Qəlbin Gecə Yürüyüşü
Çox şairlər var ki, ən gözəl şeirlərini gecə yazarlar. Çox söz əhli vardır ki, gündüz söyləyə bilmədiklərini gecələr tərənnüm edərlər. Gecə vaxtı əllər daha güclü qalxarkən alınlar da daha çox şövqlə enər səcdəyə.
Bəlkə bundan sonra artıq dodaqlar da tərpənə bilməz. Pərdələr qalxmış, hissiyatın dəmir qəfəsi olan sözlər də bitmişdir. Sidrətul-Müntəhadan bircə addım önə keçə bilməyən Hz. Cəbrayılın yol yoldaşı kimi təfəkkür əhli də yoluna təkbaşına davam edəcəkdir.
Birdən ilahi xitabını xatırlayar Quranın: “Gözünü qaldırıb (səmaya) bax, heç orada bir nöqsan görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!” ayəsi ilə qəlbi irkilər. Gözləri ulduzlara ilişib qalar dərdlinin. Öz-özünə göy üzü ancaq bu qədər gözəl ola bilər deyər. Bu gözəlliyi yaratmaq qüdrətinə sahib olanın kim bilir özü nə qədər gözəldir. Hər axşam baxdığı göy üzü bu ilahi xitabın müşayiətində bir çox mənanı bir anda qəlbinə əks etdirməkdədir.
Hələ kiçik yaşlarda Hz. İbrahimin göy üzündəki ulduzların gözəlliyinə baxaraq gözlərin gedə bilmədiyi uzaqlara qəlb ilə getmək gərəyinin həqiqətini bir daha dərk etmişdi. Bu mübarək yolçuluğun vaxtı isə yuxunun qaçdığı və kürəklərin yatağa dəymədiyi gecələr olacaqdı əlbəttə. Çünki ilahi xitab o vaxta işarə edirdi. “Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində Rəblərinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər.” (əs-Səcdə, 16) Qorxu və ümid içində yuxuya həsrət gözləri ilə gecənin qaranlığında şəffaf baxışlarla uzaqların qəlbinə saplayıb, səccadəni göz yaşları ilə islatmaq… Amma necə olacaqdı? Dağlar boyda günahın daşlaşdırdığı bir qəlb gözlərin yaş tökməsini necə istəyə bilərdi ki? Gecənin cavabı gecikməmişdi: “…bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan (uca yerlərdən, dağdan) yuvarlanıb düşər…” (əl-Bəqərə, 74)
Bəs bu fani dünyanın məşəqqətləri?
“O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!" deyirlər.” (əl-Bəqərə, 156) Elədir ki, var… Biz bu dünyada Allah üçün vardıq, başqası üçün deyil. Sevgilər Onun üçün olmalıydı. Hüznlər və kədərlər də… Onun şanı uca Peyğəmbəri də “Allah üçün sev, Allah üçün qəzəb et!” deyirdi. Uca Yaradan da Rəsulunu ayə ilə dəstəkləyirdi: “…iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir…” (əl-Bəqərə, 165)
Dərd əhli ulduzlara baxaraq dünya nemətlərinə olan hədsiz sevginin qarşısını necə ala biləcəyini düşündü. Necə? “Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.” (Ali-İmran, 14)
Gediləcək yeri və oradakı nemətləri düşünmək… Müqəddəs kitabımız bu gediləcək yeri, yəni cənnəti təsvir edən ayələrlə dolu idi. “Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar; məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə. O şərabdan başları ağrımaz və keflənməzlər. Bəyənib seçdikləri meyvələr və istədikləri hər cür quş əti ilə onların dövrəsində fırlanacaqlar. (Orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır. Sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər. Onlar (bu nemətlərə) etdikləri (yaxşı) əməllər müqabilində nail olacaqlar. Orada nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər.” (əl-Vaqiə, 17-25)
Cənnəət nemətləri… Bu nemətlərin ən gözəli və şahanəsi nə idi görəsən… Quş ətlərimi, hurilərmi? Əsla! “Rəhmli Rəbdən (onlara) "salam" deyiləcəkdir.” (Yasin, 58) nidasıya qəlbi rahatlıq tapdı dərdlinin. Təkcə o salamı ala bilmək üçün hər şeyi fəda etməyə dəyərdi bu dünyada. “…atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər…” (ət-Tovbə, 24)
Başüstə dedi gecə yürüyən, gecə yürüdənə. Başüstə.
Şəbi-yeldada uzar fəcrə qədər qissi-aşk
Ta ki, Məcnun bitirir nutkunu Leyla söylər
ŞƏRHLƏR