Müqəddəs Yolçuluq
Həcc islamın beşinci əmridir.
Müəyyən aylarda yerinə yetirilir.
Həcc mövsümü hicri aylardan Şəvval və Zilqədə ilə Zilhiccənin ilk on günüdür.
Həcc etmək Məkkədə yerləşən Kəbəni ziyarət etmək (təvaf etmək), Ərəfə günü bir müddət Ərəfatda durmaq deməkdir.
Kəbə
Müsəlmanlar namaz qılarkən gündə ən az beş dəfə Kəbəyə yönəlirlər.
Həm Kəbə, həm də həcc əsnasında ziyarət edilən digər mübarək yerlər Hz. Peyğəmbər ilə daha əvvəlki bir çox peyğəmbərin Allahın dinini öyrətmək üçün verdiyi mücadilənin xatirələri ilə doludur.
Kəbənin necə bir məbəd olduğunu Qurani-Kərimdən öyrənək:
Kəbə yer üzündə tikilən ilk məbəddir.
Hz. İbrahim ilə oğlu İsmayıl Kəbənin “təməllərini ucaldaraq” onu yenidən inşa etmişdilər.
Kainatın Rəbbi qullarının yaşadıqları yerlərdən uzaq-yaxın demədən oranı ziyarətə getmələrini və Kəbəni təvaf etmələrini istəyir.
Allah təala Kəbəyə çox əhəmiyyət verir; Ona “mənim evim” deyir.
Və bu mübarək binanı Beytullah, əl-Beyt, əl-Beytül-Ətiq, əl-Beytül-Həram, əl-Beytül-Muhərrəm, əl-Beytül-Məmur, əl-Məscidül-Həram kimi fərqli isimlərlə anır.
Həccin fərzləri
Həccin iki fərzi vardır.
Biri; ərəfə günü günorta vaxtından ertəsi gün səhər vaxtına qədər olan müddət içində Məkkənin 21 km. şərqindəki Ərəfat dağında bir müddət gözləməkdir. Buna vəqfə deyilir. Milyonlarla hacı vəqfədəki bu möhtəşəm toplanmalarıyla sanki məhşər gününü canlandırırlar.
Rəsuli-Əkrəm Ərəfatda vəqfədə olmanın tərk edilə bilməz bir ibadət oldğunu bu sözü ilə anlatmışdır: “Həcc, Ərəfə deməkdir.”
Yenə sevimli Peyğəmbərimizin bildirdiyinə görə Haqq təalanın cəhənnəmdən ən çox qul azad etdiyi gün Ərəfə günüdür. O gün Kainatın Rəbbi möminlərin Ərəfatdakı o möhtəşəm duruşlarını mələklərə göstərər və onlara qarşı qulları ilə öyünər.
Hacılar günəş batınca Ərəfat dağından Müzdəlifəyə enərlər. Məşari-Həram deyilən bu yerdə axşam və yatsı namazlarını birləşdirərək qılarlar.
Həccin ikinci fərzi Kəbəni təvaf etməkdir.
Vəqfə və təvaf fərzlərini ifa edənlər hacı olurlar.
Həccin Dəyəri
Həcc etmək imkanına sahib olanların Kəbəni ziyarət etməsi Allahın insanlar üzərindəki haqqıdır. Bunu Allah təala bildirir.
Onun üçün həcc vəzifəsi, Hz. Peyğəmbərin bildirdiyinə görə namaz qılmaq, zəkat vermək, oruc tutmaq kimi islam dininin beş ana əsasından biridir.
Sevimli Peyğəmbərimiz həcci belə anlatmışdır:
“Həcc Allaha və Peyğəmbərə iman və Allah yolunda cihad etməkdən sonra gələn ən üstün ibadətdir. Allah təalanın qəbul etdiyi həccin qarşılığı cənnətdir.
Hər kim həcc etmək üçün evindən çıxdığı andan etibarən pis söz söyləməz və böyük günah işləməzsə, anasından doğulduğu gün olduğu kimi günahsız olaraq evinə dönər.”
Ehram və Təlbiyə
Həcc və ümrəyə gedən kişilər hələ Məkkəyə çatmadan Hz. Peyğəmbər tərəfindən bildirilmiş yerlərdə normal paltarlarını çıxarıb ağ rəngli, tikişsiz bir libasa bürünürlər. Buna “ehrama girmək” deyilir.
Qadınlar ehrama girməzlər.
Namaz qılacaq kimsənin namaza hazırlıq olaraq dəstəmaz alması nə qədər əhəmiyyətli isə, həcc edəcək kimsənin ehrama girməsi də o qədər əhəmiyyətlidir.
Ehram bir növ kəfəni xatrılatdığı üçün ehrama girənlər məhşərdə Allah təalanın hüzurunda olduqlarını hiss edərlər; davranışlarına, düşüncələrinə diqqət edərlər; müsəlman qardaşları ilə bərabər olduqlarını daha yaxşı dərk edərlər.
Ehrama girənlər “Ləbbeyk Allahummə ləbbeyk..” deyə səslənirlər. “Buyur Allahım, əmrindəyəm” mənasındakı bu sözlərə təlbiyə gətirmək deyilir.
Cəbrail əleyhissəlam Peyğəmbərimizin yanına gələrək ehramın həccin əlamətlərindən biri olduğunu söyləmiş, ehrama girənlərin yüksək səslə təlbiyə gətirmələri gərəkdiyini bildirmişdir.
Həcəri-Əsvəd və Məqami-İbrahim
Həcc əsnasında ziyarət edilən mübarək yer və məqamlardan biri Kəbənin yan tərəfində yerləşən və qara daş mənasında olan Həcəri-Əsvəddir.
Allah Rəsulu Həcəri-Əsvədə və Kəbənin Rükni-Yəmani deyilən küncünə toxunmanın, onları salamlamanın günahların tökülməsinə vəsilə olacağını söyləmişdir.
Hz. Ömər Peyğəmbərimizin vəfatından sonrakı illərdə Həcəri-Əsvədi öpmüş və ona xitabla belə demişdir:
“Sənin bir daş olduğunu bilirəm; heç kimə nə faydan toxunar nə də zərərin. Əgər Rəsulullahın öpdüyünü görməsəydim, səni öpməzdim.”
Mübarək məqamlardan digər biri də Hz. İbrahimin Kəbə divarını hörərkən üzərinə basdığı daşdır. Buna Məqami-İbrahim deyilir. O da Kəbənin yaxınlığında və bir neçə metr uzaqlıqdadır.
Həcəri-Əsvəd ilə Məqami-İbrahimin cənnət yaqutlarından olduğu bildirilməkdədir.
Səfa və Mərvə
Həcc və ümrə ziyarəti əsnasında ziyarət edilən mübarək yerlərdən biri də Səfa və Mərvədir. Səfa və Mərvə bir zamanlar iki təpəlik imiş, hacıların Səfa ilə Mərvə arasında etdiyi yeddi yürüyüş, Hz. İbrahimin xanımı Həcərin oğlu İsmayıla su aramaq üçün bu iki təpə arasında yeddi dəfə qaçmasının simvoludur.
Səfa ilə Mərvə arasındakı bu yürüyüşə sə`y deyilir.
Rəsuli-Əkrəm səllallahu əleyhi və səlləm də həcc vaxtı həm Kəbəni təvaf edərkən, həm də Səfa və Mərvə arasında sə`y edərkən müşriklərin onu seyr etdiyi müəyyən bir məsafədə, onlara güclü olduğunu göstərmək üçün sürətli və canlı bir şəkildə getmişdir.
Sə`y əsnasında bu qısa məsafədə sürətli getməyə hərvələ deyilir.
Ümrə
Kəbəni təvaf edib Səfa ilə Mərvə arasında sə`y etməyə ümrə deyilir.
Ümrənin müəyyən bir vaxtı yoxdur; həcc mövsümündə də, ilin hər hansı bir günündə də edilə bilər.
Rəsuli-Əkrəm həyatında bir həcc, dörd ümrə etmiş, iki ümrə arasında işlənən günahların bağışlanacağını müjdələmiş; Ramazan ayında edilən ümrənin həcc savabı qazandıracağını bildirmişdir.
Məscidi-Nəbəvidə Namaz
Həccə gedən müsəlmanlar Peyğəmbərimizi ziyarət etmək üçün Mədinəyə gedər və oradakı Məscidi-Nəbəvidə namaz qılarlar.
Sevimli Peyğəmbərimiz “mənim məscidim” dediyi Məscidi-Nəbəvidə qılınan bir namazın, Kəbə xaricindəki məscidlərdə qılınan “min namaz”dan daha xeyirli olduğunu söyləmişdir.
Bu müjdəyə əsasən hacılar Mədinədə olduqları günlərdə namazlarını Peyğəmbərimizin məscidində qılmağa çalışırlar.
Allahın elçisi “Evimlə minbərimin arası cənnət bağçalarından bir bağçadır” buyurduğu üçün müsəlmanlar Məscidi-Nəbəvidə olduqları əsnada fürsət və imkan olduqca bu mübarək yerdə iki rükət də olsa namaz qılmağa çalışırlar.
Altınoluk 2007 Dekabr
Tərcümə: Saleh Şirinov
ŞƏRHLƏR