TƏSLİM OL(MA)!

TƏSLİM OL(MA)!

Təslim olmaq məğlubiyyətə boyun əymək deməkdir. Yaşamaq isə məğlubiyyəti qalibiyyətə çevirməkdir.

 Hər məğlubiyyət bir qalibiyyətin başlanğıcıdır düşüncəsinə sahib deyilsənsə, qarşılaşdığın hər hansı bir uğursuzluq qarşısında özünü boşluqda hiss edə bilərsən. Yaşanan həyat isə boşluq qəbul etmir. Əgər yaşayırsansa, məğlubiyyətlə barışmamalısan.  Çünki təslim olduğun zaman oyun bitir, qalibiyyət rəqibə verilir. Nə qədər ki təslim olmamısan, deməli, rəqib üzərində qalibiyyət şansın var. Yetər ki, təslim olma.

Əgər sən aclıqdan əziyyət çəkirsənsə, deməli, aclığın qarşısında məğlub olmağa doğru gedirsən. Bir şeylər yeyib aclığını ortadan qaldırdığın zaman isə bu mübarizədən qalib ayrılırsan. Yağışlı havada əlində çətir, qarlı havada üzərində isti geyim yoxdursa, bu o deməkdir ki, soyuq qarşısında məğlubsan. Bu məğlubiyyətin qalibiyyətə çevrilməsinin yolu isə təhlükələr qarşısında lazımi tədbirləri görməkdir.

Təhlükə qarşısında alınacaq ilk tədbir isə hadisələrə baxış bucağını dəyişdirməkdir. İmtahanda uğursuz nəticə göstərməyin, tələsdiyin halda bir yerə geçikməyin, sahib olduğun malın birdən əlindən çıxması, günəşli hava gözlədiyin zaman yağış yağması və s. bütün gözlənilməz hadisələrin arxa planında sənin üçün bir xeyirin varlığını qəbul etməyin sənin üçün bir qalibiyyət mənbəyidir. Hadisələrə pozitiv baxma bacarığı səni həyat yollarında uğura və qalibiyyətə istiqamətləndirən ən əsas yol nişanı kimidir.

 Bu gün qarşılaşdığın elementar problemlər qarşısında aciz qalırsansa, deməli, alternativ çıxış yollarından istifadə etməlisən. Döydüyün qapı üzünə açılmırsa, bu o deməkdir ki, sənin qismətin başqa qapıdadır. Axtarmağa davam edəcək və təslim olmayacaqsan. Bir şeyi unutmamalısan ki, yüksək bir zirvədən özünü boşluğa atmayan qartal qanadlarının varlığından xəbərdar ola bilməz. Problemlərinin həllində istifadə edəcəyin “A planı” uğursuz oldusa, hələ 31 hərfin və bu qədər də fərqli çıxış yolun üçün planın var deməkdir.

Bu dünyada uğur qazananlar təslim olmayanlardır; xüsusilə də ətrafındakı insanların neqativ enerjilərinə təslim olmayanlar. Üstünə gələn problemlərə qarşı arxasını çevirib qaçanlar deyil, problemlər qarşısında ayaqda qalanlar uğur qazanır. Hamı səndən heç nə olmaz və ya sən heç nə edə bilməyəcəksən dediyi halda bir şeylər edə bilənlərdir qalib olanlar.

Təslim olmamaq üçün sənin əsas vəzifən gördüyün işin bacardığın qədər ən çoxunu və ən yaxşısını etməkdir. Bu halda sənin həyatındakı uğursuzluq şansın minimal həddə olacaq.  Əgər sən hər gün inkişaf baxımından eyni yerdəsənsə, bir neçə ildən sonra sürətlə inkişaf edən yeni nəsil qarşısında məğlub olacaqsan. Sadəcə bir neçə il əvvəl varlığına inanmadığın, böyük kəşf qəbul edib sevərək istifadə etdiyin mobil telefonlar bu günün mobil telefonlarından nə qədər geri qalır və istifadə müddəti sona çatırsa, insanların dəyişimi də bu şəkildə baş verir. Ya özünü bu günün tələbatına uyğun yetişdirib istifadəyə yararlı olacaqsan, ya da ki, tarix olub künclərdə qalacaqsan.

İxtisas sahibi olduğun sahənin bütün incəliklərini öyrənməyə diqqət et. Unutma ki, bütün dövrlərdə öz ixtisasını yaxşı bilən mütəxəssislərə ehtiyac var. Heç bir zaman yeniliklər qarşısında təslim olma! Özünü tamamilə yeniləyə bilməsən də, yeni insanlarla işləməyi öyrən. Yeni dövr durmaq və dayanmaq feillərini heç sevmir. Əsas tələbat davamlı hərəkət və yenilik olaraq görülür.

Gəzməyə yeni başlayan körpə uşaqlar nə qədər yıxılsalar və ya yıxılacaqlarını bilsələr də, yenə də təslim olmur, gəzmək üçün mücadilə edirlər. Doğrudur, bu gün sən uşaq deyilsən və sən eyni zamanda yıxıldığın zaman bir yerlərinin ağrıyacağını bildiyin üçün yıxılmamağa diqqət edirsən. Yıxılmadığın üçün isə yaxşı gəzməyi bacarmırsan. Əgər həyatda heç bir çətinliyin yoxdursa və hər şey yolunda gedirsə, deməli, sən inkişaf da etmirsən. Axı hərəkətsiz bir obyekt başqa bir obyekti hərəkətə gətirə bilməz. 

Unutma ki, insan sadəcə Rəbbinə təslim olduğu zaman qazana bilir. İlahi qüdrət qarşısındakı təslimiyyətlə həyatın çətinlikləri qarşısındakı təslimiyyəti qarışdırmamaq lazımdır. Birincidəki təslimiyyət səni mənəvi və əxlaqi yüksəlişə götürdüyü halda, ikincidəki təslimiyyət səni tənəzzülə götürər. Son olaraq yenə əsas iş sənin üzərinə düşür. Həyatda uğur qazanmaq üçün kimə və nəyə təslim olduğuna diqqət et!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz