətdə səviyyə qazanar. Allahla bərabərlik şüuru ilə görülən kiçik bir əməl belə Haqq qatında dağlar qədər böyük olsa da Allahdan qafil qalaraq edilən heç bir işdə xeyir olmaz.

Bu cür qafil bir qəlbin qıldığı namaz ruhsuz, verdiyi sədəqə boş, etdiyi dua qarşılıqsız, etdiyi tövbənin özü tövbəyə möhtacdır.

Bu qissə sözünü etdiyimiz həqiqəti necə də gözəl izah edir:

Leylinin eşqi ilə səhralara düşən Məcnun fərqində olmadan namaz qılan bir adamın qarşısından keçir. Salam verib namazını bitirən adam hiddətlə söylənməyə başlayır:

“Ey qafil, bilmirsənmi namaz qılan adamın qarşısından keçməzlər?”

Məcnun bu cavabı verdi:

“Mən Leylanın eşqindən heç səni görmədim. Bəs sən hüzurunda namaza durduğun Allahın eşqindən məni necə görə bildin?”

Namazdakı xüşu halının əhəmiyyətinə dair Allah-Təala belə buyurur:

“Həqiqətən, möminlər nicat tapmışlar; O kəslər ki, namazlarında xüşu içindədirlər…” (əl-Muminun, 1-2)

Həzrət Peyğəmbər r də namazın xüşu ilə qılındığı nisbətdə qəbul ediləcəyini belə xəbər verir:

“Bir adam namazını qılıb tamamlayar, ona ancaq namazının onda biri, doqquzda biri, səkkizdə biri, yeddidə biri, altıda biri, dörddə biri, üçdə biri və ya yarısı yazılar”. (Əbu Davud, Salət, 123-124/796; Əhməd, IV, 321)

Başqa bir rəvayətdə də belə buyurulur:

“Namazdan adama yalnız qəlbinin hazır olduğu qədəri yazılar”. (Süheyli, Ravdul-Unf, II, 208)

Xülasə, ibadətlərdən əldə edəcəyimiz fayda yalnız özümüzü ilahi hüzurda görərək xüşu içində əda etməyimizə bağlıdır. Bu halı əldə edə bilmək üçün də Rəbbimizin qəzəbini cəlb edən bütün haramlardan, kərahətlərdən və şübhəlilərdən uzaq durmalı, Onun rizasını cəlb edəcək bütün vasitələrdən möhkəm yapışmalıyıq.

İbadətlərimizin Allah qatındakı məqbulluq dərəcəsini görmək istəyiriksə, günahlardan nə qədər uzaq durduğumuza, savablara da nə qədər can atdığımıza baxmamız kifayətdir.

Yunus Əmrə həzrətləri buyurur:

Su nə qədər arıda, çün yavuz[3] huyun bilə

gər bizi pak edə Haqdan inayətimiz.[4]

İnsanın bədəni su ilə təmizlənər. Lakin qəlbi təmiz saxlaya bilmək, əxlaq və xasiyyət baxımından təmiz mömin ola bilmək həm insanın səylərinə, həm də Allah-Təalanın lütf-kərəminə bağlıdır.

İstanbulun qədim hamamlarından birinin kitabəsində belə bir mənalı beyt yazılmışdı:

Tinətin napak isə, xeyr umma sən gərmabədən,

Öncə təthiri-qəlb et, sonra təthiri-bədən!

Yəni “Tinətin pisdirsə, bədxasiyyət bir adamsansa, hamamdan bir xeyir gözləmə! Əsil təmizlik istəyirsənsə, əvvəlcə qəlbini təmizlə, sonra bədənini…”

Allah-Təala ayeyi-kərimələrdə belə buyurur:

قَدْ اَفْلَحَ مَنْ زَكّٰيهَا

“Nəfsini günahdan təmizləyən nicat tapmışdır”. (əş-Şəms, 9)

قَدْ اَفْلَحَ مَنْ تَزَكّٰىۙ

“Günahlardan təmizlənən qurtulacaqdır”. (əl-Ə’la, 14)

Əbədi qurtuluşa vəsilə olacaq məqbul bir qulluq həyatı üçün möminin daxili aləmini mənəvi ləkələrdən, mənfi təmayüllərdən, çirkin hal və vəsflərdən, günah və üsyanların kirindən təmizləməsi zəruridir.

Çünki Allah-Təalanın razı qalmadığı pis əməllərə qurşanan, günah və qəflətə yoluxan tənbəl bir könüllə mənəvi zirvələrə çıxmaq mümkün deyil. Qəlbi kəsafətlə lətafət iqlimlərində yol qət etmək mümkün deyil.

Ona görə də qəlbimizin təsfiyəsi və nəfsimizin təzkiyəsi üçün həm çalışmalı, həm də bu xüsusda bizi müvəffəq etməsi üçün Allaha dua etməliyik.

Əməlisaleh bir mömin heç vaxt:

“Necə də olsa qəlbim təmizdir” deyərək özünü nicat tapmışlardan görməməlidir. Özünü fanilərin nəzərində deyil, Allahın qatında təmizə çıxarmağın dərdində olmalıdır. Yəni qiyamət günü Məhkəmeyi-Kübrada bəraət alaraq Allahın təzkiyəsinə nail ola bilməyi ən böyük qayə bilməlidir. Cəmiyyətdəki qafillərin halına baxaraq özünü bəyənmə qəflətindən çəkinməlidir.

Çünki Allah-Təala belə buyurur:

“…Ona görə də özünüzü təmizə çıxartmayın! Allah günahlardan çəkinəni və Ondan qorxanı yaxşı tanıyır”. (ən-Nəcm, 32)

Həmçinin ayeyi-kərimədə buyurulduğu kimi Həzrət Yusuf u da belə demişdir:

“Mən nəfsimi təmizə çıxarmıram. Həqiqətən, nəfs şiddətli şəkildə pis işlər görməyi əmr edər…” (Yusuf, 53)

Xülasə, nəfsimizi təzkiyə edə bilmək üçün hər şeydən əvvəl Allahın yardımına möhtacıq. Bu məsələdə bizə düşən Allahın əmrlərini səmimiyyətlə yerinə yetirib qadağalarından da həssaslıqla çəkindikdən sonra Onun geniş rəhmət və məğfirətinə sığınmaqdır.

Bu hədisi-şərif nə qədər mənalıdır:

Rəsuli-Əkrəm r bir dəfə belə buyurdu:

“Onu bilin ki, heç biriniz işlədiyi əməli sayəsində qurtuluşa çatmaz”. Səhabələr:

“Siz də qurtula bilməzsiniz, ey Allahın Rəsulu?” deyə heyrətlə soruşdular.

Peyğəmbərimiz r bu cavabı verdi:

“(Bəli) mən də qurtula bilmərəm. Ancaq Allah rəhmət və kərəmi ilə məni bağışlayarsa, o başqa!” (Müslim, Münafiqin, 76, 78)

Bu qəbildən Peyğəmbərimizin r sevimli qızı Həzrət Fatiməyə etdiyi bu xəbərdarlıq da çox ibrətlidir:

“Ey Rəsulullah Muhammədin qızı Fatimə! Allah qatında məqbul olan saleh əməllər işlə! Çünki mən, (qulluq etməyəcəyiniz təqdirdə) sizi Allahın əzabından qurtara bilmərəm!” (İbn Sad, II, 256; Buxari, Mənaqib, 13-14)

Deməli, qulluq səylərindən uzaq qalanların söylədiyi “Mənim imanım güclüdür, qəlbim təmizdir…” kimi sözlər qəflət və cəhalətdən başqa bir şey deyil.

Abdulqadir Gilani həzrətləri belə buyurur:

“İnsanın daxili təmizdirsə, bunun zahirinə də əks etməsi lazımdır. Daxili təmiz olan bir adamdan gözəl və faydalı davranışlar zühur edər. Daxili kirli olan, mənfi təmayül və duyğulardan təmizlənməmiş bir adamdan da pis, çirkin və zərərli davranışlar zühur edər...” (əl-Fəthur-Rəbbani, s. 574)

Şairin “Ayinəsi işdir kişinin, lafa baxılmaz” sözü kimi, insanın hal və davranışları onun daxili aləminin güzgüsüdür. İnsanın qəlbi təmizdirsə, bu təmizliyin ibadət, müamilət, gözəl əxlaq, qul haqqı və təqva həssasiyyəti olaraq həyatına əks etməsi lazımdır.

Haqq-Təala buyurur:

“İnsanlar imtahana çəkilmədən yalnız: “İman gətirdik!” - deməklə onlardan əl çəkiləcəyinimi hesab edirlər?!” (əl-Ənkəbut, 2)

İslam həyatın heç bir mərhələsini boş buraxmadan bütün ömrü tənzimləyən böyük bir nizamdır. Əməlisaleh bir mömin ola bilmək üçün nə bahasına olursa-olsun, bu nizamdan çıxmamaq lazımdır. Qarşıya çıxan imtahanlara da iman gücü ilə səbir etmək lazımdır.

Ona görə də möminlər olaraq həm ilahi əmr və qadağalara həssaslıqla riayət etməli, həm də Allahdan qulluğumuzun qəbulunu niyaz etməliyik. Dualarımız kimi bütün əməllərimizin də Allah-Təalanın qəbuluna möhtac olduğunu yaddan çıxarmamalı, heç bir zaman qəflət və səhlənkarlığa düşməməlyik.

Elm və irfanda “Günəşlər Günəşi” adlandırılan böyük Allah dostu Xalid Bağdadi həzrətləri yazdığı məktubların birində bu xüsusu belə dilə gətirir:

“…Allaha and olsun ki, anam məni dünyaya gətirdikdən bu günə qədər Allah qatında məqbul və mötəbər sayılıb hesaba çəkilməyəcək hər hansı bir xeyir əməl işlədiyimə inanmıram”.

Şübhəsiz ki, həssaslıqla saleh əməl işləməyə davam edən o mübarək zatı bu hissiyyata sövq edən, Allahın hüzurunda yaşadığı “heçlik” halı idi. Necə ki, Xalid Bağdadi həzrətləri belə buyurduqdan sonra deyir:

“Əgər öz nəfsini bütün xeyir işlərində müflis olmuş görmürsənsə, bu, cəhalətin ən son nöqtəsidir. Əgər iflas etmiş kimi görürsənsə, Allahın rəhmətindən də ümidsiz olma. Çünki Allah-Təalanın fəzl və kərəmi bir bəndə üçün insanların və cinlərin (bütün saleh) əməllərindən daha xeyirlidir…

Şeytanın ağılları ilə oynadığı kəslər kimi Allah-Təalanın fəzlinə güvənərək əsla ibadətlərə səhlənkar yanaşma!..” (Məktubati-Mövlana Xalid, 28-ci Məktub)

Lakin bəziləri bu qəflətə düşür:

“Nə də olsa, Allah mərhəmətlidir, əfv edər” deyib qulluq vəzifələrinə lazımi həssaslığı göstərməz, haramlardan və pis əməllərdən layiqincə çəkinməzlər. Halbuki Allah-Təala belə xəbərdarlıq edir:

“Ey insanlar, Rəbbinizdən çəkinin! Nə atanın oğula, nə də oğulun ataya fayda verə biləcəyi bir gündən qorxun! Şübhəsiz ki, Allahın vədi haqdır. Dünya həyatı sizi əsla aldatmasın. Şeytan da sizi Allahla (Allahın mərhəmətinə arxayın edərək) aldatmasın!”. (Loğman, 33)

Yunus Əmrə həzrətləri buyurur:

Eşit sözümü ey qafil, danla[5] səhər vaxtında dur

Öylə buyurmuş ol kamil, danla səhər vaxtında dur.

Yatanların yatlı[6] halı, heç nəsnəyə erməz əli

Səhər əsər rəhmət yeli, danla səhər vaxtında dur.

Rəbbimiz səhər vaxtlarına müstəsna sirlər, hikmət və feyzlər lütf etmişdir. Çünki gecənin bir yarısı şirin yuxusundan qalxaraq isti yataqlarını tərk edərək Allahın hüzuruna can atmaq, Onun riza və məhəbbətini cəlb etməsi səbəbi ilə müstəsna bir rəhmət vəsiləsidir. Ona görə də Haqq dostları və saleh möminlər günün bu saatını əhya etməyi mühüm bir adət halına gətirmişlər.

Həzrət Peyğəmbər r də belə buyurmuşdur:

“Gecə qalxmağa səy göstərin! Çünki o, sizdən əvvəlki əməlisaleh insanların adəti və Allaha yaxınlıq vəsiləsidir. (Gecəni ibadətlə əhya etmək) günahlardan uzaqlaşdırar, xətalara kəffarə olar və bədəndən dərdləri aparar”. (Tirmizi, Dəavat, 101/3549)

Allah-Təala ən böyük rəhmət və məğfirət qapılarını səhər vaxtları açar. Bu səbəblə səhərlər tövbə-istiğfar və duaların ən çox qəbul olduğu qiymətli zamanlardır. Bu barədə hədisi-şərifdə belə buyurulur:

“Gecədə bir saat (an) var ki, müsəlman olan bir adamın Allahdan dünya və axirətlə əlaqəli hər hansı bir istəyi o saata tuş gələrsə, Allah ona istədiyi şeyi mütləq verər. Həmin saat (an) hər gecədə var”. (Müslim, Müsafirin, 166)

Amr bin Abəsə t da belə nəql edir:

“- Ey Allahın Rəsulu, zamanlar içərisində Allaha yaxınlıq baxımından digərlərinə nisbətən daha fəzilətli olan vaxt varmı?” – deyə soruşdum.

- Bəli, Rəbbin qula ən yaxın olduğu vaxt gecənin son qisminin ortasıdır. Əgər həmin vaxt Allahı zikr edənlərdən olmağa gücün çatırsa, bunu et! Çünki namaz (o saatda) məşhuddur (mələklər həmin vaxt hazır dayanıb şahidlik edərlər) – buyurdu”. (Nəsai, Məvaqitus-Salət, 35)

Xacə Əli Ramitəni g də belə buyurur:

“Üç qəlb birləşdiyi zaman, mömin qulun arzusu həyata keçər: Möminin qəlbi, Quranın qəlbi Yasin surəsi və gecənin qəlbi səhər vaxtları”.[7]

Səhər vaxtına və gecə ibadətinə göstərilən rəğbət könüllərdəki ilahi məhəbbətin də göstəricisidir. Bu səbəblə də Xalid Bağdadi həzrətləri:

“İslamla şərəflənən bir insan necə ola bilər ki, bütün gecəni yuxuda keçirib Allahın əmanətini mühafizə etməsin?!” Allah-Təalanın bizə ən mühüm əmanətlərindən biri səhər vaxtlarında qalxıb qiyama durmaqdır”. buyurmuşdur.[8]

Fikirləşməliyik ki, gecə saat dörddə təyyarəyə biletimiz olsa, ona görə hazırlıq görər, erkən yatar, vaxtında oyana bilmək üçün saatı qurar, hətta yaxınlarımıza bizi oyandırmalarını söyləyərik. Bir sözlə, həmin vaxt yuxudan durmaq üçün əlimizdən gələni edərik. Yatıb təyyarəni qaçırsaq, buna çox pis olar, özümüzü bağışlamarıq.

Qəlbi həyatımız üçün böyük qənimət olan səhər vaxtını yuxuda keçirmək, beləcə o bərəkətli zamanı fövtə vermək böyük mənəvi itkidir.

Unutmayaq ki, keçən hər gün ömür təqvimindən qoparaq düşən bir səhifədir. Gecələr və gündüzlər durmadan bir-birini təqib edir. Səhərin bərəkəti gecəni qəflətlə keçirənlərin üzərindən eynilə dənizə, səhraya və daşlıq əraziyə yağan yağışın hədər olması kimi keçib gedir.

Qurani-Kərimin bir çox ayəsində peşmanlıq mənzərələri olan “kaş ki”lərdən xəbər verilir. Yəni axirətdə insanın dünyada ikən əldən verdiyi fürsətlərə görə yaşayacağı peşmanlıqlardan xəbər verilir. Mənəvi xəzinə sayılan səhər vaxtlarına biganə qalanlar da gözlərini qiyamət gününə açanda əldən çıxan o böyük fürsət dəmlərinə görə dərin həsrət çəkəcəklər.

Rəsulullah r -in bəyanına görə:

“…Anası Süleyman u-a belə demişdir:

- Oğlum, gecələr çox yatma. Çünki gecə çox yatmaq qiyamət günü adamı kasıb hala salar”. (İbn Macə, İqamətus-Saləh, 174)

Ona görə də Haqq aşiqlərinin nəzərində ibadətdən uzaq keçirilən səhər vaxtları həyatın hicran dəmləridir.

İnsan maddi aclığını əsasən gündüz vaxtı təmin edir. Lakin ruhun ən qiymətli qidası səhər vaxtlarının mənəvi ziyafətində ikram olunur.

Mömin səhər vaxtı ruhunu gözəl bir şəkildə doydurmalıdır ki,

- Günə mənəvi olaraq güclü başlasın.

- Nəfsin tələlərinə qarşı müqaviməti olsun.

- Şeytanın tələlərinə qarşı ayıq-sayıq olsun.

- Özünü günahlardan qoruya bilsin.

Bu gün yayılan xəstəliyə qarşı qoruyucu peyvənd vurulduğu kimi biz də səhər vaxtının feyz və ruhaniyyəti ilə özümüzü günah viruslarından qorumağa çalışmalıyıq.

Allah-Təala hər birimizi bu dünya həyatında gün və gecələrini qəflətlə israf etməkdən qorusun. Xüsusilə biz aciz qullarına içində olduğumuz üç aylar iqliminin feyz və ruhaniyyətindən layiqincə istifadə edə bilən bəxtiyar qullarından ola bilməyi nəsib etsin.

Amin!..

 

 


[1] Mismil: Təmiz, pak, duru.

[2] İraq: Uzaq, uzaq qalmaq.

[3] Yavuz: (qədim türk dilində) azğın, yaramaz, pis. (Sonradan yaman, güclü mənalarında işlənmişdir.)

[4] İnayət: Yardım, lütf, mədəd.

[5] Danla: Dan vaxtı, səhər vaxtı.

[6] Yatlı: Pis.

[7] Muhamməd Parsa, Muhamməd Bəhaəddin həzrətlərinin Söhbətləri, tərc. Necdet Tosun, İstanbul 1998, s. 60.

[8] Hani, Hədaiq, s. 697.

 

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz