DİLDƏ BİRLİK

DİLDƏ BİRLİK

İsmail Kaspıralının məşhur “dildə, fikirdə və işdə birlik” şüarıyla ortaya çıxan və bütün türklərin dil ətrafında birləşmələrini təmin etdikdən sonra daha güclü və təsirli bir cəmiyyət olaraq formalaşacağını ifadə etdiyi qızıl düstur.

Bu düsturunu belə izah edir:

“İnsanları ayıran üç amil var. Biri məsafə uzaqlığı, biri din fərqi və digəri dilsizlikdir. Bundan 25 il əvvəl əhvali-milliyyəmizi mülahizə edərək zəif başımla dərdlərimizə dərman izləməkdə gördüm ki, dinimiz bir isə də məsafə ilə dilsizlik bizi bir-birimizdən ayırır. Mədəniyyət əsərlərindən olan paraxodlar, dəmir yolları və teleqraflar ildən-ilə məsafələri azaltdığı halda ayrılığımız davam edir. Bunun səbəbi ancaq “dilsizlik”, yəni ədəbi dilimizin olmadığıdır.”

“Tək əldən səs çıxmaz”, “Birlikdən güc doğar” kimi atalar sözlərimiz birliyin əhəmiyyətinə diqqət çəkir.

Dil insanlar üçün sadəcə bir “anlaşma vasitəsi” deyil, eyni zamanda bir “düşüncə aləti”dir. İnsan kəlmələrlə düşünür. Dolayısıyla insanın düşüncəsi bildiyi və yerində işlətdiyi kəlmə ədədiylə məhduddur. Yəni bildiyiniz söz qədər ağıllısınız. Bildiyiniz söz qədər fikirləşə bilirsiniz...

Bu nöqtədən baxdıqda bir zamanlar israr və inadla irəli sürülən dil ilə oynamağın nə qədər planlı şəkildə həyata keçirən sui-qəsd olduğu daha yaxşı anlaşılır. Bir dilin gözəllik və zənginliyini o dildən istifadə edən fərdlərin düşünmə və ifadə qabiliyyətlərini məhv etməyin ən kəsə yolu müxtəlif mənalar daşıyan bir çox sözü yox edib, hamısını bir sözlə qarşılamağa çalışmaqdır.

Əcəba, Azərbaycanımızda “tarqovı”də neçə dənə Azərbaycan adı daşıyan mağaza var. Neçə nəfərə öz ana dilində sual verib ana dilində cavab ala bilərsiniz? Bir dildə danışmaq sadəcə hərfləri tələffüz etmək deyil. Dil o millətin düşüncə həcmini, mədəniyyətini daşıyır. Ona edilən təcavüzlər daşıdığı mənalara da zərər verir. Türkiyədə də vəziyyət eynidir. Sal, sel səsləriylə yersiz kəlmələr və qavramlar törədilməkdədir. Nəticə olaraq türk dili sala mindirilib selə verilməkdədir...

Azərbaycana gəldiyimiz ilk illərdə Bakıda, xüsusilə də “tarqovı”da və şəhər mərkəzində bir çox mağazalara girdiyimiz zaman bizim Azərbaycan türkcəsində danışmağa çalışmağımıza baxmayaraq bizi anlamır, anlayanlar da rusca cavab verirdilər. Bütün bunları düşündükdə mərhum prezident Heydər Əliyevin 2001-ci ildə dillə bağlı verdiyi fərmanın nə qədər doğru və yerində olduğu ortaya çıxır.

Türk şairi Nəcib Fazil Qısakürək öz dövründə dildə sadələşdirmə adı altında aparılan bəzi islahatları tənqid etmiş, türkcələşdirmə adı altında ortaya çıxan dramı belə ifadə etmişdir:

Ruhsal, parasal, soyut, boyut, yaşam, eğilim...

Ya bunlar türkcə deyil, ya da mən türk deyilim!

Halbuki xalis türk mənəm, bunlar işğalçılarım.

Kaspıralının dil birliyi ideyasını əhəmiyyətli saymaqla birlikdə ancaq biz yazımızda işin zahiri mənasında dildə birlik mənasında deyil, ilahiyyat perspektiviylə dilin digər mənası olan “dil-könül”də birlik olmaq nöqteyi-nəzərindən işləməyə çalışacağıq.

Qurani-Kərimin Saff surəsində buyurulur: “Möminlər sanki hörülmüş divar kimidirlər.”

Bir çox müfəssir bu ayəni birləşmək, ayrılığa düşməmək və fitnəyə yer verməmək kimi təfsir edir. Bu məna doğr olmaqla birlikdə İmam Quşeyri ayəyə daha fərqli bir pəncərədən baxaraq izah verir: insanların eyni səfdə olmaları, eyni yerdə dayanmaları onların birlik və bərabərliyini ifadə etməyə yetməz. Əsl birlik və bərabərlik könüldə birlik və bərabərlikdir. Könüllərdə ayrılıq varsa birliyi təmin etmək imkansızdır.

Kəlmələrlə düşünmək, ifadə etmək, kəlmələrdəki mənaları və düzəni qavraya bilmə gücünə sahib olmaq eyni zamanda hekayə və yumor anlatmaq, məcazi eyham və bənzətmə ilə dili təsirli halda işlətmək bacarığıdır.

Yunus Əmrənin məşhur “Söz ola kəsə savaşı, Söz ola kəsdirə başı” beytləri var. Bu da öz növbəsində dildən istifadə etməyin əhəmiyyətini vurğulayır. Bəli, bir sözün nələrə qadir olduğunu Yunusdan öyrəndik. Ağızdan çıxan hər sözün bir ox kimi geri dönüşünün olmadığını və gözəlliyini. Bunun da ilk şərti zəngin bir söz xəzinəsi və bu xəzinədən ehtiyatla istifadə etmə həssaslığıdır.

Peyğəmbərimiz (s.ə.s) bu xüsusda dildən təsirli istifadə etmişdir.

Büreydə (r.a) buyurur: Allah Rəsulu Mədinəyə hicrət edərkən Qüreyş qəbiləsi onu tutub gətirənə yüz dəvə mükafat verəcəyini vəd etmişdi. Onu yaxalamaq üçün axtarmağa çıxan 70 süvarilik Səhm oğullarının dəstəsinə mən də qatılmışdım. Gecə vaxtı qarşılaşdıq. Bir-birimizi tanımırdıq. Sözə Peyğəmbərimiz başladı və məndən soruşdu:

“Kimsən?” Mən:

“Büreydə” –dedim. Peyğəmbərimiz (adımın mənası sərinlik olduğuna görə) Əbu Bəkrə tərəf dönərək:

“Ey Əbu Bəkr, işimiz alındı, sərinləşdi və düzəldi.” -dedi. Sonra yenə məndən soruşdu:

“Kimlrədənsən?” “Əsləm qəbiləsindənəm” –deyə cavab verdim. Bunu eşidən Peyğəmbər kəlmənin mənasına uyğun olaraq:

“Qurtulduq, salamatçılıqdır.” –buyurdu. Sonra “Əslləm qəbiləsinin hansı qolundansan?” –dedi. Mən:

“Səhm oğullarındanam” dediyim zaman bu dəfə Peyğəmbər (s.ə.s) kəlmənin mənasına uyğun olaraq Əbu Bəkrə:

“Sən müzəffər oldun, sən qazandın. Muradına nail oldun mənasına gələn “oxun çıxdı” dedi.

Növbə məndəydi və soruşdum:

“Yaxşı, bəs sən kimsən?” O:

“Mən Abdullah oğlu Məhəmmədəm. Allahın Elçisiyəm.” –dedi və məni İslama dəvət etdi. Mən Rəsulullahın danışıq və xitab üslubundan çox təsirləndim. Yanımdakı 70 nəfərlə birlikdə İslamı qəbul etdik.”

Gözəl dinimizə layiq həssaslığı hər zaman göstərib istər danışarkən, istərsə də yazarkən lazımi xüsuslara diqqət edək. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz