DÜNƏNİMİ SABAHIMLA BİRLƏŞDİRƏN KÖRPÜM – ANA DİLİM
Harda olsam, harda olsa
Fəth olmayan dil mənimdir.
Mənim dilim
Basılmayan Vətənimdir!
(Söhrab Tahir)
Ana dilim... Min illərin o tayından şölənənən ocağım... Əcdadlarımın Borçalı çökəyində, Göyçədə, Zəngəzurda, Təbrizdə, Dəmirqapı Dərbənddə alovlandırdığı, istisi, hərarəti bu günümüzə çatan, vücudumuzu isidən, ruhumuzu məst edən odum-ocağım.
Ana dilim... Altaylardan enərək “Vura! Vura!” (bu gün heç bir leksik mənası йoxdur dediyimiz “ura” nidası) sədaları altında Asiyanı, Avropanı fəth edən ulu babalarımızın bizə ərməğan etdikləri dil...
Ana dilim... Gözümüzü dünyaya açdığımız ilk gündən ana südü ilə bərabər nuş etdiyimiz, qanımıza hopan həzin laylam...
Layla beşiyim, layla!
Evim, eşiyim layla!
Sən get şirin yuxuya
Çəkim keşiyin layla!
Ana südü qədər şirin, ana südü qədər dadlı, ruhumuzun qidası... İlk nəğməmiz, dünya ilə ilk tanışlığımız... Ana dodaqlarından ruhumuza süzülən laylam...
Layla dadı, bal dadı,
Layla məni aldadı
Nə balda, nə şəkərdə
Tapılmaz layla dadı.
(Kərkük bayatılarından)
Ana dilim... Orxon-Yenisey abidələrində daşlaşan, zamanın sınaqlarına sinə gərən, məğrur dayanan basılmaz qalam...
Ana dilim... 1300 yaşlı Dədəm Qorqudun söz söylədiyi boylarından bu günümə boylanan söz xəzinəm...
“Ana dili! Nə qədər rəfiq, nə qədər ali hissiyyati qəlbiyyə oyandıran bir kəlmə! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki.ş mehriban bir vücud, öz məhəbbətini, şəfqəti-madəranəsini sənə o dildə bəyan edibdir. Bir dil ki, sən hələ beşikdə ikən bir layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqş bağlayıbdır! Bir dil ki, həyat və kainat haqqında ilk əvvəl o dil sayəsində bir fikir hasil edibsən, cism və ruhun möhtac olduğu məvadı o dildə tələb eləyibsən...” (Nəriman Nərimanov)
Ana dilim! Sənin tərifini cəfakeş oğlun necə də gözəl verib! Tarix boyunca türk dilinin, oğuz dilinin, bu gün Azərbaycan dili adlandırdığımız bu dilin sehrinə çoxları düşüb və bu ovsundan çıxa bilməyiblər. qafqazda sürgündə olan rus şairi M. Y. Lermantov ilk dəfə eşitdiyi bu dilin ahənginə, axıcılığına heyran qalmış və belə demişdi: “Avropada fransız dili nəqədər geniş yayılıbsa, türk dili də Qafqazda o qədər yayğındır. Əgər bu dili öyrənsən, bütün Qafqazı tərcüməçisiz dolaşa bilərsən.”
Yeganə əlyazma nüsxəsi İstanbul Millət Kitabxanasında saxlanılan “Divani lüğatit-türk”ün müəllifi Mahmud Qaşqari 1000 il öncə kitabın müqəddiməsində belə yazır:
“Buxaralı imamlar arasında bir mötəbər qaynaqdan (mənbədən) və Nişapur xalqının bir imamından eşitdim. Hər ikisində də aşağıdakı hədisin isnad nöqtəsinin Rəsulullaha qədər çatdığı bildirilir, Qiyamət əlamətlərindən, axırzaman əzablarından və Oğuz türklərinin təşəkkülündən söz açılırdı. Rəsulullah (s.ə.s) dedi ki: “Türklərin dilini öyrənin, çünki onların səltənəti uzun sürəcəkdir.” Bu hədis səhih isə (vəbalı boyunlarına olsun) türkcəni öyrənmək bir zərurətdir. Əgər səhih deyilsə mərifət bunu tələb edir.
Ustad Şəhriyar isə səni belə vəsf edir:
Türkün dilitək sevgili, istəkli dil olmaz
Özgə dilə qatsan bu əsil dil əsil olmaz.
Öz şerinə farsı, ərəbi qatmasa şair
Şeri eşidənlər, oxuyanlar kəsil olmaz.
Ana dilim!.. “Dədə Qorqud” dastanlarındakı Qazılıq dağının gül-çiçəyi kimi əlvan, ətirli, rəngarəng dilim! Koroğlu nərəsi, cəngi harayı, Nəsimi üsyanı, Füzuli şeiriyyətinin qəmi, kədəri, heyrəti, Sabir qeyrəti! Cavid fəlsəfəsi, Müşfiq şeirinin oynaqlığı, X. R. Ulutürkün vətən sevgisi səndən güc alıb.
Ditslər, Bodenştedlər, Əhməd Smidelər, daha kimlər, kimlər səni öyrənməyə can atıb, səni öz doğma dilləri kimi seviblər. Nə yazıq ki, sınin böyüklüyünü, əzəmətini dərk etməyən, bununla barışa bilməyənlər də az deyil. Əhalisinin yarıdan çoxunun azərbaycan türklərindən ibarət olan İranda səni “məhəlli dil”, “türk dilinin pozuq ləhcəsi” adlandırırlar. Bir işə bax ki, Füzulisi dünyaya sığmayan bir xalqın dili “məhəlli” imiş sən demə. Ana dilində danışanlar təhqir olunur, cəzalandırılır, millətini farsın mədəsində həzm etməyə, əritməyə çalışırlar.
Taleyimə sən bax!
Düşüncələrim yasaq,
Duyğularım yasaq, keçmişimdən söz açmağım yasaq,
Gələcəyimdən danışmağım yasaq,
Anamdan ad aparmağım yasaq!
...Bilirsən?..
Anadan doğulandan belə
Özüm bilməyə-bilməyə
Dil açıb danışdığım dildə
Danışmağım da yasaq imiş, yasaq!
(Bulud qaraçorlu Səhənd)
Türkün əbədi və tarixi düşmənlərinin səni bəyənmədiyini yenə də başa düşmək olar. Amma özünü azərbaycanlı adlandırıb bu torpağın havasını udan, suyunu içən nankor övladları da az deyil başıbəlalı bu yurdun. Və məhz belələrinə B. Vahabzadə aşağıdakı misralarla öz nifrətini bildirir, onlara lənət yağdırır:
Ey öz doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən
Modalı ədəbazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Qoy bunlar mənim olsun.
Ancaq Vətən çörəyi,
Bir də ana ürəyi
Sizlərə qənim olsun!
Ana dili... Ana Vətən... Hər iki söz birləşməsinin tərkib hissəsinə çevrilən müqəddəs Ana kəlməsi Vətən və dil sözlərini necə də müqəddəsləşdirir, onları adi söz olmaqdan çıxarıb əlçatmaz yüksəkliyə ucaldır, ülviləşdirir. Vətən və dil bir xalqın, bir millətin varlığından xəbər verir. Quşun iki qanadı kimi dünya səmasında bir millətin öz yerini tapmasında müstəsna rol oynayır.
İnsan bədən və ruhdan təşəkkül tapdığı kimi millət də coğrafi və mənəvi ərazilərdən ibarətdir. Bəlli sərhədlər daxilində olan və əsrlər boyu dəyişən, kiçilən coğrafi ərazimiz ruhumuz kimi daha sərbəstdir və sərhədsizdir. Coğrafi ərazinin nə demək olduğu haməya yaxşı məlumdur. Mənəvi ərazi isə xalqın, millətin ədəbiyyatı, incəsənəti, adət-ənənələr və bütün bunları özündə ehtiva edən doğma, əziz Ana dilidir. Coğrafi ərazinin işğalı hələ bir millətin məhvi deyil. Həmin zəbt edilmiş ərazini geri almaq mümkündür. Çünki insan xislətində maddiyyata bağlılıq mənəviyyata bağlılıqdan daha güclüdür. Yetər ki, toparlanıb düşmən üzərinə yürüş edəsən. Toparlanmaq üçünsə mənəvi ərazinin qorunması əsasdır. Çünki torpaqları işğala aparan yol mənəvi ərazinin işğalından keçir. Son 20 ildə torpaqlarımızın 20 % nin işğalı da rus-sovet imperiyasının milli ərazimizə planlı təcavüzünün acı nəticəsidir. Nə yaxşı ki, gec də olsa müstəqilliyimiz bərpa olundu. Milli dəyərlərimiz öz layiqli qiymətini almağa başladı. Doğma ana dilimin kasıb, ucuz komalardakı həyatına son qoyuldu. Ali məclislərdən, yüksək tribunalardan eşidildi. Rəsmi statistikaya görə hazırda Azərbaycanda 9 milyondan bir az çox, qeyri-rəsmi məlumatlara görə isə dünyada azərbaycanlıların sayı 50 milyondan artıqdır. Hələ dil açmamış körpələri və azərbaycanca düşünüb azərbaycanca danışa bilməyənləri çıxsaq doğma ana dilində görəsən nə qədər azərbaycanlı danışır?! Bu gün müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanda dövlət səviyyəsində tam qorunan ana dilimizi, təəssüf ki, hələ də bəyənməyənlər, dodaqbüzənlər var. Öz doğma dilinə xor baxan, Sabirin təbiri ilə desək “urusbaşlılar”, mədəniyyətin nə olduğunu bilməyib “Avropa mədəniyyəti”ndən dəm vuranlar, üzdəniraq mədəniyyəti zorla bu xalqa qəbul etdirməyə çalışanlar var. Xarici parıltıya, təmtərağa uyan bu nadanlar milli dəyərlərimizə, əxlaqımıza, ədəbiyyatımıza, mədəniyyətimizə, ən başlıcası dilimizə heç də düşmənlərimizdən az ziyan vurmurlar.
Amma...
Şirindil,
Al bağrını şirindil.
Nə deyirsə yad desin
Öz dilimdir şirindil.
Allahım! Məvəvi ərazilərimiz işğaldan qoru! Dünənimizlə gələcəyimizi birləşdirən polad körpünü – ana dilimi hər cür yad təsirlərdən hifz et!
ŞƏRHLƏR