MİLLƏTİN TƏFƏKKÜRÜNÜ FORMALAŞDIRAN AMİL – DİL

MİLLƏTİN TƏFƏKKÜRÜNÜ FORMALAŞDIRAN AMİL – DİL

Yer üzündə yaşayan millətlər özlərinə xas bir şəkildə mədəniyyətləri, adət-ənənələri və dilləri ilə tanınırlar. Dil bir millətin mənliyidir, kimliyidir. Millətin təfəkkürünü formalaşdıran ən önəmli amillərdən biridir dil. Çünki insan kəlmələrlə düşünür.

Dünyada 6200 dil var. Onun yalnız 196-sı dövlət dili səviyyəsindədir. Çox şükürlər olsun ki, bizim ana dilimiz – Azərbaycan dili də dünya dilləri arasında özünü dövlət dili olaraq tanıda bilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində açıq şəkildə qeyd olunur: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.”

Dil hər bir dövlətin milli rəmzidir və ona hörmətlə yanaşmaq həm borcumuzdur, həm də qanunla nəzərdə tutulan vəzifəmizdir. Dövlətin digər atributlarına hörmətsizlik necə cinayətdirsə, himnimiz səslənəndə ayağa qalxıb sağ əlini ürəyinin üstünə qoymaq necə mənəvi borcdursa, Azərbaycan dilinə hörmət etmək və həmin dildə danışmaq da həm qanuni vəzifəmiz, həm də mənəvi borcumuzdur.

Bir milləti adət-ənənəsindən, milli-mənəvi dəyərlərindən uzaqlaşdırmaq üçün dildə yaşanan dəhşətli təhrif əslində böyük bir xəyanətdir. Məfhumları və onların ifadə vasitələri olan kəlmələri pozub yadlaşdırılan bir dil ilə dərin bir milli təfəkkürün üfüqlərinə açılmaq qeyri-mümkündür. Böyük rus pedaqoqu K. Uşinskinin gözəl bir sözü var: “Bir millətin malını, dövlətini, hətta vətənini əlindən alsan, o millət ölüb itməz, amma dilini alsan daha ondan bir nişanə qalmaz...”

Azərbaycan dilinin vətəni və rəsmi istifadə olunduğu torpaq Azərbaycandır. Odur ki, bu dilin milli-mənəvi özəlliklərini qorumaq da məhz hər bir vətəndaşın öhdəsinə düşən bir vəzifədir. Gündəlik olaraq televiziya və radiolarda, küçədə, hətta bəzi qəzetlərdə də Azərbaycan türkçəsinin nə səviyyədə istifadə edildiyinin şahidi oluruq. Dilimizə müxtəlif dillərdən – rus, ingilis, fars və digər əcnəbi dillərdən sözlər və kəlmələr daxil olur. Yəqin ki, böyük əksəriyyət “Ok, koneçno, davay, poka, vau, lando, uje” və digər əcnəbi sözləri yaxşı tanıyır. Bunlar əsasən gündəlik istifadəmizdə olan sözlərdir. Hətta onları əvəz edə biləcək Azərbaycan əsilli söz qarşılığını da tapmaqda çətinlik çəkənlər var. Bunun əsas səbəbi isə təbii ki, savadsızlıq və öz kimliyinə laqeydlikdir. Bəzi insanlar isə həmin kəlmələrin Azərbaycan dilindəki alternativini bilə-bilə yenə də əcnəbi tərcüməsini işlətməyə üstünlük verirlər. Bunu da sanki müasirlik və intellektuallıq kimi dəyərləndirirlər. Hətta bəzən sırf Azərbaycan dilində danışan insanları “geri qalmış” kimi çağırırlar.

Hər insan bir çox dildə danışa bilər. Hətta bilməlidir də. Belə ki, Peyğəmbərimizin də tövsiyə etdiyi kimi “İnsan nə qədər çox dil bilirsə, o qədər çox şəxs hesab edilir.” Çox dil bilmək həqiqətən də yüksək intellekt və savadın göstəricisi sayıla bilər. Amma bu heç kimə əsas vermir ki, həmin dilləri bir-birinə qarışdırsın və ən əsası öz ana dilinin leksikonunu korlasın.

Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yad təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi həm ötən əsrin 70-ci illərində, həm də sonrakı dövrlərdə çox böyük xidmətləri olmuşdur. Onun “Dilimizi sevmək- Azərbaycanı sevmək, Azərbaycanı sevmək – azərbaycançılıq hissiyyatını özündə cəm etmək deməkdir” kəlamı ölkəmizin hər bir vətəndaşının düşüncəsinə hakim kəsilməlidir.

Ona görə də əsrlərdən bəri millətin mayasından süzülüb gələn kəlmələrimizə sahib çıxıb onları istifadə edərək yaşatmaq və onların yerinə yerləşdirmək istənilən uydurma sözlərə əsla etibar etməmək lazımdır.  

Öz ölkəmizə, millətimizə, dövlətimizə və dilimizə necə hörmət ediriksə, başqa insanlar da bizə elə hörmət edəcəklər. Milli kimliyimizi, ana dilimizi yad ayaqlar altına atmayaq. Dilimizi yaşadaq ki, milli mənliyimiz yaşasın. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz