MÜSAHİBƏ; TÜRKİYƏ MƏNİM İKİNCİ VƏTƏNİMDİR...
İrfan: İbad bəy, tez-tez qəhrəmanlıq və şəhadət anlayışından söz açılır. Nədir insanı Vətən uğrunda qəhrəmancasına döyüşməyə, şəhadətə səsləyən?
İbad Hüseynov: Əgər bir ölkə müharibə şəraitindədirsə, o zaman tez-tez qəhrəmanlıqdan, şəhiddən, şəhadətdən söz açılması təbii haldır. Vətən ana deməkdir, bu sözün müqəddəsliyini, toxunulmazlığını anlayan hər bir vətəndaş döyüşməyə də, şəhidliyə də hazır olmalıdır. Biz müharibədə döyüşəndə qəhrəman olmaq üçün döyüşmürdük, eləcə döyüşürdük, bizə o adı verirdilər. Şəxsən mən müharibə başlayanda öz şəklimi, - bir neçə şəhidimiz olmuşdu, onların şəkillərindən lövhə kimi düzəltmişdik, - onların arasından asdım və burdan bizi yalnız ölüm ayıra bilər dedim. Həqiqətən də, elə də oldu. Mən son nəfəsimə qədər vuruşdum və tank əleyhinə minaya düşərək ölümcül yaralandım. Bir ay komada qaldım, bir neçə ay hərbi hospitalda yatdım. Uzun illər qoltuq ağaclarında xəstəliyimlə mücadilə apardım. Ayağım, qolum iflic olmuşdu. Həkimlər yeriməyəcəyimi demişdilər. Amma uşaqlıqdan idmanla məşğul olduğum üçün bədənim möhkəm idi, mübarizə apardım, özüm-özümü müalicə etdim və sağaldım. Xəstəxanadan çıxıb birbaşa rayona, hərbi hissəyə getdim. Əvvəla başqa yerdə yaşaya bilməzdim, ikincisi də, orada mənə ehtiyac var idi. Fiziki sağlamlığım olmasa belə, mənəvi dayaq olaraq əsgərlərin arasında idim. Amma əsas bir məqamı unutmamalıyıq, Vətən uğrunda ölməyə deyil, öldürməyə hazır olmalıyıq.
- Qardaş ölkənin Afrin əməliyyatına dəstək olmaq üçün Türkiyə ordusunda savaşa hazır olduğunuzu elan etdiniz. Necə oldu ki, belə bir qərara gəldiniz?
- Bilirsiniz ki, Türkiyənin paytaxtı Ankarada bir küçəyə mənim adımı veriblər. Qaziantepdə bir park, Kırşehirdə də bir küçə mənim adımı daşıyır. Tez-tez konfranslara dəvət edirlər, görüşlər keçirirlər. Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzində haqqımda “Türk dünyasının qəhrəman övladı” adlı kitab yazıblar. Məni özlərinin qəhrəmanı kimi qələmə verirlər. Bəs mən nə etməliydim, təbii ki, doğru addım atdım, Türkiyə mənim üçün ikinci vətəndir.
Mən hazır olduğumu sadəcə elan etmədim, birbaşa Suriya -Afrinlə sərhəd olan Kilis şəhərinə getdim. Şəhərin valiliyi məni qarşıladı, orada sadə insanlarla, şəhər sakinləri ilə görüşdük. Elə mən orada ikən şəhərdə bir neçə yerə raket düşdü, yaralananlar oldu. Oradakı xəstəxanalarda yaralı əsgərlərlə görüşdüm. Əslində Türkiyənin kiminsə köməyinə ehtiyacı yoxdur, türk əsgəri kimi cəsur əsgər dünyada yoxdur. Mən sadəcə öz içimdən gələn addımı atdım.
- Onda belə çıxır ki, dünyanın harasında türk varsa və bir-birimizə qardaş deyiriksə, deməli, çətin gündə də bir-birimizin yanında olmalıyıq. Qardaş ölkənin düşməni bizim üçün də düşməndir, elə deyilmi?
- Türkiyənin Cümhurbaşqanı baş məsləhətçisi Yalçın Topçunun dilinin əzbəri olan bir sözü xatırlatdınız mənə:
“Bütün türk dövlətləri qardaşdır, Azərbaycan-Türkiyə isə əkiz qardaşdır”. Türkiyə-Azərbaycan birliyi, dostluğu önəmli və vacibdir. Təbii ki, Türkiyəni sevməyən Azərbaycanı da sevməyəcək. Uzun illər Türkiyəylə Azərbaycanı uzaq tutmaq üçün nələr etməyiblər, hansı addımı atmayıblar!.. Şükürlər olsun, gec də olsa, Türkiyə-Azərbaycan bütövlüyü, dostluğu bütün sahələrdə göz qabağındadır. Mən də bu dövlətlərin bir oğlu, əsgəri olaraq çox şadam.
- Azərbaycan oğullarının Çanaqqala cəbhəsində şəhid olması, o cümlədən Qafqaz İslam Ordusunun Bakını erməni işğalından azad etməsi fonunda ümumiləşdirdiyimiz iki ölkənin birlik və bərabərliyini bu gün gücləndirmək adına nələri etməliyik?
- Alman alimi Fritz Neumark demişdi:
“Tarixdən Türklər çıxarılarsa, tarixdə tarix deyə bir şey qalmaz”.
Çanaqqala Türk tarixinin qanla yazılan qızıl tarixi, şanlı savaşıdır. Çanaqqala savaşı Türkün böyüklüyünü, cəsarətini, türk əsgərinin ölümsüzlüyünü təsdiqləyən tarixi faktdır. Bilirsiniz ki, Çanaqqala savaşında yüzlərlə Azərbaycan əsgəri şəhid olub. Eyni zamanda Qafqaz İslam Ordusunun Bakını erməni işğalından azad etdiyi zaman nə qədər türk əsgərləri şəhid olub. Türk dünyası böyük dünyadır. Avropa sivilizasiya inkişafını türklərdən götürüb.
Ölkəmizdə olduğu kimi, qardaş respublikada da Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin yeni formasının ortaya çıxması və davamlı inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlılığı hər kəsə məlumdur. "Bir millət, iki dövlət” ifadəsi qardaşlıq şüarı kimi hər yerdə iftixarla işlədilir. Onu da qeyd etmək lazımdır ki, ilk dəfə rəsmi səviyyədə Azərbaycan-Türkiyə münasibətlərinin əsası Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti hökumətləri arasında qurulmuşdu. Lakin tarixin acı nəticələri iki qardaş ölkənin münasibətlərində bir dönəm problemlər yaratdı.
Müstəqilliyimizin bərpasından sonra isə, belə demək mümkünsə, iki qardaş xalq sürətlə bir-birinə qaynayıb-qarışmışdır. İki ölkə arasında əlaqələrin durmadan yüksəliş dinamikasında qorunması təkcə qardaş tərəflər üçün yox, eyni zamanda böyük bir coğrafiyanın inkişafını təmin etməkdədir. Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd olunması ilə bağlı müvafiq sərəncam imzalayıb və dövlətimizin başçısı 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. 100 illik ərəfəsində Azərbaycan və Türkiyə arasında dövlət əhəmiyyətli tədbirlərin, layihələrin gerçəkləşməsi danılmazdır. Azərbaycan hər zaman Türkiyədən böyük dəstək gözləyir və lazım gələndə də öz dəstəyini əsirgəmir.
ŞƏRHLƏR