Yağış dili öyrənirəm

Yağış dili öyrənirəm

Dil insanlar arasında ən vacib ünsiyyət vasitələrindən biridir. Qədim zamanlardan dil mədəniyyətinin formalaşması dilin insan həyatında nə qədər mühüm bir yer tutduğunun bariz nümunəsidir. Hələ ibtidai sinifdən öyrəndiyimiz ana dilimiz bizim ətrafımızda olan insanlarla fikirlərimizi paylaşmağa imkan yaratmışdır.

 Ana dilimiz bizim üçün müqəddəs və əziz idi. Onun haqqında şeirlər əzbərləyir, inşalar yazırdıq. Nitq mədəniyyətimizi formalaşdırıb, ana dilimizdən istər rəsmi, istərsə də işgüzar üslubda yüksək səviyyədə istifadə edirdik. Yaşanan illər ərzində hegemon dövlətlərin dilləri həyatımızın ayrılmaz hissələrindən biri oldu. Belə ki, universiteti bitirib özünə iş axtaran hər kəsdən iş üçün tələb olunan ən vacib amillərdən biri də, xarici dillərdən rus və ingilis dillərini mükəmməl səviyyədə bilməsidir. Bu, həqiqətən də çox qəribədir. Doğma vətənində iş üçün doğma ana dili deyil, əcnəbi dillər tələb olunur. Əcnəbi dillərin bizim həyatımızda bu qədər əhəmiyyət kəsb etməsi, bizim öz ana dilimizdən bixəbər olmamıza gətirib çıxarmışdır. Öz ana dilində danışarkən fikrini aydın şəkildə ifadə edə bilməyən gəncliyimiz öz ömrünü əcnəbi dillərdə səlis danışmağa həsr etmişdir. Bu bir həqiqərdir ki, paytaxt küçələrində gəzərkən öz aralarında qeyri dillərdə danışan insanlarla rastlaşmaq adi hal alıb. Ya insanlar öz aralarında rus, ya da ingilis dilində danışmağa üstünlük verirlər. Hələ bu harasıdır. Əcnəbi dil sevgisi başımızı o qədər gicəlləndirib ki, əcnəbi dildən Azərbaycan dilinə dublyaj olunan filimlərdə xoş gəlmisiniz ifadəsi ingilis dilində olduğu kimi welcome, dost sözü isə boyfriend  və girlfrend olaraq səsləndirilir. Buradan da vəziyyətimizin nə qədər acınacaqlı olduğu görünür. Burada qeyd etdiklərimdən məqsəd, dilimiz və dilçiliyimizin nə vəziyyətdə olduğunu sizlərə təhlil etmək deyil. Sadəcə bu həqiqətlər işığında əsas mövzumuza keçid etməkdir.

Belə ki, hər birimizin  böyüklərimizdən və arif insanlardan eşitdiyi bir tövsiyə var. Nə qədər çox dil bilsən, o qədər insansan. Həqiqətən də bu söz çox dəyərli və yerində deyilən bir sözdür. Mən də buna haqq qazandırıram ki, kim nə qədər çox dil bilərsə o qədər dünya görüşü artar və o dilə sahib olan millətin bir fərdinə çevrilər. Hərçənd ki, çox dil bilmək, istər insanın sosial həyat tərzinin ikişafına, istərsə də insanlar arasında tutduğu mövqeyinin yüksəlməsinə  təkan verir. Bəli, burada səslənən fikirlər çox gözəldir ancaq, bəs görəsən bu işdə itirdiklərimiz nədir? Bəlkə başqa əcnəbi dili öyrəndiyimiz zaman mənliyimizi, kimliyimizi, şəxsiyyət və milli dəyərlərimizi itiririk? Bəli, elə məsələnin ən acı tərəfi də budur ki, biz bir dili öyrəndiyimiz zaman o dilin məxsus olduğu millətin bir fərdinə çevrilirik. Bu, bizim özümüzdən qaynaqlanan bir şey deyildir. Çünki əcnəbi bir dili öyrənərkən istfadə etdiyimiz vəsaitlərdə Cekin, Conun, Natalianın həyat tərzi bizə o qədər cazibədar təqdim edilir ki, biz də özümüzü onlar kimi görmək istəyirik. Bu da özünü bizim qidalanmamızda, geyim tərzimizdə ümumiyyətlə həyat tərzimizdə açıq şəkildə  göstərir.

Məni hər zaman düşündürən bir sual var ki, görəsən bu dünya həyatımızda, ömrümüzü fəda edərək həyat tərzimizi yaxşılaşdırmaq üçün öyrəndiyimiz dillər, bizi əbədi həyatımızda himayə edə biləcəkmi?  Bəlkə də bu suala cavab vermək bir o qədər də çətin deyil, ancaq cavabı “yox” olduğu üçün heç kim cavab vermək istəmir.

Mənim nəticəyə gəldiyim həqiqət budur ki, hər bir kəs ilk olaraq həyatında Uca Yaradanın insan oğluna bəxş etdiyi möcüzə təbiətin dilini öyrənməlidir. Çünki bu dil hər şeyin həqiqətini əldə etməyə şərait yaradır.  

Son olaraq fikirlərimi müəllifini xatırlamadığım sərbəst vəzndə yazılmış bu şeirlə bitirirəm:

Yağış dili öyrənirəm,

damcı-damcı yağış ilə

danışaram.

Alov dili öyrənirəm

yavaş-yavaş alovlanıb

alışaram.

Külək dili öyrənirəm

gah cənubdan, gah şimaldan

mən əsərəm.

çox yerlərə gecikərəm,

çox yerlərə tələsərəm.

Yağış məni duya bilir,

Yağ! deyəndə yağar bəzən.

Alov məni duya bilir söndürəndə

sönür bəzən.

Külək vurub uçursa da

öz canını ora atar,bura atar,

axır yatar, yatar bəzən.

Yağış dili, külək dili,alov dili

öyrənirəm.

Gör nə qədər dil bilirəm!

  Bu dillərlə mən dünyanı

gəzə billəm,

Bu dillərlə mən dərdimi yaza billəm.

Bu dillərlə səmalarda uça bilən

bir pilotam.

Bu qədər dil bilirəmsə,

deyəsən mən poliqlotam.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz