RUHU İLƏ SEVƏN AŞİQ

RUHU İLƏ SEVƏN AŞİQ

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “İman edənlərin Allaha olan sevgiləri daha qüvvətlidir”. (əl-Bəqərə, 165)

Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun haqq  rəsulu Hz. Muhammədə salətu-salam olsun.

Yerlərdə və göylərdə sərgilənən ilahi səltənəti sonsuz üfüqləri ilə seyr edən və bu seyri qəlblərində tərəqqi edən bir irfan sərmayəsinə çevirən  kamil insanın bu aləmin bənzərsiz sahibinə bağlılığı kəlama sığmayacaq bir mərifət dastanıdır. Məhz bu mərifətin zaman  və məkan sərhədləri tanımadan  bütün sədləri aşaraq ona talib olmağa çalışan qəlbləri mənəvi canlılığı ilə həqiqi bir oyanışa dəvət etməsi onun qulluq müəssisəsini  daima ayaqda tutan ilahi bir rəhmət əsəri olduğuna əvəzsiz bir dəlildir. Sözləri və əməlləri ilə Aləmlərin Rəbbini tanıma, Onu sevmə və Ona layiqli qul olma sənətini tədris edən bu böyüklərin könül əsərlərini qəlbi yaddaşımızda canlandırmaqla bu böyük  nemətdən faydalanmaq mümkündür. Bu istiqamətdə məhsuldar çalışmaları ilə seçilən İmam Qəzali həzrətləri belə buyurur:

“İbadətlərin ən böyüyü mələküt aləmində, göylərdə və yerdə Allah-Təalanın ağıllara heyrət verən  incə əsərlərini düşünmək və Uca Rəbbimizin dünya və axirətlə əlaqədar sirlərini bilməkdən ibarətdir”.

Anlaşılan odur ki, bu ifadənin ehtiva etdiyi mənalar olduqca böyük və yaşanması da olduqca ağır olan  bir qulluq yüküdür. İlahi qulluq fərmanını çiyinlərinə yükləmə dərdinə düşən hər bir kəs bu yükü daşıma qüdrətinə malik olan qəlbini onu kor və gücsüz edən bütün maddi və mənəvi yaralardan tər-təmiz təmizləməlidir. “Bir kişinin qəlbi doğru olmadıqca imanı da doğru olmaz”(Əhməd, əl-Müsnəd, 3/196) hədisini rəhbər tutan Həsən Bəsri həzrətlərinin tövsiyələri Haqq dostu olmağa çalışanlar üçün necə də yerində səslənməkdədir:

“Övladım, qəlbini müalicə et. Çünki Allah (c.c) qullarından qəlblərini düzəltmələrini istəməkdədir. Qəlbin düzəlməsi də ancaq orada Allahın (c.c) əzəmətinin, məhəbbətinin, qorxusunun, heybətinin və təvəkkülünün tam mənası ilə yerləşməsi nəticəsində mümkün olur. Kəlmeyi-tövhidin gerçək mənası da budur”.

Yəni qəlb Özündən başqa ilah olmayan Allaha (c.c) ibadət edib Onu tək ilah olaraq tanıdığı, Onun məhəbbəti və qorxusu ilə dolduğu zaman düzəlir. Qulluq yükünü çəkmə və ilahi əzəməti idrak etmə yarışında qəlbi yaralayaraq onun maddi və mənəvi səfalətinə yol açan  zərərlərə işarə edən Şeyx Ədəbali həzrətlərinin sinələri titrədən xəbərdarlığı necə də möhtəşəmdir:

“Ey oğul! Əsəb və hirs mənəmliyin ən ləzzətli qidasıdır. Mənəmlik də qüvvətlənincə iradə yox olub gedər. İradəsi zəifləyənin ruhu intihara məruz qalar. İlahi əzəmətə qarşı qəflət libasına bürünmüş bir bədəni daşımaq nə ağır bir zillətdir! Əbədiyyətə qapalı bir ruh daşımaq da nə böyük xəyanət!”

 Demək, insan duyan, yaşayan, sevən, ağlayan, dünya və axirət sirlərini anlayan, diri olan bir ruha möhtacdır. Ruhu ilə sevən bir qul olma dərdinə bürünən haqq ərinin Mövlanə Cəlaləddin Rumi  həzrətlərinin izləmiş olduğu könül yolçuluğuna nəzər salması, bu yolçuluğun məqsəd və məramına bələd olması nəzər sahibini ruhu ilə sevmə sirrinə yaxınlaşdıra bilər.  Könül yolçuluğunun usta səyyahı Hz. Mövlanə belə buyurur:

“Sonsuz bir qaranlığın içindən doğuldum. İşığı gördüm, qorxdum. Ağladım. Zamanla işıqda yaşamağı öyrəndim. Doğumun həyatın bitməyə başladığı an olduğunu və aradakı bölümün ölümdən oğurlanan zaman olduğunu öyrəndim. Zamanı öyrəndim, onunla yarışmaq istədim. Lakin zamanla yarışmanın mümkünsüzlüyü ilə barışılacağını öyrəndim. İnsanı öyrəndim. Onların da içində yaxşı və pislərin, hətta hər insanın yaxşı və pis tərəflərinin olduğunu öyrəndim. Əvvəl sevməyi, sonra güvənməyi öyrəndim. Güvənmənin sevgidən daha qüvvətli olduğunu, sevginin də güvənmənin sağlam təməli üzərində qurulduğunu öyrəndim. İnsanın bədənini öyrəndim. Əvvəl bədənin altında bir ruh olduğunu, sonra isə ruhun əslində bədənin üstündə olduğunu öyrəndim. Aləmi və onu aydınlatmağı öyrəndim. Lakin aləmi aydınlatmaq üçün əvvəlcə yaxın çevrəni aydınlatmağın gərəkliyini öyrəndim. Oxumağı öyrəndim. Yazmağı da öyrəndim, ancaq bir müddət sonra  bu yazı mənə özümü tanımağı öyrətdi.  Düşünməyi öyrəndim. Sonra pərdələrin içində düşünməyi öyrəndim. Sonra ən sağlam düşünmənin pərdələrdən qurtularaq düşünmək olduğunu öyrəndim. Namusun önəmini öyrəndim. Gerçək namusun: günah əlinin altında ikən ona əl sürməmək olduğunu öyrəndim. Gerçəyi öyrəndim bir gün. Bu gerçəyin acı olduğunu və ölçüsündə bu acının yeməkdə olduğu qədər həyata da ləzzət qatdığını öyrəndim. Hər canlının ölümü dadacağını, amma sadəcə bəzilərinin həyatı dadacağını öyrəndim. Artıq mən dostlarımı nə qəlbimlə, nə də ağlımla sevərəm. Çünki ağıl unutqanlığa, qəlb də durğunluğa məruz qalar. Ona görə də mən dostlarımı unutmayan, durğun olmayan  ruhumla sevərəm”.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz