ALLAHIN İZNİ İLƏ

ALLAHIN İZNİ İLƏ

Uca Allah Qurani-Kərimdə belə buyurur:

“Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi əmr edər. Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidəndir, biləndir!” (Nur, 21)

Bizi xəlq edən Allah-Təalanın mübarək kəlmələrində ifadə edilən mənaların əhatəli və məqsədyönlü şəkildə dəyərləndirərək həyatımıza tətbiq edilməsi Adəm övladının qarşısında duran ən önəmli məsələlərdən birirdir. İslamiyyətin yaranmasından günümüzədək uzanan böyük zaman kəsimlərində Qurani-Kərim həqiqətlərinin tədricən sinələrdən qoparılaraq sadəcə kağız parçalarının üzərinə həkk edilmiş hərflərdə məskunlaşması, Uca Allahı tanıma və Ona layiqiylə qulluq etmə mədəniyyətinin yaşanma göstəricilərini köklü surətdə aşındıraraq işin biabırçı bir həddə varmasına səbəb olmuşdur. Peyğəmbərimizin (s.ə.s) hədislərində bu məqama xüsusi diqqət yetirməsi, onun Rəbbinin lütfü ilə mərhəmət dəryasına çevrilmiş mübarək həyatının hər bir anında ümmətinin sağlam şəkildə məlumatlandırılmasına nə qədər önəm verdiyini gözlərimiz önündə canlandırır:

Əbud-Dərdadan rəvayət edildiyinə görə: Məhəmməd (s.ə.s) əshabı ilə bərabər ikən gözü ilə səmaya baxdı və belə buyurdu:

- “Bu an elmin insanlardan uzaqlaşdırılması zamanıdır. Hətta o dərəcədə ki, insanlar ondan heç cürə faydalana bilməyəcəklər.” Bunu eşidən Ziyad bin Ləbid dedi ki:

- Bizdən elm necə qaldırılacaq? Axı biz, davamlı Quran oxuyuruq. Quranı həm oxuyuruq, həm də uşaqlarımıza, xanımlarımıza da oxudub öyrədirik.

Peyğəmbərimiz (s.ə.s) onu dinlədikdən sonra belə buyurdu:

- “Ey Ziyad! Anan səni yetim buraxsın. Səni Mədinə əhlinin fəqihlərindən (şəriət bilicisi) sayacaq olsam (diqqətini buna çəkmək istəyirdim ki) Tövrat yəhudilərin, İncil isə xristianların əlindədir. Onlara bu kitabların heç faydası varmı?” (Tirmizi, 2653)

Allah Rəsulu (s.ə.s) Qurani-Kərimin məna bütövlüyünü ümmətinə anladarkən insanların zənnə qapılaraq uyğunsuz çalışmalara baş vurmalarının nə qədər mənasız olduğunu vurğulaması, onların son nəticədə əbədi rüsvayçılığın caynağından qurtulmaları üçün səslənən əhəmiyyətli bir xəbərdarlıqdır:

Bir qrup insan Allah Rəsulunun (s.ə.s) qapısı önündə Quran haqqında mübahisə edirdilər. Allah Rəsulu (s.ə.s) üzünün rəngi dəyişmiş bir halda çölə çıxaraq onlara belə dedi: “Ey qövmüm! Elə buna görə millətlər həlak olmuşlar. Quran (ayələri) bir-birini təsdiq etdir və siz onun bəzi ayələrini bəzi ayələri ilə yalanlamayın!” (Təbərani, Mücəmul-Kəbir)

Quran ayələrinin və hədislərin dəyərləndirilməsi zamanı bəşər övladını maraqlandıracaq əsaslı bir məsələyə xüsusi diqqət çəkilməkdədir:

Uca Allah mübarək kəlamlarının dili ilə Rəbbinə qulluq həyatı ilə mükəlləf olan insan övladından ətraf və könül aləmlərinin fitnələrin məkrli təbiətindən qorunması üçün daimi bir həyəcana və daimi bir ehtiyata sahib olmasını istəyir. Bu həyəcan və diqqətin mömini son nəfəsə kimi izləməsi əlbəttə ki, hər birimizin əbədi təhlükəsizliyini təmin edəcək ən ağıllı bir davranış olardı.

Dünya həyatı öz rəngarəngliyi, çoxçeşidli və ziddiyyətli münasibətləri ilə dövranını sürdürən bir reallıqdır. Şeytanın və ona yaxın olan xislətlərin bir an belə ara vermədən çalışaraq Adəm övladının əbədi səadət sərmayəsini dünyadaca əritmək və onu hər şeydən məhrum etmək məqsədi ilə dəridən-qabıqdan çıxması hər birimizə ibrət olacaq canlı bir nümunədir. Təbiidir ki, bunun yetkin bir mənada ziddini ələ alaraq öz növbəmizdə bizim də daha böyük səylə maddi və mənəvi kamilliyə aparan yolda Allahın kitabını və Onun Rəsulunun sünnəsini rəhbər tutaraq yaranışımızın ali məqsədinə doğru addımlamamız, qulluq həqiqətinin mahiyyətinə varmamıza sözsüz ki, misilsiz bir dəstək göstərəcəkdir. Qurani-Kərimi və Peyğəmbər sünnəsini lazimi ölçüdə mənimsəyərək mənəvi kamilliyə aparan yolun ancaq və ancaq Quran və sünnədən ibarət olması halının qəlblərimizə hakim kəsilməsindən sonra:

“Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!” - deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır!” (Nur, 51)

- ayeyi-kəriməsinin libasına bürünməyimiz üzərimizə düşən qulluq vəzifəsinin etibarlı bir şəkildə sürdürülməsinə yardım edərək həqiqi nicatın qazanılmasında bizə ən mükəmməl bir tərəfdaş olacaqdır.

Unutmayaq ki, maddi və mənəvi kamillik zirvələrinə aparan və yetişdirən bütün yolların hökmü və izni Uca Allah-Təalanın qüdrət əlindədir. Məhz Onun izni ilə gerçəkləşən bu bəxtəvərliyin Qurani-Kərimdə açıqlanması Allahın lütf və kərəminin insanlar tərəfindən gözəl şəkildə qavranılmasına şərait yaradan misilsiz bir nümunədir:

“Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxçaya (çıraqdana) bənzər. (Həmin taxça və çıraq) Allahın tikilib ucaldılmasına və Öz adının zikr edilməsinə izin verdiyi o evlərdədir ki, orada səhər-axşam Onu təqdis edib şəninə təriflər deyərlər.” (Nur, 35-36)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz