Mövlananin “Gəl” Deyişi

Mövlananin “Gəl” Deyişi

Gəlmək bir dönüşdür. Gedilən, uzaqlaşılan, ayrı düşülən məkandan, sevgilidən gələn dəvətə cavab verməkdir.

Gəlmək bir vüslətdir. Ana yurda, sevgiliyə, həsrət ocağından buğlanan məhəbbətə qanad açabilməkdir.

Gəlmək əfvə girə bilməkdir. Məkan və şərtlər nə olursa-olsun dönüşün dəvətinə, vüslətin məhəbbətinə, çətinliyin asanlığına dəm vuraraq əfvə sığınmaqdır gəlmək.

Həzrət Mövlana:

“Gəl, nə olursan ol, yenə gəl. Bizim qapımız ümidsizlik qapısı deyildir. Yüz dəfə, min dəfə tövbəni pozmuş olsan da, yenə gəl!” deyir.

Gəl deyir Mövlana. Fəqət bu “gəl” deyiş fərqlidir.

Evə gəlmək, məmləkətə gəlmək, sevgiliyə gəlmək, hər hansı səbəbdən ayrıldığı bir yerə gəlməkdən çox fərqlidir.

Məna və mahiyyət etibarilə fərqlidir.

Bunlardan biri; konkret gəlişdir.

Birinci dərəcədə iki yaradılanı maraqlandırır. Gəlmək və ya gəlməmək iki tərəf arasında cərəyan edər.

Digər gəliş isə Mövlananın “gəl!” dediyi mücərrəd gəlişdir.

O gəlişdə tərəflər arasında ilk olaraq qul hökmündəki insan oğlu vardır və o günahkardır. Bir yolu qalmışdır, o da fitrətə uyğun bir gəlişlə gəlməkdir.

Burada gəl deyən Uca Allahdır. Tərəflərdən biri yaradılan, digəri yaradandır.

Mövlana Allahın adından gəl deyərək səslənməkdədir qəflətdəki insana. Allahın Qurandakı “gəl” deyişini, “tələsin” deyişini xatırladır sanki. Yenə Allah təala Qurani-Kərimdə insanın çox zalım və cahil olduğunu, çox tələskən olduğunu, mənfəətinə düşkünlüyünü, qısqanc və Allaha qarşı nankor olduğunu bildirməkdədir. Bu mənfi və zərərli vəsflərlə yanaşı müxtəlif ayələrdə insanın çox zəif olduğunu da bildirmişdir. 

Mövlananın gəl deyişi bunun üçün çox mühümdür. Mövlana günahkar insanları səhrada bələdçisiz qalmış, suyu tükənmiş, yolunu azmış, qum fırtınaları arasında başını qaldırmağa imkan tapmayan bir yolçu olaraq görür. Onlara səslənməklə də doğru yolun hansı istiqamətdə olduğunu göstərir. Çünki insan yaradılış gərəyi olaraq daima bir rəhbərə möhtacdır. Bu ehtiyacı sezən və bilən Mövlana günahkarın işlədiyi günaha bağlı qalmamış, onun fitrətən məsum olduğunun və hidayətə nail ola biləcəyinin ehtimalı ilə səslənmiş, gəl demişdir. Nə olursan ol, yetər ki, gəl!

 Fitrətən həm yaxşıya, həm də pisə meyilli olaraq yaradılan insan yuxarıda bəhs edilən mənfi xüsusiyyətlərlə müxtəlif pisliklər işləyə bilər. Məsələ yaradılışımızın birinci dərəcədə qayəsi imtahan sirri olan bu pisliklərdən sonra izləyəcəyimiz yolla əlaqəlidir. İnsan ya şeytanın etdiyi kimi “Məni azdırmağına əvəz olaraq…” deyib Allahı günahlandırar, ya da insanlığın atası və anası Hz. Adəm və Həvva kimi “Əgər bizi bağışlamaz və bizə acımazsan…” deyərək əfvə yönəlməyə çalışar.

İnsanın qarşısında iki yol var. Birincisi; peşman olmamaq, tövbə etməməkdir, ikincisi isə; tövbə və peşmançılıq yoludur. Bu mənada günahkar insanın:

Leyli məsaib kimi muzlim günüm,

Gəl də əlimdən tutuver düşkünüm!  -nidasını duyan Mövlana belə səslənir:

“Gəl! Nə olursan ol, yenə gəl! Bizim qapımız ümidsizlik qapısı deyildir. Yüz dəfə, min dəfə tövbəni pozsan da, yenə gəl!”

Çünki insanın fitrətində yaxşıya, doğruya və gözələ doğru hər zaman bir axış və bir meyil vardır. Bu axış və meyil çox zaman müxtəlif səbəblərdən dolayı ətalətə, kəsintiyə uğrayar. Bu kəsintinin birinci səbəbi də işlənən pis fellərin insanın gözündə çox böyüməsi və tövbəsinin qəbul olunmayacağı qorxusudur.

Mövlana bu səbəblə günah dənizində boğulan insana bir yardım əli uzatmaqdadır. Allahın və Rəsulunun bildirmiş olduğu gözəlliklərdən xəbər verməkdədir.

Nədir o gözəlliklər?

Mərhəmətdir, əfvdir, bağışlamaqdır. Çünki Allah təala kitabında: “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin.” (ət-Təhrim, 8) buyurmaqdadır. Hz. Peyğəmbər isə: “İşlənən günahdan peşmanlıq duymaq tövbədir. Günahlarına tövbə edən kəs sanki o günahı işləməmiş kimi olur.” (İbn Macə, Zöhd, 30) buyurur.

Mövlananın insanları qurtuluşa çağırmasının arxasında yatan sirr də budur. O, ruhən çökmüş, qurtuluş ümidini itirmiş günahkarlara səslənərək gəl deməkdədir. Sanki Rəbbimizin “Allah sizin tövbələrinizi qəbul etmək istəyir.” (ən-Nisa, 27) nidasını xatırlatmaq və “…Allah sizə nə üçün əzab versin…” (ən-Nisa, 147) ayəsi ilə yaradılış məqsədimizin cəhənnəmə odun olmaq üçün deyil, tövbə və peşmanlıq ilə günahlarımızı örtdüyümüz təqdirdə Allahın rəhmətinin bizi əhatə etməyə hazır olduğunu duyurmaq istəyir.

Nə böyük mərhəmət! 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz