"Yaddaş eskizləri" silsiləsindən

"Yaddaş eskizləri" silsiləsindən

İlk təsəllim

Bir aya yaxın idi Hüseyn dayının “Semaşko” xəstəxanasında yatdığı....

Futbolu sevməyi öz yerində, məhəllədə uşaqların futbol oynamasından başqa cür həzz alırdı: ayaqüstə oyunlara həm məşqçilik, həm də hakimlik edirdi Hüseyn dayı. Zəif, amma oynamaq həvəsində olanları da komandalar arasında bölüşdürürdü ki, qıraqda bikef dayanmasınlar. Hər komandaya bərabər şəkildə zəif uşaq salırdı ki, oyun bərabər səviyyədə getsin.

Hüseyn dayı əvvəlcə uşaqlara yüngül, sarı rəngli top aldı. Sonra daha həvəslə oynayaq deyə, ilk dəfə olaraq, əsl futbolçuların oynadığı dəri topu alıb bizə bağışladı. Hərəmizə bir ad qoymuşdu, Elşad 9 nömrəli braziliyalı Sokratesiydi, İntiqam 10 nömrəli argentinalı Maradona, uzundraz İlqar 14 nömrəli alman Bertolduydu. Mən pis oynayırdım deyə, qapıda dayanırdım, düzü, heç qapıçı kimi də fərli deyildim.

Oyun lap maraqlı olsun deyə, Hüseyn dayı udan komandanın hər oyunçusuna, – hər komandada yeddi-səkkiz oğlan olurdu, – bir dondurma söz verirdi. Damağında siqaret, çirkli ağ xalat geyinmiş Qüdrət dayı içi dolu dondurmalar olan arabasını sürə-sürə “Marejni, kofeyni, plombir!!” sözləriylə məhləmizdə peyda olan kimi, udan komandanın uşaqları cumurdu Hüseyn dayıgilə. O da sakitcə cibindən yaşıl üçlük çıxardıb komandanın kapitanına verirdi: “Kim hansından istiyir, ondan alsın özünə. Kim burda yoxdusa, onunkunu da alıb evlərinə çatdırın. Puldan nə qalsa, özüvüzə simiçka (tum) alarsız”. Bəzən uduzan komandanın uşaqları pərt olmasın deyə, onlara nisbətən az pul, iki manat verirdi ki, özlərinə nisbətən ucuz, on beş qəpiklik meyvəli dondurma alsınlar. Sonra dondurma yeyə-yeyə öz aramızda danışırdıq “Canlara dəyən kişidi Hüseyn dayı”, – “Sabah da gərək udaq ki, plombir yeyək”, – “Allah rəhmət eləsin Hüseyn dayıya”, – “Şittəmə alə!” Şitlik eliyənə bir qapaz ilişdirirdik.

Hüseyn dayı yeganə kişiydi ki, məhlədən əndamlı, gözəgəlimli gəlin-qız keçəndə, nə açıq-aşkar, nə də guya təsadüfən baxırmış kimi, başını çevirib bircə dəfə arxasınca göz yetirirdi. Ya yerə baxırdı, ya da tamam əks tərəfə, – bu, onun daxili həyasından gəlirdi.

Bir dəfə Hüseyn dayının yoldaşı Mahizər xala qonşulara xəbər elədi ki, axşam saat altıda çölə çıxmayın, oturun televizorun qabağında, ərimi bir verilişdə göstərəcəklər. (Onda SSRİ-nin tərkibindəydik, doğma dildə bir AZ TV kanalı varıydı. O kanala düşmək isə xoşbəxtlik kimi bir şey idi). İlk dəfəydi, həmişə idman şalvarında, “Radopi” siqareti çəkə-çəkə bizə trenerlik, hakimlik edən, hoppanıb başıyla top vuranda ağzını açan İntiqama: “Maradona, topu vuranda ağzıvı açma, milçək girər”, – deyən Hüseyn dayını ciddi sifətdə, qara kostyumda, ağ köynəkdə, qalstukda görürdük. Mövzu, yaddaşım aldatmırsa, orta peşə məktəblərində islahatlarla bağlıydı. Böyük bir zalda auditoriyada ona da söz verdilər. Əlində mikrofon dörd-beş cümlə dedi, bircə “...Struktur dəyişiklikləri etmək lazımdır” cümləsi yadımda qalıb. O gündən Hüseyn dayı gözümüzdə bir müddət böyüdü, ciddiləşdi, ona olan hörmətimiz daha da artdı, az sonra yenə sadələşdi, yenə uşaqlar futbola canlarını qoyurdu ki, udub onun hesabına yağlı plombir dondurması, uduzanda da heç olmasa meyvəlisini alıb yesinlər.

...Bir aydan sonra təcili tibbi yardım maşını məhəlləmizə gəldi, maşından düşən, əynində zolaqlı xəstəxana xalatı olan Hüseyn dayı həyat yoldaşı Mahizər xalayla bir yerdə həyətə girdi. Uşaqlar hamısı sevinməyə başladı: yenə futbol, dondurma, tum sevinci yaşayacaqdıq... Hardasa iki saat sonra qəfildən onların həyətindən ağlaşma səsi gəldi. Kişili-arvadlı qonşular evlərindən çıxıb yüyürdülər ora...

Düzü, o həyətə getməyə qorxurdum, amma bəzi məhəllə uşaqları məndən cəsarətli çıxmışdılar. Eləcə çöldə dayanıb ağlaşma səsinə qulaq asırdım. Eyni vaxtda da fikirləşirdim ki, mafəni həyətdən çıxaranda, tez yerə baxıb, – əmin idim ki, baxsam, yuxuma girəcək, – evə girəcəm. Elə bu ağlaşmaya qulaq asırdım ki, Hüseyn dayıgilin dəmir darvazasının qapısı birdən açıldı və rəhmətliyin oğlu, ən yaxşı futbolçumuz, səkkizdə oxuyan Elşən həyətlərindən çıxıb qaçmağa başladı. Onun dalınca yaşca hamımızdan böyük, əsgərliyə çoxdan gedib-gəlmiş qonşumuz Daşdəmir, onun dalınca mən hərbi hospitalın divarı boyu qaçırdıq. Tramvay xəttinə çatmamış Daşdəmir onu tutdu və ərklə danlamağa başladı. Az sonra mən də onlara çatdım. Elşən ağlamasa da, sifətində bir çaşqınlıq var idi, – bəlkə də, ağlamadığına görə, atasının ölümünə bu cür reaksiya verirdi, evdən qaçmaqla sanki ölümə qarşı üsyan edirdi.

Geri qayıdırdıq, Daşdəmir hələ də onun qolundan tutmuşdu, qorxurdu ki, birdən qaçar, hərçənd ki, qaçana oxşamırdı, mən isə əlimlə Elşənin belinə vura-vura deyirdim ki, möhkəm ol, olan şeydi, sən daha yekə oğlansan, bu gün-sabah məktəbi qurtarırsan. Onda mən ondan bir sinif yuxarı, doqquzda oxuyurdum.

Evlərinə çatana yaxın Elşənə bir də dedim ki, möhkəm ol, hər şey yaxşı olacaq. Təsəlli verməyimə hədsiz sevinirdim, bundan qürur duyurdum və anlayırdım ki, mən yavaş-yavaş böyüyürəm, – ilk dəfəydi həyatımda kiməsə təsəlli verirdim. Eyni zamanda mənə elə gəlirdi ki, rəhmətlik Hüseyn dayının hələ dəfn olunmaq üçün evdən götürülməyən bədənindən ayrılmış ruhu onun oğluna ürək-dirək verməyimi görür və mənə “Sağ ol” deyir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz