“İki Bayram Arasi Nikah” Məsələsi
Dildən-dilə ötürülən şeylər xalq arasında adətən daha çox bilinir. Onun dillərdə əzbər olma cəhəti də məhz, buna görədir. Çünki insandan-insana, nəsildən-nəslə şifahi yolla və sürətlə ötürülür.
İstər-istəməz fikirlər adətən onun əhatəsində cəmləşir. Əsassız da olsa ona inam güclü olur. Beləliklə şəxsin inanc dünyasında özünəməxsus yeri olan bir hissəyə çevrilir.
Eyni zamanda insanların şifahi nitqinə çevrilən bu kimi şeylər, yazı-pozu işindən əl çəkmiş cəmiyyətlərdə daha çox özünü büruzə verir. Əsli-əsası götür-qoy edilməyən, tarixi həqiqətlərə uyğun olub-olmaması araşdırılmayan mülahizələr, zaman keçdikcə həddindən artıq şişirdilir və həqiqət kimi göstərilir.
Müsəlmanlar arasında da dildən-dilə ötürülən bir çox mif və batil inanclara rast gəlmək mümkündür. Hətta bəzi yerlərdə bunun ayaq tutub yeriməsi müşahidə edilən ən acınacaqlı bir haldır. Ölənin yuyulduğu yerdə səhərə kimi işıq yandırmaq, qışın soyuğu belə olsa qəbir başında gecə-gündüz qırx gün Quran oxumaq, kəfən ölçərkən işlədilən ipi doğram-doğram etmək və sair kimi əsassız işlərə dində varmış kimi inanılır və əməl edilir.
El arasında haqqında çox danışılan bir məsələ də vardır ki, bu “iki bayram arasında nikah olmaz” sözüdür.
Qeyd etmək lazımdır ki, əslində bunun kökləri, cahiliyyət dövrü dediyimiz islamiyyətdən əvvəlki tarixə qedib çıxır. Çünki o dövrün insanları şəvval ayında evlənməyi uğursuz hesab edərək toy-büsat qurmağı başqa vaxta təxirə salırdılar.
Xeyir və şərin Allahdan olduğunu, hər hansı bir şeyi uğursuz hesab etməyin isə batil bir inanc olduğunu bildirən Həzrət Peyğəmbər əleyhissalam adı keçən məsələ haqqında da ümmətinə yol göstərmişdir.
Belə ki, onun Həzrət Aişə ilə nişanlanması Şəvval ayında olmuş, bundan üç il sonra yenə Şəvval ayında onunla nikahlanaraq evlənmişdir. (Müslim, Nikah 73)
Əziz Peyğəmbərimizin həm nişanı, həm də nikahı iki bayram arasında, yəni Ramazandan sonrakı ayda olmuşdur. Hətta Hz. Aişənin “iki bayram arasında nikah olmaz” deyən birinə: “Bizim nikahımız şəvvalda olmuşdu” -deyərək bu səhv fikri düzəltdiyi qaynaqlarda qeyd edilir.
Onu da qeyd etmək lazımdır ki, bəzi mülahizələrdə iki bayramın Ramazan və Qurban yox, cümə günü ilə üst-üstə düşən bayram olduğu qeyd edilir. O gündə bayram namazından sonra cümə namazına qədər müsəlmanın cümə namazına hazırlaşmaq əvəzinə nikah işləri ilə məşğul olması əlbəttə ki, sünnəyə müvafiq deyil. Ona görə bu iki (cümə və bayram) bayram arasında nikahla məşğul olmaq xoşagəlməz bir iş sayılır.
ŞƏRHLƏR