Qaytar Ana Borcunu!
Bir gözəl, bir sevimli oğul böyütdü ana
O bəd uğursuz günü-ərinin öldüyünü
Bidirmədi heç ona
Kədəri dalğa-dalğa doldusa da ürəyə,
Lakin nə saç yolaraq verdi əsən küləyə,
Nə şivən etdi ana,
Ürəyində ağlayıb, gülmək öyrətdi ona
Dözərək davanın da dərdinə, bəlasına
Bir oğul böyütdü ki, gur çatmaqaş, gen sinə
Bir oğul böyütdü ki, oğul deyirəm sənə
Atlını atdan salıb küləklərlə ötüşür
Baxışından qızların ürəyinə od düşür
Bir oğul böyütdü ki, oğul məktəb bitirdi,
Oğul instituta qızıl medalla girdi.
Ana fikirləşdi ki, "Gör neçə aya getdi?!"
Ana yuxularında tez-tez Bakıya getdi
Ana məktub yazdı ki: "Yanıltma gümanımı,
Pul nədir, pul deyirsən, göndərərəm canımı"
Nə zaman ki, oğlunun getdiyi 4 il oldu
Məktubları kəsildi, gəlmədi tə’til oldu
Ananı fikir aldı, ananın əsdi dizi,
Ana müqəssir etdi tramvayı, dənizi.
O yenə dözdü durdu
O yolmadi saçını
Səslədi qonşuları Əsmər, Çiçək bacını
Yenə də azalmadı ürəkdən bala dərdi
Onlar oğul vermədi, onlar təsəlli verdi.
Məktub-məktub dalınca axdı, Bakıya axdı
Ana da məktubların dalınca baxdı, baxdı...
Məktublarsa Bakını dolandı, gəzdi,gəldi
Məktublar əzik-üzük, məktublar bezdi gəldi
Ana yenə də baxdı gah dolama yollara
Gah da oğul boynuna həsrət qalan qollara
Ana oğul böyütdü, gur çatmaqaş, gen sine
Ana oğul böyütdü, özgəyə qismət oldu
Ana fikirləşdi ki, mən neyləmişəm sənə?
Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu?
Oğul böyütdümü o, büzmədodaq bir qıza?
Oğul böyütdümü o, min işvəyə, min naza?
Ana bilsəydi əgər böyütməzdi oğlunu
Yox, bunu yandım dedim, yenə atmazdı onu
Bir gözəl, bir sevimli oğul böyütdü ana
Ürəyində ağlayıb gülmək öyrətdi ona
Oğul! Nədir etdiyin bəs bu haq-say üçün?
Qaytar onun ömrünə neçə gecə, neçə gün!
Qaytar onun saçının qaralığını geri,
Qaytar o dilindəki şirin-şirin sözləri!
O sözü, o söhbəti, gülüşü anan verib
Ana dodaqlarından bala dodaqlarına
İndi ondan gen gəzən oğul ayaqlarına
Yerişi anan verib
Qaytarsan o sözləri, sözsüz bir lal olarsan
Qaytarsan o yerişi, yerindəcə qalarsan
Qaytarsan o gülüşü, hırıldamazsan daha
Qaytar, qaytar onları, qaytar qoyma sabaha
Sən ki, dərd verdin, oğul, sənə gülüş verənə
Oğul demərəm sənə!
Deyirəm ki, o boyu, buxunu qaytar geri!
Deyirəm ki, varını, yoxunu qaytar geri!
Qaytar onun borcunu,
Gülüşünü, adını, sözünü qaytar geri!
Qaytar onun borcunu,
O borc sənin özünsən, özünü qaytar geri!!!
ŞƏRHLƏR