Milli-mənəvi dəyərlərimiz

Milli-mənəvi dəyərlərimiz

Bir mədəniyyətin meydana gəlməsində maddi ünsürlər qədər milli və mənəvi dəyərlərin də rolu böyükdür. Maddi dəyərlərə əhəmiyyət verilib mənəvi dəyərlər unudulduğu müddətcə bir insanın xoşbəxt həyat sürməsi mümkün olmadığı kimi, bu şərtlər altında qurulan bir mədəniyyətin də uzun müddət ayaqda durması mümkün deyildir.

            Yaşadığımız bu zamanda bir tərəfdən şiddət və terror hadisələri, oğurluq, rüşvət, faiz, zina və zülm hadisələri dünyada yaşayan bütün insanların maddi həyatını təhdid etməkdə, digər tərəfdən də maddiyyata əhəmiyyət verərək inanc dəyərlərinin arxa plana atılmağa çalışılması kimi heç bir izahı olmayan səhvlər ortaya çıxmaqdadır. Bu problemlərə sinə gərməyin yolu milli-mənəvi dəyərlərimizə sahib çıxmaqdan keçir. Milli-mənəvi dəyərlər dedikdə ilk növbədə ağlımıza müqəddəs dinimiz gəlsə də, digər ünsürləri də gözardı etməmək, lazımi həssaslıqla yanaşmaq borcumuzdur.

             Vətən

            Vətən sadəcə bir torpaq parçası deyildir. Vətən, üzərində yaşayan insanlar üçün, azadlıq və istiqlal deməkdir. İnsanın sahib olduğu mədəniyyətin qaynağı vətəndir. Bu səbəblə, yaşadığımız bu torpaqlara sadəcə bir torpaq parçası olaraq baxmamaq lazımdır. Şairin: “Basdığın yerləri 'torpaq' deyərək keçmə, tanı! Düşün altındakı minlərlə kəfənsiz yatanı!” misrası bunu nə gözəl xülasə etməkdədir.

            Vətəni sevmək, onu düşmənlərə tərk etməmək, ona yönələn hər növ zərərə qarşı lazımlı tədbirləri almaq və yeri gələndə onun üçün canını fəda etmək müqəddəs bir vəzifədir. Atalarımız bu torpaqlar üçün üzərlərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmiş, bu torpaqlara naməhrəm əlini dəydirməkdənsə ölməyi şərəf sayaraq şəhidliyi seçmişlər. Bu xüsus da unudulmamalıdır ki, vətən sevgisi imandandır.

            Bayraq

Bir  millətin, cəmiyyətin və ya bir təşkilatın simvolu olaraq istifadə olunan, xüsusi rəng və formaya malik olan bayraq yalnız parçadan ibarət deyildir. Bayrağa dəyər qazandıran o millətin özüdür. Bayraqlar millətlərin əsas nişanəsidir. Harada dalğalansa, o xalqın varlığını, tarixini göstərir.

Mədəniyyət

Mədəniyyət insanın mənimsəyərək gələcək nəsillərə ötürdüyü bilik, inam və davranış tərzlərinin məcmusudur. Mədəniyyət cəmiyyətlərin meydana gətirdiyi bütün gözəllikləri ifadə edən bir anlayışdır; ədəbiyyatı, nağılları və dili meydana gətirən bütün əsərlər, adət-ənənələr,  memarlıq, yemə-içmə və geyim-kecim də mədəniyyətin bir hissəsidir.

Bu gün xüsusilə pozulmaması naminə ən böyük səy mədəniyyətimiz üçün göstərilməlidir. Çünki bu gün öz mədəniyyətimizdə olmayan bir  çox şey bizə mədəniyyətimiz kimi təqdim edilməkdədir. Toylarımız, yaslarımız başda olmaqla həyat tərzimiz öz əlimizdə olmadan dəyişməkdədir. Məsələn, bəzi məclis və əyləncələrdə həm sağlığımızı, həm də ictimai birliyimizi pozan spirtli içkilər içilməkdə, xərclər israf ölçüsünə çatmaqda və qumar kimi aramıza ədavət salan oyunlar oynanmaqdadır. Halbuki bu kimi şeylər mədəni irsimizə və dini inanclarımıza tamamilə tərs düşməkdədir.

Dil

Bizi bir-birimizə bağlayan, aramızdakı ünsiyyəti təmin edən böyük nemətlərdən biri də dildir. Görünüşdə kiçik bir ət parçası olan dil, gördüyü işlər baxımından böyük bir nemətdir. Yaxşı və ya pis düşüncələr dil ilə açıqlanır. Sevgi və nifrət dil ilə ifadə edilir.

Uca Kitabımız dilimizi pis sözlərdən qorumağımızı istəməkdə, həqiqi nicat tapan kimsənin dilini pis şeylərdən qoruyan olduğunu ifadə etməkdədir. Peyğəmbərimiz (s.ə.s) də: “Mömin, insanları lənətləməyən, pis söz və çirkin davranışlar etməyən kimsədir”, - buyurmuşdur.

Himn

Hər millətin özünə xas milli marşı - himni vardır. Himnimizdə ictimai birliyimizi qorumaq, bu vətən uğrunda can verməyə, vətəni düşmənə təslim etməməyə əhd vardır.  Himn müəllif  tərəfindən qələmə alınsa da, əslində, hər birimizin ürəyindəki sevdanın sözlərə və bəstəyə əks olunmasıdır.

Ailə

Uca Rəbbimiz yaşadığımız bu aləmi və içində var etdiyi  hər şeyi insan üçün, onun xoşbəxt və hüzurlu yaşaması üçün yaratmışdır. İnsanın ən xoşbəxt və ən hüzurlu olduğu yer ailəsinin yanıdır. Ailə həyatı sayəsində insan xoşbəxtliyə və hüzura çatar. Bu xüsusu Uca Rəbbimiz bizlərə belə bildirməkdədir:

“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!” (ər-Rum, 21)

          Ailə bir cəmiyyətin ən kiçik bölümü və təməl daşıdır. İnsanların meydana gəlişi, yetkinləşməsi və sağlam nəsillərin meydana gəlməsi ailə müəssisəsi ilə mümkündür. Sağlam və möhkəm bir cəmiyyətin meydana gəlməsi üçün bir-birilərini sevən, həmrəylik ruhu içərisində kədərləri və sevincləri paylaşan ailə quruluşuna ehtiyac vardır. Ailələr nə qədər xoşbəxt və hüzurlu olsa, cəmiyyət də o qədər güclü və qüvvətli olar. Bu səbəblə cəmiyyətimizin ən əhəmiyyətli quruluş daşlarından biri olan ailə həyatının qorunması hamımızın öhdəsinə düşən bir vəzifədir. Ailədə və ailə qurmaq kimi əhəmiyyətli bir işdə milli və dini həssasiyyətimizi qorumaq lazımdır. Bu ülvi dəyərimizi xarici modellərə və şou proqramlara fəda etmək bizə yaraşmaz.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz