ŞAMAXI QIRĞININDA PARTİZAN HƏRƏKATI

ŞAMAXI QIRĞININDA PARTİZAN HƏRƏKATI

            Tarixi Azərbaycan torpaqlarına gəlmə əhali olan ermənilər “Dənizdən-dənizə dövlət” qurmaq xülyası  ilə  yerlilərə qarşı amansız cinayətlər törətmiş, günahsız insanları qırmış, hamilə qadınları və uşaqları diri-diri yandırmışdır.

 Bu cinayətlərdə 1912-ci ildə o vaxt Bakı neftində 5 %-lik payı olan erməni milyonçusu Gülbekyanın (indiki Amerika səfirliyinin) ərazisində təsadüfən tapılan, guya azərbaycanlılar tərəfindən qətlə yetirilmiş bir erməni uşağının qəbri üstündə yaradılan “Erməni Milli Bürosu” (“Büro”) və onun üzvləri xüsusi ilə fəal olmuşdur. Bölgədə öz maraqlarını güdən müstəmləkəçi dövlətlərin silah və maddi yardımı ilə fəaliyyət göstərən və beləliklə, onların terror maşınına çevrilmiş bu erməni təşkilatı 1918-ci ilin martında Şamaxıda yerli əhaliyə qarşı törədilmiş qırğınların əsas icraçısı olmuşdur. Yeri gəlmişkən, “Milli Erməni Bürosu”  artıq 1916-cı ildə, gələcəkdə amansız və kütləvi qırğınlar törədəcəyi Şamaxı və Qubada özəklərini yarada bilmişdi. Şamaxı qəzasında əsas vəzifələrə irəli çəkilən “Büro” üzvü ermənilər, səlahiyyətlərindən istifadə edərək, mütəmadi evlərdə axtarışlar aparıb silahları toplayırdı. İnzibati təzyiqlərlə Şamaxı ilə Bakı arasında tədricən gediş-gəliş səngimişdi. Hətta həmin ilin son günlərində  Şamaxı qəzası faktiki olaraq “Büro” tərəfindən işğal olunmuşdu. Onlar əhalini vahimədə saxlamaq üçün vaxtaşırı qanlı cinayətlər törədirdi. Bunlardan biri kimi “Büro”nun Stepan Lalayanın başçılıq etdiyi silahlı birləşmənin Cümə məscidinə hücum edərək onu yandırmasını, məsciddə olan 11 adamdan 5-nin öldürülməsini, 6-sına isə ağır xəsarətlər yetirilməsini göstərmək olar. Yerli əhali isə silahsız və köməksiz idi.  

            Xüsusilə də məscidə olan bu hücumdan sonra bu məzalimlə mübarizə üçün “Şeyx Şamaxı məclisi” təşkil olunur. Bəzi rəvayətlərə görə, məclisin üzvləri arasında Şeyx Eyyubun zikrçiləri çoxluqda olmuşdur. Əli silah tutan yerli əhali də məclisə üzv olurdu. 1917-ci il 6 yanvar tarixli xüsusi bir teleqramla erməni çətəsinin başçısı  L.Ambartsumov “Büro”nun xarici əlaqələrindən məsul şəxs Dr.Zavriyevə bildirirdi ki, Şamaxıda bir qrup ziyalı ermənilərə qarşı təşkilat yaradıb. Zavriyev isə cavabında deyir: “Cənab Leon! Mənə Şamaxıda müsəlmanların yaratdıqları “Şeyx Şamaxı məclisi” haqqında məlumat ver. Bu nə təşkilatdır? “Büro”dan yanına xüsusi nümayəndə gələcək”. Yelizavetpol Xəfiyyə İdarəsinin istintaq qrupunun rəhbəri Q.Demçenkon Moskvaya göndərdiyi sorğu məktubunda yazırdı: “Şamaxı qəzasında millətlərarası münaqişə və yaxud qarşıdurma genişlənir. Münaqişədə maraqlı olan “Milli Erməni Bürosu”nun üzvlərinə yardım göstərir, köməklik edirik. Müsəlmanların yaratdıqları “Şeyx Şamaxı məclisi”ni isə yaxşı tanımırıq. Şeyx Şamaxı barədə bircə onu deyə bilərik ki, o, sadə, ortayaşlı bir din xadimidir. Hazırda onun məclisində 20 nəfər gənc var. Onlar da, bizim adamların nəzarətindədir”.

            Ermənilərin qırğın planına əsasən, Şamaxı və Quba qəzalarına hücum eyni gündə - 1918-ci il aprelin 24-də olmalı idi. Lakin Şamaxıda artıq bir ildən çox idi ki, qurulmuş “Şeyx Şamaxı məclisi” və digər qəza və mahallardan Şamaxıya köməyə gələnlərin olması xəbəri planın icrasını tələsdirdi. Çünki Qazax yaşayış məntəqəsindən “Salehin dəstəsi” deyilən doqquz nəfərlik bir qrup, Yelizavetpoldan on üç nəfərlik “Alməmmədin dəstəsi” “Şeyx Şamaxı”nın dəstəsinə tərəf gəlirdi. Ehtimal olunur ki, Şamaxıdan bu bölgələrə ermənilərin hərəkətləri, eləcə də qırğınlar törətmək planları barədə məclis üzvləri tərəfindən məlumatlar ötürülmüşdü.

            Nəhayət, martın 14-dən 15-ə keçən gecə şəhəri cənubdan ermənilər, şimal-şərqdən isə molokanlar mühasirəyə aldı. Səhər tezdən S.Lalayanın dəstəsi hücuma keçərək şəhəri top atəşinə tutdu və silahlar axşamadək susmadı. Bu atışma nəticəsində dinc əhali arasında çoxlu sayda tələfat oldu. Şeyx Şamaxının dəstəsi topların qarşısında dayana bilməyərək, geri çəkildi. Ermənilər və molokanlar axşama yaxın şəhərin “Piran-Şirvan” adlanan varlılar məhəlləsinə soxulub, evləri yandırır, yanan mənzillərdən çıxanların hamısını, küçədəki hər kəsi güllələyirdi. Qırğınlar o həddə idi ki, küçələrdə müsəlman meyitləri üst-üstə qalaqlanmışdı.

            Dağlara və meşələrə çəkilən Şeyx Şamaxının dəstəsi martın 16-da ani hücumla, qəzanın mərkəzində qətllərdə adları çəkilən üç ermənini yaxalayıb edam etdi. Beləliklə, Azərbaycanda erməni quldur dəstələrinə qarşı ilk və son partizan hərəkatı Şamaxıda başladı. Əsasən yerli əhalidən ibarət Şamaxının kiçik partizan dəstəsi əlləri qan içində olan, qorxudan gecələri oyaq qalan, silahı əldən qoymayan S.Lalayanın quldur dəstələri ilə üz-üzə dayanmışdı. Şeyx Şamaxının partizan dəstəsi iki qrupa bölünmüşdü. Birinci dəstə yerlərdən xəbərlər gətirir, ikinci dəstə isə həmin xəbərlərə uyğun hərəkətə keçirdi. Uğurlu əməliyyatlardan biri kimi ermənilərin xarici bazarlarda satmaq üçün seçib ayırdığı uşaqların azad edilməsi və onların Göyçay qəzasında yerləşdirilməsini nümunə göstərmək olar.  

            Erməni vəhşiliyi Şamaxı əhalisinə digər şəhər və qəzalardan köməyin gəlməsinə qədər bir neçə gün davam etdi. Martın 17-də Şamaxı partizanları Çaylı, Sündü, Çuxanlı istiqamətində formalaşan “Milli Erməni Birliyi”nin silahlı özəyini dağıtdılar. Elə həmin gün S.Lalayanın köməyinə Mədrəsədən əlavə silahlı dəstələr gəldi. Martın 18-də ermənilər ələ keçirdikləri: Məlikçobanlı Həsən Qulaməli oğlunu, Qonaqkəndlili Fəraməz Mir Haşım oğlunu, Sarıtorpaqlı Balamirzə Yusifcan oğlunu, Zarxılı Nəhmətulla Məşədi Musa oğlunu “partizan” adı ilə Meysəri yaşayış məntəqəsində yandırdılar.

            Silahlı erməni-rus birləşmələri 1918-ci il martın 30-dan 31-ə keçən gecə Şamaxının mərkəzinə yaxın yerdə, Kərbəlayi Dadaşın evində yığışan partizan dəstəsinə qəflətən hücum edir. Dəstənin 12 üzvü dar ağacından asılır. Şeyx Şamaxı - 41 yaşlı Hacı Mehdi Qəhrəman oğlu isə “Yeni hökumətin düşməni” kimi həbs olunaraq Yelizavetpol həbsxanasına göndərilir. Onun sonrakı taleyi haqqında heç bir məlumat yoxdur. Ehtimal olunur ki, erməni daşnakları onu həbsxanada öldürürlər və naməlum şəraitdə dəfn edirlər.

            Dəstənin sağ qalan üzvləri bir neçə ay sonra Azərbaycanı erməni-bolşevik işğalından qurtarmağa gələn Qafqaz İslam Ordusunda, getdiyi hər yerdə haqq-ədaləti bərqərar edən, məzlumun pənah yeri, dinc əhaliyə dost, zalımın, terrorçunun qənimi Türk əsgəri ilə çiyin-çiyinə, Acıdərədə gedən qızğın döyüşlərdə yaxından iştirak etmişdilər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz