BİR HƏDİS

BİR HƏDİS

نْ عَبْدِ اللهِ بنِ مَسْعُودٍ قال: سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: أَيُّ الْأَعْمَالِ أَحَبُّ إِلَى اللهِ؟ قَالَ: {الصَّلَاةُ عَلَى وَقْتِهَا} قُلْتُ: ثُمَّ أَيٌّ؟ قَالَ: {ثُمَّ بِرُّ الْوَالِدَيْنِ} قُلْتُ: ثُمَّ أَيٌّ؟ قَالَ: {ثُمَّ الْجِهَادُ فِي سَبِيلِ اللهِ}

Abdullah ibn Məsud (r.a) belə demişdir: Rəsulullahdan (s.ə.s): “Allah qatında ən sevilən əməl hansıdır?” - deyə soruşdum. Rəsulullah (s.ə.s): “Vaxtında qılınan namazdır”, - buyurdu. Mən: “Sonra hansıdır?” - dedim. Rəsulullah (s.ə.s): “Valideynlərə yaxşılıq etməkdir”, - buyurdu. Mən: “Sonra (Ya Rəsulallah!)”, - deyə soruşanda: “Allah yolunda döyüşməkdir”, - cavabını verdi. (Müslim, İman, 36; Nəsai, Məvaqit, 49)

Hədisi-şərifdə Rəsulullah (s.ə.s) Allah dərgahında ən çox sevilən əməllərdən üçünü ardıcıllıqla saymışdır. Bu əməllərin ilki namazın vaxtında qılınmasıdır. Namaz Qurani-Kərimdə Allahın insanlara fərz buyurduğu ibadətlərin başında gəlir və insanın Allaha bağlılığının təzahürüdür. Allaha bağlılığı güclü olan bir insan, şübhə yoxdur ki, bəşəri münasibətlərdə də daha diqqətli olacaqdır.

Hədisdə Allah dərgahında sevilən ikinci əməlin valideynlərə yaxşılıq etmək olduğunu görürük. Çünki valideynlər fədakarlıq simvoludur. Onların ailə, cəmiyyət və millət həyatındakı dəyər və əhəmiyyətini sözlə ifadə etmək mümkün deyil. Hər bir övlad üçün ata ocağı və ana qucağı sevgi və səadətin qaynağıdır. Onlar övladı böyüdən, ona həyat eşqi aşılayan, mənəvi güc verən, tərbiyə verən və hər cür ehtiyaclarını təmin edib xidmətində duran dəyərli əzizləridir. Övladın ayağına batan bir tikan belə onların qəlbini incidər və pərvanə olub övladlarının başında dönərlər. Buna görə də, bizi yaradan, yaşadan və saysız nemətlər verən “Allah haqqı”ndan sonra ödənməsi ən çətin olan haqq “valideyn haqqı”dır. Uca Allah Qurani-Kərimdə belə buyurur: Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə qarşı yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: Ey Rəbbim! Onlar məni körpəliyimdə tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et! – de". (əl-İsra 17/23-24) Bu ayədə Allaha ibadət əmrindən sonra ata-anaya yaxşılıq etməyimizi əmr etməsi Allahın ata-ana haqqına nə dərəcədə əhəmiyyət verdiyini göstərən bir həqiqətdir.

Hədisin vurğuladığı digər fəzilətli bir əməl də Allah yolunda döyüşməkdir. Bir insanın malından, canından, övladından və bütün sevdiklərindən keçərək dili ilə, əli ilə, qəlbi ilə Allahın dini üçün mübarizə aparması ona Allah dərgahında böyük dərəcələr qazandırmaqdadır. Çünki kim Allahın dininə yardım edərsə, Allah da onun qədəmlərini sabit qılar. (Muhamməd, 47/7)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz