SUAL? - CAVAB!

SUAL? - CAVAB!

SualBir-biri ilə uzun müddət görüşməyən ər-arvadın nikahına zərər dəyərmi?

Cavab: Nikah müqaviləsi ya boşanmaq, ya fəsx (nikah müqaviləsinin ləğv edilməsi) və yaxud ölməklə sona çatar. Bunlardan biri olmayınca ər-arvadın uzun müddət ayrı olmalarının nikahlarına hər hansı zərəri yoxdur. Bununla yanaşı, ər-arvad ailə hüququndan irəli gələn tələblərə riayət etməli və ailənin dağılmaması üçün əllərindən gələni etməlidirlər.

 

Sual: Məhkəmə tərəfindən nikahlarına xitam verilən cütlər dini baxımdan da boşanmış sayılırlar?

Cavab: Məhkəmə vasitəsilə boşanan cütlər dini hökmlərə görə bir bain talaqla boşanmış olurlar. Çünki hakimin nikaha xitam verməsi İslam ailə hüququnda bain talaq kimi qəbul edilir. Belə olan təqdirdə, məhkəmə vasitəsilə boşanan bir qadın iddə müddətini gözləməlidir. Yalnız bu müddətdən sonra yenidən ailə həyatı qura bilər.

 

Sual: Bir şəxs süd atasının digər yoldaşından olan övladı ilə evlənə bilərmi?

Cavab: Qurani-Kərimdə süd analar və süd qardaşlar (bacılar) ilə evlənmək qadağan edilmişdir (ən-Nisa, 4/23). Hz. Peyğəmbər (s.ə.s) də belə buyurmuşdur: “Nəsil baxımından haram olan, süd baxımından da haramdır” (Buxari, Şəhadat, 7; Müslim, Rəda, 1, 9; Əbu Davud, Nikah, 6).  Odur ki, bir müsəlmanın atabir qardaşı (bacısı) ilə evlənməsinin caiz olmaması kimi, süd atanın digər yoldaşından olan övladı da atabir süd qardaşı olduğundan onunla evlənməsi caiz deyildir.

 

Sual: Gizli nikahın hökmü nədir?

Cavab: Tərəflərin şahidlərin hüzurunda iradə ifadə etmələrinə baxmayaraq, ailələrindən və yaxın ətrafındakılardan gizlədərək bağladıqları nikah müqaviləsi gizli nikah adlanır. Belə müqavilə nikahda vacib olan elan etmə xüsusiyyətini daşımadığına görə dinin nikah və ailə həyatı ilə bağlı ümumi prinsiplərinə ziddir. Yalnız iki şahidin bildiyi bir nikah müqaviləsindən ailələr, qohumlar və qonşular xəbərdar olmadığı üçün gizli bir müqavilə hesab olunur və elan etmək şərtini daşımadığı üçün etibarsız nikah sayılır. Bununla əlaqədar olaraq Hz. Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Nikahı elan edin...” (Tirmizi, Nikah, 6). Başqa bir hədisi-şərifdə isə belə buyurulmuşdur: “Haram olan nikah ilə halal olanı ayırd edən dəf çalmaq və onu elan etməkdir” (Tirmizi, Nikah, 6). Məhz bu məzmunlu hədisi-şəriflərdə Hz. Peyğəmbər (s.ə.s) nikah müqaviləsinin həm elan edilməsinin, həm qeydiyyatının aparılmasının vacibliyinə diqqət çəkmişdir.

 

Sual: İstifadəsi və yaxud yeyilməsi haram olan bir maddə və ya bunlardan istehsal edilən dərmanlarla müalicə olunmaq caizdirmi?

Cavab: Bir xəstəliyin müalicəsi üçün halal maddələrdən istifadə edilərək istehsal edilən bir dərman yoxdursa və yaxud istehsal edilən bu kimi dərmanları əldə etmə imkanı yoxdursa, haram olan maddə və ya bundan istehsal edilən bir dərman etimad olunan bir həkim tərəfindən tövsiyə edildiyi təqdirdə, onun istifadəsi zərurətə görə caizdir. Çünki İslam hüququnun ümumi prinsipinə görə, “zərurətlər qadağan edilən şeyləri halal edər”. Ancaq zərurət aradan qalxar və halal maddələrdən düzəldilən dərmanlar istehsal olunar və ya əldə edilərsə, halal olanlardan istifadə etmək fərz olar. Çünki “zərurətlər yalnız kifayət miqdarda müəyyən edilir”.

 

Sual: Bir müsəlman borcunu ikinci şəxsə həvalə edə bilərmi?

Cavab: Bir şəxsin öhdəliyində olan borcunu ikinci şəxsə həvalə edərək onun qaytarmasını təmin etməsi caizdir. Çünki Hz. Peyğəmbərimiz (s.ə.s): “Sizdən birinizə bir borc həvalə edilərsə, bunu qəbul edin!” – buyurmuşdur (Buxari, Həvalat, 1). Bundan əlavə, insanların ehtiyaclarını aradan qaldırmağı təşviq edən başqa hədislər də vardır. Qeyd edək ki, borc ikinci şəxsə həvalə edildiyi təqdirdə, borclu artıq borc aldığı şəxsə qarşı məsuliyyətdən azad olur və borc verən borcunu həmin həvalə edilən şəxsdən tələb edər. Ancaq həvalə edilən şəxs iflas edər və bu, sübuta yetirilərsə, yaxud bunu inkar edər və sübuta yetirilə bilməzsə, yaxud da müflis olduqdan sonra ölərsə, həvalə edilən şəxs borcu ödəmək məsuliyyətindən azad olar və borc yenə əsl borcludan tələb edilər. Bundan başqa, qeyd etmək lazımdır ki, bir borcun başqasına həvalə edilməsinin müqabilində pul almaq caiz deyildir. Çünki İslam hüququna görə, yardımlaşma məqsədini daşıyan müqavilələr müqabilində pul almaq caiz hesab olunmamışdır.     

 

Sual: Sol əllə yeməyin hökmü nədir?

Cavab: Qeyd edək ki, yemək və içməklə bağlı qaydaları müəyyən edən Hz. Peyğəmbərimiz (s.ə.s) sol əl ilə yeməyi xoş qarşılamayıb qadağan etmişdir. Belə ki, Hz. Peyğəmbərimiz (s.ə.s) bu məsələyə ciddi yanaşmış və şeytanların sol ilə yeyib-içdiklərini bildirərək, ümmətini tənbeh etmiş, uşaqlara sağ əl ilə yeməyi öyrətmişdir (Buxari, Ətimə, 2; Müslim, Əşribə, 13). Odur ki, Hz. Peyğəmbərin (s.ə.s) sağ əl ilə yemək və içmək məsələsi ilə bağlı göstərişlərinə tabe olmaq hər bir müsəlmanın borcudur. Həmçinin valideynlər də övladlarına digər yemək ədəb-ərkanı ilə yanaşı, sağ əllə yeyib-içməyi öyrətməlidirlər. Bundan başqa, fiziki bir qüsura görə sağ əli ilə yeyib-içə bilməyənlərin sol əl ilə yeyib-içmələrində hər hansı bir qəbahət yoxdur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz