Uşaqlarımıza Allahı Necə Tanıtmalıyıq -II
Bəzi psixoloqlar 2 yaşı ömrün “səadət illəri” adlandırırlar. Çünki uşaq bu yaşdan etibarən danışmaq və gəzə bilmək kimi iki mühüm qabiliyyəti qazanmışdır. Körpəliyi arxada qoyan uşaq artıq ətarafıyla maraqlanır, hər şeyə və hər yerə əl uzadır. Durmadan danışır, yorulmadan suallar verir. Gördüyü hər əşyaya sahib çıxmaq istəyir, evdə əlinə keçən kitabların vərəqlərini oxuyurmuş kimi vərəqləyir, əlinə qələm keçdiyində isə bədənini və evin divarları daxil hər yeri yazır.
Bu yaşda uşaq əsasən daha duyğulu olduğundan düşüncələrində ağıldan az istifadə edir. Məsələn, iki adamla rastlaşdığında onlardan hansı ona sevgi bəsləyərsə, ona yaxınlaşır.
2-3 yaş arasında keçici bir dönəm uşaqda inadkarlıq və nadinclik müşahidə olunur. “Sərkeşlik mərhələsi” kimi adlandırılan bu zaman dilimində uşaq böyüklərin sözünü dinləmir, hətta deyilənin tərsini edir. Özünə məhdudiyyət qoyulduğunda isə hirslənir, ağlayır. Uşağa qarşı tətbiq edilən ifrat dərəcədə nizam-intizam onu daha da üsyankar edir. Bu yaşda meydana gələn vərdiş və böhranlar isə sonrakı illərdə inadkarlığa çevrilir.
Bu yaşın müsbət yönünə nəzər etsək görərik ki, uşaq enerjili, maraqlanan və çox hərəkətlidir. Qısacası güclü bir mənlik duyğusu qazanır.
“Sərkeşlik mərhələsi” bitən kimi, yəni 3 yaşından etibarən ana-ata və ətrafını razı salan davranışlar sərgiləyəcək, ayrıca, gözləməyi və kömək etməyi bacaracaq. Bu yaşda uşağın cizgi filmlərinə, hekayə və nağıllara marağı artar. Təlim-tərbiyə yönümlü müəyyən qaydaların aşılanması üçün bu yaş ən uyğun zamandır.
Uşağa danışılan dini hekayə və mənqibələr onun xəyal gücünü və duyğularını oyandırdığı kimi, əşyanın içində və mavərasında gözlə görülməyən qüvvətlərin olduğu düşüncəsinin inkişafını sürətləndirəcəkdir. Nəticədə, “Allah kimdir, nədir, necədir, nə qədər böyükdür?” kimi suallar verərək xəlq edən gücü aramağa başlayacaqdır. Məsələn, “-Ata! Allah bu ağac qədər böyükdür?” -kimi suallar verə bilər.
İlk uşaqlıq dövrünün ikinci mərhələsini təşkil edən 4-6 yaş arsında uşaq bir sıra eniş və çıxışların təsiri altındadır. Onda “biz” məfhumu yavaş-yavaş formalaşmağa başlayır, sosial olmağa doğru addımlayır. Yoldaşları ilə yola getməsə belə, yoldaşlıq etmək onun üçün mühümdür.
Bu yaşdakı uşaqlar tez-tez nə edəcəyini bilmir, vurur, təpik atır, söyüş söyür, hökm etməyə çalışır. Onun xəyal gücündə də irəliləmə nəzərə çarpır, çox zaman xəyal ilə həqiqəti qarışdırdığına görə, anası tərəfindən yalançılıqla ittiham edilir.
Gördüyü əşyaların özünə aid olduğuna inanır, buna görə də qonşunun evində oynadığı oyuncağı gedərkən özü ilə aparmaq istəyir.
5 yaş “qızıl dövr” olaraq tanınır. 4 yaşındakı uşaq çəkdiyi rəsmi bitirənədək nəyin rəsmi olduğunu bilmədiyi halda, 5 yaşındakı uşaq nə edəcəyini əvvəldən düşünür və bunu bitirməyə çalışır. Anası hələ də onun üçün hər şeydir. Dolayısıyla, beş yaşından etibarən uşağın qəlbinə xitab etmək və ondan bəyənilən davranışlar tələb etmək mümkündür.
İlk uşaqlıq dövrünü maksimum 8 yaşa kimi götürsək, qızlar üçün analar, oğlanlar üçün də atalar ən güclü və ən bacarıqlı insanlardır.
Bu illərin dini yönünə nəzər etsək, dini kəlmələrin çoxunu anlamaz, sadəcə təkrar edərlər. Dua onlar üçün uşaqlıq arzularının yerinə yetirilməsi üçün baş vurulan bir yoldur. Allahı isə eynilə ana-atası kimi, bir şey istəyincə yerinə yetirən kəs kimi tanıyar.
Bu mərhələdə uşaqdan bir məscid şəkli çəkməsi istənilməli və beləcə oyun oynayarkən ona məscid tanıdılmalıdır. Dua məktəb öncəsi təhsildə mühüm yer tutur. Uşaqlara sevdirərək az-az kiçik dualar, kiçik surələr və ilahilər əzbərlədilməlidir. Bu sayədə onları Allaha yaxınlaşdırmağa nail olmaq mümkündür.
Gəldik son uşaqlıq dövrünə; 6 yaşdan başlayır 11-12 yaşa qədər davam edir. Fərdi fərqliliklər səbəbilə bu yaş dövrləri barəsində ümumi ifadələr işlətmək çətin olsa da, mühüm yaş dövrü olduğuna görə, diqqət yetirməyi labüd edir.
Bu yaşlarda müəyyən idrak gücünü işlədə bilən uşaq danışar, qərar verib nəticə çıxarmağa başlayar. Zehnini işlədərək yaxşını pisdən ayırmağa cəhd edər. Valideynlər tərəfindən özünə sərf edilən çalışmalar nəticəsində konkret əşyalardan və xəyaldan sıyrılaraq mücərrəd qavram və həqiqətləri anlamağa başlayarlar.
Son uşaqlıq dövrünün başqa bir adı da “öyrənmə dövrü” dür. Elə isə uşaq bu yaşdan etibarən sistemli bir təlim-tərbiyəyə əqlən və ruhən hazır hala gəlmişdir. Hz. Peyğəmbərin “Uşaqlarınıza yeddi yaşdan etibarən namaz qılmağı əmr edin ...”[1] ifadəsi bu həqiqəti ortaya qoymaqdadır. Demək ki, hər bir valideyn xüsusilə bu dövrdən uşağına namaz, surə və duaları öyrətməlidir. Ancaq unutmamalıdır ki, təlim əsnasında uşağa İslamın əsas prinsipləri olan səbir, sevgi və şəfqət kimi ülvi hisslərlə yanaşmaq lazımdır. Yəni “Əlif” hərfini öyrətmədən qabaq uşağa Quran sevgisi aşılanmalıdır. Mükəmməl bir ibadət təlimi gələcək həyatda uşağın düşə biləcəyi böhran və şübhələri asanlıqla keçməsinin əsas şərtlərindəndir. Son olaraq bunu deyə bilərik: Uşaqlarımız Rəbbimizin bizə əmanət etdiyi dünya və axirət sərmayəmizdir. Qəlb dünyaları və zehnləri ağ kağız kimi tərtəmizdir – günahsızdır. Fotoaparat kimi gördüyünü çəkib hafizəsinə qeyd edər. Elə isə valideyn uşağının qarşısındakı hər bir davranışına diqqət etməlidir.
[1] Əbu Davud, 495.
ŞƏRHLƏR