İslam və Qardaşlıq
Hər dini və sosial-mədəni topluluğun onu formalaşdıran özünəməxsus müəyyən əsasları vardır. Eyni zamanda cəmiyyətləri təşkil edən əsas ünsürlərdən biri də o cəmiyyətin fərdlərdir.
Bu baxımdan fərdlər arasındakı bağlılıq, qarşılıqlı hörmət və sevgi mədəni və güclü cəmiyyətin ən önəmli dəyərləridir. İslam cəmiyyətlərini bir-birinə bağlayan ən əsas qüvvə də məhz fərdlər arasındakı qardaşlıq bağlarıdır. İslam qardaşlığının sərhədlərini iman çəkmişdir. İrq, millət, rəng və məzhəb kimi fərqli anlayışlar bu dəyərə heç bir şəkildə təsir edə bilməz. Əlbəttə ki, söhbət İslam dininin təsis etməyə çalışdığı səmimi qardaşlıqdan gedir.
İslam toplumunda qardaşlıq anlayışı o qədər əhəmiyyət kəsb edir ki, bu dəyər barəsində çoxlu ayələr və hədislər qeyd edilmişdir. Tarix səhnələri sözügedən qardaşlıq nümunələri ilə doludur. Kəlmeyi-şəhadətin söylənməsi inananlar arasında qardaşlığı təsis etmək üçün kifayətdir. Yəni tövhidi qəbul edən hər bir şəxs digər müsəlmanlarla öz-özlüyündə qardaş sayılır. Bu gerçək öz əksini Qurani-Kərimdə: “Bütün möminlər qardaşdır” (əl-Hücurat, 10) ayəsi ilə tapmışdır. Hz. Peyğəmbər (s.ə.s) də “Müsəlman müsəlmanın qardaşıdır” deyərək dünyanın harasında olmasından asılı olmayaraq bütün inananların qardaş olduğunu bəyan etmişdir. Məlum olduğu kimi, Hz. Peyğəmbər (s.ə.s) Məkkədən Mədinəyə hicrət edincə hər bir məkkəli ilə mədinəlini bir-birinə qardaş elan etmiş və praktiki formada “Uxuvvət” anlayışının bünövrəsini qoymuşdur. Müasir dünyanın axtardığı “İctimai həmrəylik” anlayışının əsasını əslində Hz. Peyğəmbər (s.ə.s) bundan on dörd əsr əvvəl qoymuş və tətbiq etmişdir. Odur ki, təməli Quran və Sünnə ilə qurulmuş “Uxuvvət” (qardaşlıq) anlayışını hər bir müsəlman mənimsəməli və axirətə kimi davam etdirməlidir. Bu, dini bir vəzifədir. Nəticədə dünyanın bir ucunda ayağına tikan batan müsəlman qardaşının acısını dünyanın digər ucunda yaşayan müsəlman hiss edəcəkdir. Onun dərdi ilə dərdlənəcək və ona kömək əlini uzatmaq üçün əlindən gələni əsirgəməyəcəkdir. Sevincini paylaşacaq, acı və kədərinə ortaq olacaqdır.
Qardaşlığın təsis edildiyi bir cəmiyyətdə cimrilik, paxıllıq, qeybət, dedi-qodu, iftira, oğurluq, yalan danışmaq, namusa dil uzatmaq, əxlaqsızlıq və s. mənfi və bəyənilməyən xüsuslar ən minimal dərcədə olacaqdır. Hz. Peyğəmbərin (s.ə.s) təsis etdiyi, “əsri-səadət” adlanan, səhabələrin yaşadığı cəmiyyətdə sadalanan bu mənfi xüsusiyyətlər, demək olar ki, yox səviyyəsində idi. Yardımlaşma və əl tutma ən üst səviyyədə idi. “Qonşusu ac ikən tox yatan bizdən deyildir” hədisinin, demək olar ki, əyani şəkildə tam yaşandığı bir dövr idi. Deməli, İslam dini sadəcə bilgi və məlumatdan ibarət bir din deyildir. Yəni sadəcə oxumaq və bilmək kifayət deyil, əsl müsəlman olmaq üçün oxuduqlarımız və bildiklərimizlə əməl etmək vacibdir.
“Möminin möminə bağlılığı parçaları bir-birini tamamlayan bir bina kimidir” anlayışı üzərində bina edilən qardaşlıq bağlarını təsis etmək üçün dinimiz iman edənlərə bir-birindən üç gündən artıq küsməyi qadağan etmiş, din qardaşına kin bəsləməyi, onun barəsində casusluq etməyi, bir-birinə zülm etməyi, haqsızlıq etməyi qadağan edərək ayıblarını örtməyi, bir loğma çörəyi paylaşmağı, dərdinə şərik olmağı tövsiyə etmişdir. Bu dəyərlər həyatımızda öz əksini tapmazsa, əlbəttə ki, İslamın söz etdiyi qardaşlıqdan danışmaq mümkün deyildir.
Təəssüflər olsun ki, işin əslini və əhəmiyyətini bəzi müsəlmanlardan daha yaxşı anlayan “İslam düşmən”ləri hər fürsətdə bu dəyərləri aradan qaldırmaq üçün var gücləri ilə çalışırlar. Nəticədə içi boşaldılmış “İslam qardaşlığı” onlara görə heç bir təhlükə yaratmayacaqdır. Bu gün İslam dünyasında gedən proseslərin əsas hədəflərindən biri də məhz müsəlmanlar arasındakı bu qardaşlıq anlayışını yox etməkdir. Bunun üçün hər fürsətdə eqoizmi və dünyəviliyi müsəlmanlar arasında yaymağa çalışırlar. Bəzi hegemon qüvvələr “cahillik” silahından istifadə etdiyi kimi, qardaşlıq anlayışını da millət, məzhəb, irq və s. anlayışlara əsaslandırırlar. Nəticədə hər bir müsəlman inancına görə deyil, millət və irqinə görə qardaş olacaqdır. Bu da İslam ümmətinin birlik və bərabərliyi üçün çox ciddi bir təhlükədir.
Müsəlman ətrafında cərəyan edən hadisələri düzgün analiz etməlidir. Oxumalı, savadını artırmalı və cəmiyyətin aparıcı fərdlərindən olmalıdır. Bu, müsəlmançılığın gərəyidir. Hökm edilən deyil, hökm edən olmalıdır. Çünki onun arxasında müsəlmanları bir-birinə bağlayan sarsılmaz “qardaşlıq” bağları vardır. Dünyada qardaşlıqdan daha güclü bağ və bağlılıq yoxdur.
ŞƏRHLƏR