HƏYAT TƏRZİ
Qurani-Kərim yaxşı insanı müəyyən etmək üçün bir şəkil çəkmişdir. Rəsuli-Əkrəm (s.ə.s) də sanki bu şəklin içinə girərək onu canlandırmışdır. O gündən bu günə Quran və Sünnə yolunda irəliləyən İslam böyükləri o müstəsna həyat tərzləri ilə bu şəkli əks etdirməyə çalışmışlar.
Bu yolun günümüzə qədər davam etməsi üçün müsəlmanın üzərinə düşən vəzifə budur: inancı və dünya görüşü özününkünə bənzəməyənlərin yaşama şəklinə əsla bənzəməmək, təqlid etməmək; din böyüklərinin yolunda addımlayaraq İslamın rənginə boyanmaq; Hz. Məhəmmədi model almaq, nəticədə isə insanların “Bax, müsəlman budur” deyəcəyi bir yaşam tərzinə sahib olmaqdır.
Zahiri görünüşün əhəmiyyəti
Bir şeyi unutmamaq lazımdır ki, Allah-Təala insanın üzünə, malına, mülkünə deyil, qəlbinə baxar (Müslim). İnsan isə qarşısındakının qəlbini görə bilmədiyi üçün istər-istəməz onun üzünə baxar.
Bu səbələ də Əziz Peyğəmbərimiz əshabının görünüşünə əhəmiyyət verərdi. Onlara bəyaz rəngli paltarlar geymələrini tövsiyə edərdi. (Əbu Davud, Tirmizi). Bir dəfə köhnə, natəmiz paltar içərisində gördüyü bir adama mal varlığını soruşmuş, vəziyyətinin yaxşı olduğunu öyrənincə, “Allah sənə maddi imkan veribsə, bu nemət sənin üzərində görünməlidir” buyurmuşdu. (Əbu Davud)
Sevimli Peyğəmbərimiz saç-saqqalının dağınıq, paltarının kirli olduğunu gördüyü kimsələrə, yoldaşları vasitəsi ilə xəbərdarlıq edər, özlərinə diqqət etmələrini istəyər, saçını uzadanların saçlarına yaxşı baxmalarını, yaxşı qulluq etmələrini söyləyərdi (Əbu Davud).
Peyğəmbərdən nümunə götürmək
Görünüş sadəcə geyim və bədən təmizliyindən ibarət deyildir. Bunlarla birlikdə gözəl bir yaşama üslubuna, hal və davranış gözəlliyinə sahib olmaqdır.
Əshabi-kiram hal və davranışlarının Rəsuli-Əkrəm kimi olmasına çalışar və buna diqqət edərdilər. Tabiun alimlərindən Abdurrahman İbn Yezid səhabədən Huzeyfə bin Yəman həzrətlərindən belə soruşmuşdu:
“–Həyat tərzi, hal və hərəkətləri Allah Rəsuluna ən çox bənzəyən səhabə kimdir? Bizə söylə ki, onu özümüzə örnək alaq.” Hüzeyfə (r.a) ona belə demişdi:
“–Ailəsi ilə baş-başa qaldığı zaman necə davrandığını bilmirik, amma, evindən çıxıb təkrar evinə qayıdıncaya qədər, yaşantısı və davranışları Peyğəmbərə ən çox bənzəyən səhabə Abdullah bin Məsud idi.” (Buxari).
Abdullah bin Məsud Kufədə yaşayırdı. Tələbələrinə Peyğəmbərimiz (s.ə.s)-in yaşayış tərzini öyrənmək üçün Mədinəyə getmələrini, Hz. Ömərin necə yaşadığına diqqət etmələrini tövsiyə edərdi. Onlar da Mədinəyə gedər, Hz. Ömərin yaşayış tərzini incələyər, onu özlərinə örnək almağa çalışardılar.
Peyğəmbər kimi yaşadığı üçün başqalarının ona heyran olduğu bir insanın, bu mövzuda özünü yetərli görməyib, özündən daha irəlidə, yüksəkdə gördüyü birini tövsiyə etməsi nə qədər mənalıdır.
Peyğəmbərimiz (s.ə.s)-in seçkin əshabından Abdullah bin Abbas (r.a)-ın Peyğəmbər bağçasının güllərindən topladığı gözəl bir sözü vardır:
“Heç bir aşırılığa qaçmadan orta yolu tutmaq, bir işi yumşaq bir davranışla və irəlini, gerini düşünərək etmək, yaxşı bir həyat tərzinə sahib olmaq peyğəmbərliyin iyirmi beşdə biridir.” (İmam Malik). İbn Abbasın özündən söyləmədiyi açıq-aşkar olan bu hikmətli söz, yaxşı bir yaşama tərzinə sahib olmanın əhəmiyyətini ortaya qoymaqdadır.
Böyüklərin İzində
Bizim adətimizdə müəllimdən sadəcə elm öyrənilməzdi; elmlə birlikdə həyat tərzi, davranış şəkli də öyrənilərdi. Gözəl dinimizin doğru-dürüst yaşandığı dövrlərdə, bir alimdən faydalanmaq istəyənlər, əvvəlcə onun namazı necə qıldığına, dini necə yaşadığına baxar, razı qalardılarsa ona tələbə olardılar. Allaha qarşı vəzifəsini layiqincə yerinə yetirməyən birinin elminə də güvənilməyəcəyini qəbul edərdilər.
Peyğəmbərimizdən bir əsr sonra yaşayan İmam Malik həzrətləri elm öyrənmək istəyən kimsənin, ondan əvvəlki İslam böyüklərinin izində getməsi gərəkdiyinə işarə edərdi; həyat tərzi Rəsulullah (s.ə.s)-ə ən çox bənzəyən kimsənin Hz. Ömər, ondan sonra oğlu Abdullah bin Ömər, ondan sonra da Abdullahın oğlu Salim olduğunu söyləyər və onların izində gedilməsini tövsiyə edərdi.
Təbei-tabiun nəslindən tanınan bir hədis hafizi və fiqh alimi olan Abdullah bin Mehdi bəzi mümtaz kmsələrin yanına onlardan elm öyrənmək üçün deyil, İslam əxlaqını və ədəbini öyrənmək üçün getdiklərini söyləyərdi; özü də ailəsinə və uşaqlarına, kimlərin həyat tərzindən faydalanmaları gərəkdiyini vəsiyyət edərdi.
Böyüklərimiz İslami həyat tərzi sürməyə çox əhəmiyyət verərdilər. İslam əxlaqını digər elmləri öyrəndikləri kimi öyrənməyə çalışardılar. Gözəl əxlaqın elmin meyvəsi olduğunu qəbul edərdilər.
Dinimizin gözəl yaşandığı dövrlərdə gözəl insanlar çox idi. Çünki o zamanlar hər kəsin hədəfi dini Əziz Peyğəmbərimiz kimi yaşamaq idi. Daha sonrakı dövrlərdə hədəflər dəyişdi. Amma Peyğəmbər yolunun yolçuları, sayları azalsa belə daim var olmuşlar. Əhəmiyyətli olan onların yolunda getməyə çalışaraq Peyğəmbərimizin həyat tərzini mənimsəməkdir.
ŞƏRHLƏR