Sonumuzu Unutmayaq
Şam... Hər üçü də şam adlanır: şam (ağac), şam (əşya), şam (gün batan vaxt). Bu söz, üzərində düşünüləcək bir neçə dərin mənanı, yozumu özündə əks etdirir.
Bu üç şeyə sadəlik donu geydirmədən düşünsək, onların daşıdığı dərin mənaları görə bilərik.
Şam (günbatan vaxt): bu məfhuma sadəcə olaraq vaxt, günün müəyyən bir bölümü deyib keçməyək. Düşünək! Günün sübh və günorta bölümündəki o təbiət canlılığı, həyat eşqi ilə yaşayan insanların gün ərzində etdikləri işlər, fəaliyyətlər, öz şüaları ilə ətrafa işıq saçan günəş, cəh-cəh vuraraq budaqdan-budağa qonan quşlar və s. varlıqlar günün şam bölümündə etdikləri fəaliyyətləri dayandırıb yeni bir günün planını qururlar. Varlıqların ən alisi olan insan şam zamanında günün sübh və günorta çağlarındakı enerjisini, canlılığı itirir, süstləşir. İnsanların əvvəlki enerji və canlılıqlarını bərpa etməyə “gecə vaxtı” yardım edir. Əgər fərqli düşünsək, bir gün bütün insanların axşamı düşəcək, gecə öz hökmranlığını sürdürərək öz taxtını sübhə verməyəcək. Bu zaman insan başqa bir dünyanın (axirətin) sabahına günaydın deyəcək.
Şam (əşya): bu məfhum da özündə dərin mənalar əks etdirir. Məsələn: şam hər hansısa bir yerdə, hansısa vasitə ilə hazırlanır. Sonra bəzəkli qutusuna qoyulub satışa çıxarılır. Şamı dükandan alıb gətirir, qutusundan çıxardıb qabın üzərinə qoyur, kibriti yandırırıq və şam yanmağa başlayır. İnsan da doğulur, böyüyür, valideyn nəzarəti altında bir çox fəaliyyətlərini tənzimləyir, həyata atılır.Müəyyən bir yaş həddində isə müstəqil həyat adlı kitabın vərəqlərini çevirir. Çətinliklərlə dolu yaşam məfhumu ilə razılaşır, çalışır-vuruşur, yaşayır.
Şam alovun istisinə dözmür əriyir və yox olur. Şam özü-özlüyündə heç vaxt o alovun qarşısını ala bilməz. Şamın taleyində bir teorem var: yanmaq, ərimək, sönmək. İnsanın da taleyində bir teorem var: doğulmaq, yaşamaq, ölmək. İnsan istəsə də ölümün qarşısını ala bilməz. “Bilqamış” dastanından da bizə məlumdur ki, ölməzlik axtarışında olan insan öz taleyi ilə razılaşmış, ölümün qarşısını ala bilməyəcəyini dərk etmişdir.
Şam (ağac): hamıya məlumdur ki, şam ağacı həmişəyaşıl ağacdır. Qışın soyuğuna, qarına, çovğununa, günəşin o amansız istilik dolu şüalarına hər vaxt sinə gərib həmişə yaşıl, gözəl qalmağı bacarır. Doğrudan da nə qəribədir, digər bitkilər solub-saralaraq quruduğu halda o, həmişə yaşıl qalmağı bacarır. Burada da insanlar üçün bir dərs, hikmət vardır. Sanki bu ağac insanlara öyüd-nəsihət verir. Özü kimi həyatın bütün çətinliklərinə dözərək, sinə gərərək ayaqda dimdik durmağı, şux qalmağı insanlara tövsiyə edir. Amma onun da tövsiyəsi haraya qədər ola bilər? Nə də olsa o da torpaqdan yaranıb. Bir gün o da öz şuxluğunu, əzəmətini, o gözəl yaşıllığını itirib torpağa qarışmayacaqmı? Təslim olmayacaqmı, boyun əyməyəcəkmi həyatın qanunlarına?
Çalışaq ki, şam (əşya) kimi yox, şam (ağac) kimi həyatın bütün çətinliklərinə sinə gərib axirətimizi unutmadan yaşamaq əzmimizi itirməyək, büdrəməyək, həyatda həmişə dimdik durmağı bacaraq və əsl insan kimi yaşayaq.
Həyat bizə nə çətinliklər verir-versin, oynadığı oyunda bizi nə qədər uduzmağa məcbur edirsə-etsin, əsla ruhdan düşməyək, səbir edək, bütün çətinliklərdən və gərgin vəziyyətdən asan və doğru şəkildə çıxmağın yollarını axtaraq. Şam kimi “taleyim belə olmalıdır” teoremindən vaz keçək və əlbəttə ki, sonumuzu unutmayaq.
ŞƏRHLƏR