BAYRAMLAR PAYLAŞMAQDIR
“Əgər sənin gönlün varsa,
Könül kəbəsini tavaf et!”
Həzrət Mövlana
Xəta və onun nəticəsi olan iztirab insan yaradılışı ilə başlayır. Çünki ilk babamız Adəm (ə.s) da bir zəlləyə düçar olmuş və bunun nəticəsi olaraq cənnətdən çıxarılıb dünyaya göndərilmişdi. Beləliklə ilk iztirab dadılmış oldu.
Həzrət Adəmin yaradıldığı palçığa 39 il hüzn, 1 il sevinc yağmışdı. Kədər və hüznün hakimiyyəti bu qədər qədimdir.
İnsan həyatı bir ananın iztiarbı, özünün isə ağlaması ilə başlar. Ən nəhayət bədəndən sıyrılaraq əbədi yolçuluğa uğurlanır. Onun gəlişində də, gedişində də iztirab hakimdir.
İnsanın yaradılış səbəbi Rəbbə qulluq, Onun bilinməsi və nəfsin nəzarət altına alınmasıdır.
Dünya həyatında fərdi və ictimai təsir amillərindən bəziləri nəfsani, bəziləri isə ruhani duyğuları hərəkətə gətirir.
Bayramlar bu duyğular arasında insandakı şəfqət, mərhəmət, vəfa və yardımlaşma hisslərini aşılayaraq coşdurur. Həm özünün, həm də başqalarını sevindirməyin həzzini yaşadır.
Bayramlar fərdin deyil, toplumun mənəvi sevinci, bu həyəcanın paylaşılması, könül iqliminə girmək və bütün müsəlmanları ürəkdən qardaş hiss edə bilməkdir.
Bir qüdsi hədisdə Haqq-Təala buyurur:
“Yerə və göylərə sığmaram, amma mömin qulumun qəlbinə sığaram!”
Bayram Yaradandan ötrü bütün müsəlmanlara sevgi, şəfqət, nəzakət göstərmək və yardım etməkdir.
Bayram günü dərdlilərin, kimsəsizlərin və möhtacların könüllərini xoş etməklə başlamalıdır.
Hədisi-şərif gərəyincə ilk bayramlaşma ən çox əlaqə, yardım və şəfqət gözləyən keçmişlərimizlə, sərv ağacları altında yatan dünyadan köçənlərlə başlayır. Bu hal ölülərlə dirilərin dərdləşməsi, hal-əhval tutmasıdır. Fatihəlar və sədəqələr hədiyyə edərək keçmişlərə bir vəfa borcunun ifasıdır.
Dünya əzəl və əbəd arasında ruhun bir qürbət diyarıdır. Sevinc və iztirablarla dolu bu qürbət almində Rəbbin insanlara lütf etdiyi bayram da bir sevinc günüdür.
Ancaq həqiqi bayramlar həqiqi qurbanlarla gerçəkləşir. Necə ki, Həzrət İbrahimin oğlu Həzrət İsmayılı böyük bir təslimiyyətlə qurban edəcəyi vaxt Haqq- Təala tərəfindən bir qoç endirilərək İsmayıl (ə.s) atasına bağışlanmış və qiyamətə qədər davam edəcək olan bayramların başlanğıcı təşəkkül etmişdir.
Savaşlarda da həqiqi şəhidlər yəni qurbanlar verildiyi zaman mütləq arxasından zəfər gəlir.
Bu bir gerçəkdir ki, Rəbbinə qul olan, qullara əsir olmaz. Necə ki, bir aslan üçün qəfəs mümkünsüzdürsə, bir mömin üçün də əsarət düşünülə bilməz! Rəbbinin təminatı altında olan bir mömin zindanın tənha guşələrində və qandallar içində olsa belə yenə də əsir deyil; hürdür... Rəbbinə ram olanın başı bədənindən ayrılsa da yenə əsir olmaz!
Tarixin bütün qızıl səhifələri şahiddir ki, mənəvi böyüklərin və Allah yolundakı cəngavərlərin əbədiyyətə qədər ömürləri vardır. Ümumilikdə İslam dünyası olaraq nə qədər şəhidlər verərək bu günlərə gəldik. Ölkəmiz müstəqillik yolunda bir çox övladlarını qurban verdi. Bu gün bayram sevincini hür və azad yaşayırıqsa bunun üçün Vətən uğrunda şəhid olan oğullarımıza, qızlarımıza çox şey borcluyuq. Bayramlaşmaq borcu hiss etdiyimiz insanlardır onlar. Görəsən bu gün 20 yanvar, Qarabağ şəhidlərimizlə necə bayramlaşırıq?
Bu bayramda qırıq qanadlı yaralı quş kimi olan məzlumlara, xəstələrə, qəlbiqırıqlara, yetimlərə və kimsəsizlərə ürəyimiz nə qədər uzana biləcək? Pakistanda sel daşqınında evindən-eşiyindən olan ac-yalavac insanlar üçün, dünyanın müxtəlif yerlərində müharibədən əziyyət çəkən, yurdundan-yuvasından didərgin düşən insanlar üçün nə edəcəyik? Heç nəyə gücümüz çatmasa da dualarımızda onları düşünmək hər birimizin borcudur.
Unutmayaq ki, onların bir təbəssümü bizə həqiqi bir bayram çələngi olacaq, bahar sevinci yaşadacaqdır. Həzrət Mövlana Məsnəvidə buyurur:
“Əgər sənin könlün varsa könül Kəbəsini təvaf et. Torpaqdan tikilmiş sandığın Kəbənin mənası könüldür.”
“Uca-Haqq görünən və bilinən surət kəbəsini təvaf etməyi, pislikdən təmizlənmiş, saf bir könül kəbəsi qazanasan deyə sənə fərz buyurmuşdur.”
Dərdli Yunus da deyir ki:
“Könül Çalabın taxtı
Çalab könülə baxdı
İki cahan bədbaxtı
Kim könül yıxar isə”
Başqa bir misrasında da belə deyir:
“Yunus Əmrə der hoca,
Gərəksə var min hacca.
Hepsindən eyicə
Bir könülə girməkdir!”
Bütün müsəlmanların qəlbi və nəbzi tək bir insanın nəbzi və qəlbi kimi olmalıdır.
Bayramın həqiqətinə ancaq yardımların sevinci ilə qovuşa bilərik.
Buna müvəffəq olanlar nəfs maneəsini aşaraq əsl insani cövhərini sərgiləmənin səadətinə qovuşmuş olarlar. Çünki bütün ülvi davranışlar, ruhumuzu bürüyən qəflət libaslarından qurtuluşun bir nəticəsidir. Beləcə, bayramlar bütün bəşəriyyətin ülviləşməsi cəhdində xüsusi bir fürsətdir.
Nə səadət, bu fürsəti dəyərləndirib bayramın həqiqətini idrak edə bilənlərə!..
ŞƏRHLƏR