Mənəvi Acliq
İnsan zahirən acıb-doyduğu kimi mənən də acar və doyar. Maddi aclığımızı çörək, su və s. ilə aradan qaldırdığımız kimi mənəvi aclığımızı da zikrullah ilə doyura bilərik.
Qısaca söyləyəcək olsaq Rəbbimizin əmr və qadağalarından uzaqlaşdıqca və Onu xatirimizdən çıxardıqca mənəvi aclıq yaşamış oluruq. Bu halda dərhal Allahı yad etməli, Onsuz keçən vaxtlardan ötrü peşmanlığımızı Ona etiraf etməliyik ki, qəlbi aclığımızı da doyura bilək.
Əgər Rəbbimizə yönəlməzsək, qəlblərimizə düşən qara ləkələr çoxalmağa və bütün qəlbi örtməyə başlayar. Əgər mənəvi böhran yaşamaq istəmiriksə qəlbimizdə özünə yer etməyə çalışan pası silmək üçün cəhd göstərməliyik. Bu isə ancaq Allahı zikr etməklə mümkündür. Bu həqiqəti Rəbbimiz bizə belə xatırladır:
“Bilmiş olun ki, qəlblər ancaq Allahı anmaqla aram tapar.” Zikr sanki qəlblərin kirini və pasını silən mənəvi bir dərmandır.
Ancaq qəlbdəki kirlər təmizlənərsə, üzvlərdən gözəl hərəkətlər zahir olar. Bu xüsusda Hz. Peyğəmbərin çox mühüm xəbərdarlığı vardır. Rəsulullah qəlbin mühüm roluna diqqət çəkməkdədir:
“... Xəbəriniz olsun ki, bədəndə bir ət parçası vardır. Əgər o sağlam olarsa, bütün bədən sağlam olar, əgər o pozularsa, bütün bədən pozular. Xəbəriniz olsun ki, bu ət parçası qəlbdir.” (Buxari, İman 39)
Bu gün bütün dünyanın ən böyük problemi mənəviyyat aclığıdır. Qərbdəki sosio-psixoloqlar insanlardakı doyumsuz tamahkarlıq duyğusu, sonsuzluq istəyi və ehtiras tərbiyə edilmədiyi təqdirdə 2020-ci ilin Dünya Depresiya İli olacağını ifadə edirlər.
Tarix səhifələrini vərəqlədiyimiz zaman yüksəliş və çöküşlərin mənəviyyatla, əxlaqla əlaqəli olduğunu görürük. Yoxsulluq səbəbilə batdığını düşündüyümüz dövlətləri araşdırdıqda o dövlətdə israfın, lüks düşkünlüyünün varlığı ilə qarşılaşacağıq. Yəni mənəvi dəyərlərindən uzaqlaşdığı üçün yox olub getmişlər. Hətta bir az daha əvvələ qayıtsaq, əxlaqsızlıq üzündən batan Sodom və Qomorre kimi şəhərlərin olduğunu görürük.
Mənəvi böhranlardan xilas olmağın yeganə yolu Qurana və sünnəyə sarılmaqdır. Bu gün yaşanan böhran çapındakı sıxıntıların yeganə əlacı budur. Quran və sünnə ilə bəslənməyən qəlblər qaranlıqlarda çırpınmağa davam edəcəkdir. Rəbimiz belə buyurur:
“Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Quran) elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) - yenilməz qüvvət sahibi, (hər cür) tərifə (şükrə) layiq olan Allahın yoluna (islam dininə) çıxartmaq üçün nazil etmişik.” (İbrahim, 1)
Bəşəriyyət hidayət yolundan çıxdıqca Allah təala peyğəmbərlər göndərmişdir. Onlar da bəşəriyyəti düşdüyü azğınlıq və şirk kimi bataqlıqlardan çıxarmaq üçün səy göstərmişlər. Hz. Peyğəmbər də 23 il bu yolda cəhd göstərdi. Ömrünün sonunda 120 minə yaxın əshabına vida xütbəsində bu mənalı tövsiyələri edirdi:
“Sizə iki əmanət qoyub gedirəm. Onlara möhkəm sarıldıqca yolunuzdan azmazsınız. Bu əmanətlər Allahın kitabı Quran və Onun Rəsulunun sünnəsidir.”
Sağalmaz kimi zənn edilən mənəvi yaralar Rəsulullahın mənəvi reseptləri ilə müalicə oluna bilər. Yaşadığımız problemlərin əksəriyyəti iç dünyamızın xarab olmasıyla bağlı olduğu üçün müalicəsi də qəlbidir. Bu yaralar zahirdən görünməz. Tezliklə müalicə edilməzsə insanı içəridən gəmirib məhv edər. Yəni bu işlərin mərkəzində qəlb dayanır. Rəsulullah (s.ə.s) bu həqiqətə çox əhəmiyyət verdiyi üçün, özü bir peyğəmbər olduğu halda qəlbə dair bu duaları edərək bizə bu xüsusda öndərlik etmişdir:
“Ey qəlbləri təsbit edən Rəbbimiz! Qəlblərimizi dinin üzərində sabit qıl!” (Tirmizi, 2140)
“Ey qəlbləri çevirib idarə edən Allahım! Qəlblərimizi Sənə itaət etməyə istiqamətləndir!” (Müslim, Kitabul-Qədər, bab 3, 2654)
“Allahım! Doymayan acgöz nəfsdən, qorxmayan qəlbdən, faydasız elmdən və qəbul olunmayan duadan Sənə sığınıram!” (Tirmizi, Dəavat, bab 68, 3482)
Gündəlik həyatımızda hər hansı bir əskikliyimiz olduqda bütün günü bizi narahat edir. Məsələn, birini incitdiyimiz zaman halallıq istəmək məcburiyyəti hiss edirik.
Mənən insanı rahatladacaq ən mühüm xüsus etiraf etməkdir. Bu, xristianlıqda başqalarını günaha şahid tutacaq tərzdə gerçəkləşir. Ancaq islamda insan öz günahını, hər cür arzusunu ehsan duyğusu ilə sanki Onunla danışırmış kimi səmimi qəlbdən, peşmançılıq göz yaşları ilə ancaq Rəbbinə ərz edər. Buna da ən gözəl misalı yenə Peyğəmbərimizdə görürük. Bu yazımızda sizi Rəsulullahdan örnək alaraq dilimizdən düşürməyəcəyimiz bir neçə dua ilə baş-başa qoyuruq.
Hz. Əli (r.a)-dan rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s) namaza qalxdığı zaman bu duanı oxuyardı:
“Allahım! Yeganə hökmdar Sənsən. Səndən başqa ilah yoxdur. Sən mənim Rəbbimsən, mən də Sənin qulun. Mən özümə zülm etdim, günahlarımı etiraf edirəm. Bütün günahlarımı əfv eylə. Çünki günahları Səndən başqa heç kim əfv etməz.
Məni ən gözəl əxlaqa qovuşdur. Səndən başqa heç kim əxlaqın ən gözəlinə qovuşdurmaz. Məndən pis əxlaqı uzaqlaşdır. Səndən başqa heç kim pis əxlaqı məndən uzaqlaşdırmaz.
Mən daima Sənə itaət edirəm. Daima Sənin qulluğundayam. Bütün xeyirlər Sənin qüdrət əlindədir. Sənə pislik nisbət edilməz. Varlığım Səndəndir, dönüşüm də Sənədir. Xeyir və ehsanın, bərəkətin hədsiz çoxdur və Sən ucasan. Məni bağışlamanı istəyir, Sənə tövbə edirəm.”
Rükuda
Peyğəmbərimiz (s.ə.s) rükuya getdikdə Allaha necə boyun əydiyini o ankı vəziyyətinə görə belə ifadə edərdi:
“Allahım! Mən yalnız Sənə rüku etdim. Yalnız Sənə iman etdim. Yalnız Sənə təslim oldum. Gözüm, qulağım, beynim, bütün sümüklərim və sinirlərim Sənə boyun əydi.”
Rükudan qalxdıqda bunları deyərdi:
“Allahım! Göylər və yer dolusu, göylə yer arasındakılar qədər, onlardan əlavə sənin dilədiyin şeylər qədər Sənə həmd olsun.”
Səcdədə belə deyərdi:
“Allahım! Yalnız Sənə iman etdim, Sənə təslim oldum. Üzüm, onu yaradıb ona şəkil verənə, qulağını və gözünü var edənə səcdə etdi. Yaradanların ən gözəli olan Allah çox ucadır.”
Təhiyyatdan sonra, salam vermədən əvvəl belə dua edərdi:
“Allahım! İndiyə qədər etdiyim, bundan sonra edəcəyim, gizlədiyim və açığa vurduğum, ölçüsüz şəkildə işlədiyim və məndən daha yaxşı bildiyin günahlarımı əfv eylə! Önə keçirən də Sənsən, geridə qoyan da. Səndən başqa ilah yoxdur.” (Müslim, Müsafirin 201)
ŞƏRHLƏR