İSTİQAMƏT - "QIZIL ALMA"

İSTİQAMƏT - "QIZIL ALMA"

Türkiyə torpaqlarını hər tərəfdən mühasirəyə almaq məqsədi ilə ətraf bölgələrə yerləşən və ya yerləşdirilən terror qruplaşmalarını təmizləmək qayəsi ilə Afrinə yollanan türk əsgərindən müxbir soruşur:

- Yolunuz hayanadır?

- Qızıl Almaya!

- Ailənə sözün?

- Gözləməsinlər!..

Bu qısa dialoq türk millətinin “Qızıl Alma” idealını yenidən gündəmə gətirərək hər kəsi düşünməyə sövq etdi. Dünən Türkiyənin Serablusda nə işi olduğunu soruşanlara, bu günsə “Türkiyənin Afrində nə işi var?” - deyənlərə verilən iki kəlməlik cavabdır “Qızıl Alma”…

 

Hələ İslamdan əvvəl, türk inancına görə alma müqəddəs sayılır, bütün meyvələrin atası və anası qəbul edilirdi. Alma ağacının çiçəkləri ağ və ya çəhrayı rəngdə açar. Meyvələrinin rəngi müxtəlifdir. Dünyada ən çox növü olan ağac da almadır. Ən çox yetişdirilən və ən çox yeyilən meyvə məhz odur. Dünyaya yayılması ulu türk diyarı Altay və Qafqazlardan başlamışdır. Beşiyi Alma Atadır – türk yurdu Qazaxıstanın keçmiş paytaxtı Almata.

Yer üzündə, demək olar ki, bütün torpaqlarda yetişməsi onu bir simvola çevirmiş, dillərə dastan etmişdir. Məsələn, alma qadınla kişinin bir-birinə duyduğu sevgi simvoludur. Yolunda fədakarlıqlar edilən, candan keçilən ülvi sevginin simvolu.

 Qədim dövrlərdən, nəsillərin yaddaşından süzülərək günümüzə gəlib çatan türk nağıllarında ağsaqqalın əlindən alma alıb yeyən sonsuz qadının dünyaya əkiz övlad gətirdiyini oxumuşuq. Deməli, alma həm də nəslin davam etməsini ifadə edir. Mənsub olunan soy ağacının eynilə alma kimi dünyanın bütün guşələrinə şaxələnməsi ilə səsləşir.

Adətən cadugərlər tərəfindən tilsimlənən armudu yeyən nağıl qəhrəmanları başlarına gələn bəladan ovsunlu alma yeyərək xilas olmuş, düşdükləri tilsimi bu yolla qırmışlar. Deməli, alma haqq ilə batil savaşında haqqı təmsil edən simvoldur eyni zamanda.  

Ad-sanı ilə dünyaya ün salan möhtəşəm bağçaların da ən gözəl meyvəsi alma olmuş və divlərin tamahını qabartmışdır. Nağıl qəhrəmanı Məlikməmməd almanı qorumaq üçün divlərlə kəllə-kəlləyə gələrək, nəyin bahasına olursa-olsun qələbə çalmışdır.

Əcdadımız sevgilinin yanağını qızıl almaya bənzətmişdir. Ədəbiyyatımızda bunun saysız nümunələri ilə rastlaşırıq. Deməli, alma həm də məhrəmliyi təmsil edir. Yad əllərdən qorunmalı olan, uğrunda kəm gözlərə mil çəkilən namus və iffət simvoludur…

Tarixən türklərin həyat fəlsəfəsində yaxınlaşdıqca uzaqlaşan, uzaqlaşdıqca daha da dəyər qazanan anlayışın adıdır Qızıl Alma. Müsəlman türk millətinin hər zaman bir Qızıl Alması olmuşdur və olacaqdır. Bizim üçün Qızıl Alma Vətəndir, namusdur, bayraqdır, verilən sözdür, torpaq eşqidir, şəhadətdir. Haqq-ədalətdir, sülh və əmin-amanlıq simvoludur. Məzlumun bir teli üçün zalımın qorxulu röyası olmaqdır. “Qızıl Alma” idealı ərazilər qəsb etmək deyil, könülləri fəth etmək, qəlblərə yol tapmaqdır. Dünyaya zeytun budağı uzatmaqdır.

Qızıl Alma dünən Çanaqqala idisə, bu gün Afrindir, Qarabağdır. Mavi səmada dalğalanan türk bayrağıdır. Əslində Qızıl Alma bu ideallarla yaşayan, yaşatmaq üçün şəhid olmağı gözə alan qəhrəman əsgərlərimizdir. Və kökləri tarixin dərinliklərinə gedib çıxan qocaman soy ağacımızdan düşən bu hər bir qızıl alma yeni çinarlara gəbədir.

Ey qəhrəman türk əsgəri, Qızıl Alma sən özünsən! Gələcəyin parlaq üzü sənin o nur simanda gizlidir.

Hər nağılın sonunda göydən üç alma düşər. Həmin almaların kimə qismət olacağına nağılın sonunu səbirlə gözləyənlər qərar verərlər. Əminik ki, 100 il əvvəl Çanaqqala dastanının sonunda düşən almalar Türkiyəyə qismət olduğu kimi, Afrin dastanının sonunda düşən almalar da türklərin olacaq…

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz