ZÖHD və DÜNYA SEVGİSİ
Zöhd bu dünyanın gəlib-keçici bər-bəzəyinə qarşı həris olmamaq, əksinə, dünyanı kiçik və fani görüb dünya sevgisini qəlbdən çıxarmaq və dünya rahatlığını axirət üçün tərk etmək mənasına gəlir.
Bu şəkildə zöhd həyatı yaşayan kimsələrə zahid deyilir.
Heç bir maddi imkanı olmayan, dünyanın şirin naz-nemətlərinə əli çatmayan kimsələrə zahid deyilməz. Əsil zahid maddi olaraq hər cür imkanı olduğu halda dünyanın bər-bəzəyi olan var-dövlət sevgisini qəlbinə qoymayan kimsədir. Necə ki, Malik bin Dinar özünü nəzərdə tutaraq belə demişdir: “İnsanlar Malik bin Dinarın zahid olduğunu deyirlər, ancaq əsil zahid Ömər bin Əbdüləzizdir. Çünki o, var-dövlət, dünya zövqləri ayağına gəldiyi halda onlara əsla rəğbət göstərməmişdir”. (İbn Hənbəl, V, 249)
Digər yandan, nəfsdə arzu və istək duyulmayan hər hansı bir şeydən çəkinmək də zöhd sayıla bilməz. Dəyər verilməyən şeylərə deyil, qızıl və gümüş kimi rəğbət edilən şeylərə həris olmayan kimsəyə zahid deyilir.
Dünya həyatının və fani zövqlərin həqiqi üzü Kəhf surəsinin 45-46-cı ayələrində belə izah edilir: “(Ya Rəsulum!) onlara bu dünyanı misal çək: (Bu dünya) göydən yağdırdığımız yağmura bənzər. Yerdəki bitkilər onunla qarışıb (onu içib) yetişər, sonra isə dönüb küləyin sovurduğu quru çör-çöp olar. Allah hər şeyə (hər şeyi yaratmağa və məhv etməyə) qadirdir! (Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir!”
Ali İmran surəsinin 14-cü ayəsində isə belə buyurulur: “Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqləridir. Gözəl dönüş yeri isə Allah yanındadır”.
Cabirdən (r.a) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.s) bir dəfə bazara getmişdi. Ətrafında səhabələri də var idi. Orada kiçik qulaqlı bir oğlaq ölüsünə rast gəldi və qulağından tutaraq: “Hansınız bunu bir dirhəmə satın almaq istəyər?” - deyə soruşdu. Səhabələr: “Xeyr, almarıq, onu nə edəcəyik ki?!” - dedilər. Sonra Rəsulullah (s.ə.s): “Sizə ucuz verilsə necə, istəyərsinizmi?” - deyə təkrar soruşduqda, onlar: “Vallahi, o diri olsa belə, qulaqsız olduğu üçün qüsurludur. Ölüsünü neyləyəcəyik ki?” - deyə cavab verdilər. Bundan sonra Peyğəmbərimiz (s.ə.s) belə buyurdu: “Allaha and içirəm ki, Allah qatında dünya, qarşınızdakı bu ölü oğlaqdan daha dəyərsizdir”. (Müslim, Zöhd, 2)
Başqa bir hədisi-şərifdə isə belə buyurulur: “Əgər dünya, Allah qatında ağcaqanadın qanadı qədər bir dəyərə sahib olsaydı, Allah heç bir kafirə bu dünyadan bir udum su belə içirməzdi”. (Tirmizi, Zöhd, 13)
Həzrət Peyğəmbər (s.ə.s) İslam ümmətinin gələcəkdə dünyaya meyl edəcəyi, axirəti unudacağı və bu səbəblə imtahandan keçə bilməyəcəyi təlaşını dilə gətirmişdir. Belə ki, O, bir yandan: “Məndən sonra sizə dünyanın çiçəkləri və bəzəklərinin açılmasından (və onlara könül verməyinizdən) qorxuram” (Buxari, Cihad, 37) xəbərdarlığını edərkən, bir yandan da: “Hər ümmətin bir fitnəsi vardır. Mənim ümmətimin fitnəsi də dünya malıdır” (İbn Hənbəl, IV, 160) buyurmaqla hər cürə dünya malının bir imtahan vəsiləsi olduğunu bildirmişdir.
Hər bir kəs var-dövlət sahibi olmaq, dünyada rahat yaşamaq istər. Müsəlman üçün bə bu istək təbiidir. İslam zəngin olmağı qadağan edib kasıb yaşamağı əmr etməmişdir. Hətta İslamın şərtlərindən biri olan zəkat ibadətini yerinə yetirmək üçün varlı olmaq şərtdir. Zəkatı ancaq dini meyarlara görə zəngin olanlar verə bilər. Bu baxımdan dinimiz var-dövlət sahibi olmağı qınamamış, sadəcə olaraq ona həris olmağı, dünya sevgisini qəlbə yerləşdirməyi qadağan etmişdir. Dünyəvi məqsədləri hər şeydən öndə tutaraq axirət nemətləri əldən verilməməlidir. Müsəlman üçün əsas məqsəd daim axirətini qazanmaq, düna malından da bu məqsədinə nail olmaq üçün istifadə etmək olmalıdır. Mövlana Cəlaləddin Rumi gəmini insana, suyu isə var-dövlətə bənzədərək nə gözəl demişdir: “Suyun gəminin içində olması gəminin həlakıdır. Gəminin altındakı su isə onun üzməsinə yardım edər”.
Mövzumuzu Allah Rəsulunun (s.ə.s) bu kəlamları ilə yekunlaşdıraq:
“Axirətə görə dünya sizdən birinizin barmağını dənizə batırmasına bənzəyir. Həmin adam barmağının nə qədər su ilə çıxdığına bir baxsın!” (Müslim, Cənnət, 55)
“Bir qoyun sürüsünün içinə hücum edən iki ac qurdun həmin sürüyə verdiyi zərər, var-dövlətə həris bir adamın dininə verdiyi zərərdən daha çox deyildir”. (Tirmizi, Zöhd, 43)
ŞƏRHLƏR