HAQQ DOSTLARINDAN HİKMƏTLƏR; Abdulqadir Gilani q.s -3-

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR; Abdulqadir Gilani q.s -3-

Abdulqadir Gilani həzrətləri buyurur:

“Bax, oğlum, haram yemək qəlbi öldürür. Loğma var ki, qəlbini nurlandırar, loğma var ki, qaranlığa boğar. Loğma var ki, səni dünya ilə məşğul edər, loğma var ki, onu axirətlə məşğul edər. Loğma var ki, səni hər iki dünyanın zahidi edər, dünya və axirətin Xaliqinə yönəldər”.

Həzrət Əbu Bəkr t çox ac olduğu bir gün ona yemək ikram etmişdilər. O da aclığın şiddətindən həmin qidanın haradan gəldiyini soruşmadan ağzına bir loğma atdı. Lakin həmin loğmanın haram və ya şübhəli yoldan qazanıldığını öyrəndikdə dərhal barmağını boğazına salıb (böyük əziyyətlə) yediklərinin hamısını geri qaytardı. Həmin qidanı gətirənə də:

- Az qala, məni həlak edəcəkdin, - dedi.

Ona:

- Bir loğmaya görə bu qədər əziyyətə dəyərdimi? – deyənlərə bu cavabı verdi:

- Canımın çıxacağını bilsəydim, yenə də onu çıxarardım. Çünki Rəsulullah r belə buyurmuşdur:

“Haramla bəslənən vücudun layiq olduğu yer cəhənnəmdir”.[1]

Gördüyümüz kimi bizim üçün nümunəvi nəsil olan əshabi-kiram xəta ilə yediyi qidanın belə haram və ya şübhəli olduğunu öyrənən kimi dərhal onu bədənlərindən çıxarmaq istəyirdilər. Çünki yaxşı bilirdilər ki, haram qida ruhi inkişafa, qəlbi tərəqqiyə, maddi-mənəvi irəliləyişə manedir. Qəflət və günahların sərmayəsidir.

Bu bir həqiqətdir ki, insan ruhuna təsir edən iki əsas ünsür var: Birincisi, ünsiyyət qurduğu adamların mənəvi halı, ikincisi isə, yediyi loğmaların halallıq dərəcəsi.

Loğma haram və ya şübhəli olarsa, mənəvi həyata zəhər saçar. Qəlbə qatılıq, ibadətlərə qarşı tənbəllik verər, Allah yolunda xidmətə əngəl olar.

Bunun əksinə, yeyilən loğmalar halal olarsa, o da könül feyzini artırıb ruhaniyyəti gücləndirər. Saleh əməllərə rəğbəti artırar, bədənlə birlikdə ruha qida, könülə şəfa olar.

Mövlana həzrətləri halal və haram loğmaların insanın daxili aləminə təsirini belə ifadə edir:

“Bu səhər mənə ilham gəlmədi. Vücuduma bir neçə şübhəli loğmanın girdiyini anladım. Elm də, hikmət də halal loğmadan doğar. Eşq də, mərhəmət də halal loğmanın məhsuludur. Nur və kamalı artıran loğma halal qazancdan əldə edilən loğmadır. Əgər bir loğmadan qəflət meydana gələrsə, bil ki, o, şübhəli və ya haramdır”.

Böyük mürşidi-kamillərdən Bəhaəddin Nəqşbənd həzrətləri halala riayət xüsusunda həddən artıq həssas idi. Şübhəli olanlardan uzaqlaşmaqda da böyük həssaslıq sərgiləyərdi. Tez-tez söhbətlərində:

“İbadət on qismdir: doqquzu halal ruzi tələb etmək, biri isə digər əməllərdir”[2] hədisini oxuyar və ona görə əməl etməyin zərurətini dilə gətirərdi.[3]

Nəqşbənd həzrətləri qidasını şəxsən öz tarlasından təmin edərdi. Hər il müəyyən qədər arpa, lobya və ərik yetişdirərdi. Əkin zamanı işlədilən heyvanların, tarlanın, toxumun və suyun halal olmasına həddən artıq riayət edərdi. Bu səbəbdən bir çox alim təbərrükən (və şəfa niyyəti ilə) onun halal yeməyindən yemək üçün söhbətlərinə gələrdilər.[4]

Bir dəfə mənəvi hallarından məhrum qaldığından şikayət edən tələbəsinə belə buyurmuşdu:

“Yediyin loğmaların halaldan olub-olmadığını yaxşı araşdır!”.

Tələbəsi gedib araşdırdı və yeməyi bişirdiyi ocaqda halal olub-olmadığında şübhəli bir odun yandırdığını öyrəndi. Dərhal tövbə etdi.[5]

Bu hadisə də ariflərin nəzərində qidanın mənəvi keyfiyyətinə nə qədər əhəmiyyət verildiyini göstərmək baxımından çox ibrətlidir:

Şah Nəqşbənd həzrətləri bir gün Qadivet adlanan bölgəyə getmişdi. Dərvişlərdən biri önünə yemək qoymuşdu. Xacə həzrətləri isə belə buyurdu:

“Bizim bu yeməyi yeməyimiz münasib deyil. Çünki qəzəblə bişirilmişdir. Unu ələkdən keçirən, xəmiri yoğuran və bişirən adam əsəbi imiş”.[6]

Deməli, yeyilən loğmaların halallığı ilə yanaşı, hansı əhval-ruhiyyə ilə hazırlandığının da insan mənəviyyatına təsiri var.

Rəsulullah r hər xüsusda olduğu kimi halal qida həssaslığında da bizim üçün misilsiz nümunəvi şəxsiyyətdir.

Bir dəfə Hz. Peyğəmbərə və yoldaşlarına sahibindən xəbərsiz, lakin sahibinin xanımından izin alınaraq kəsilən bir qoyunun ətini ikram etmişdilər. Peyğəmbərimiz r yeməkdə könül rizası olmadığını hiss edərək loğmanı ağzında o tərəf-bu tərəfə çevirsə də, uda bilmədi. Məsələnin əslini soruşub öyrənəndə o ətdən yemədi, sahibinə də onu qeyri-müslim əsirlərə yedirməsini əmr etdi. (Əbu Davud, Büyu, 3/3332; Əhməd, V, 293)

Allah Rəsulunun izindən gedən istiqamət əhli saleh möminlərin qidalanma xüsusundakı bu həssaslığı onları dükandan və bazardan aldıqlarını evlərinə apararkən içini göstərməyən torbalarda aparmağa sövq etmişdir. Çünki yeyiləcək qidada möhtac və qəriblərin tamahının mənfi təsirinin olmasını istəmirdilər.    

Bu günsə restoranlarda satılan yeməklərin küçədə keçənlərin görməsi üçün vitrinlərdə açıq-aşkar sərgiləndiyini görürük. Bu hal qəbuledilməzdir. Çünki bir çox ehtiyac sahibinin gözü bu qidalarda qalır və beləliklə qul haqqına girilmiş olur.

İslam əxlaqının hakim olduğu keçmişimizdə bu xüsusa çox diqqət edilərdi. Böyük şüşələrin önünə pərdə çəkilərdi ki, vitrinə düzülən təamlarda yoxsul və möhtacların gözü qalmasın, yeyənlərə və satanlara günah olmasın…

Qonşu haqlarından bəhs edən bir hədisi-şərifdə belə buyurulmuşdur:

“…Şorbandan az da olsa qonşuna göndər ki, qazanda bişənin qoxusu ilə onu narahat etmiş olmayasan. Bir meyvə aldığın zaman ona da hədiyyə et.  Əgər bunu etməsən, meyvəni evinə (qonşuya göstərmədən) gizli gətir. Uşağın da onu çölə aparıb qonşu uşağının tamah salmasına yol verməsin”. (Beyhəqi, Şuab, VII, 83; Qurtubi, V, 120-123)

Yəni əgər bir qida ikram edilməyəcəksə, heç olmasa onun qoxusu və görünüşü ilə başqalarına əziyyət etməmək lazımdır.

Bu günsə ümumi parklarda manqal qalanıb ət və kabab qoxularını ətrafa yayırlar. Mərhəmət, qayğıkeşlik, ədəb, həya kimi qəlbi həssaslıqlar zədələnərək yerini eqoizmə və nəfsaniyyətə verdiyi üçün göz haqqı və qul haqqı nəzərə alınmır.

Keçmişdə bir çox evdə kürə yox idi. Hazırlanan şirniyyatı bişirmək üçün üstüörtülü sinilərlə bazar kürələrinə aparardılar. Böyüklər sinini aparan uşaqlara:

- Övladım, bir az da kürədə işləyən adama ver. Göz haqqı qalmasın, qul haqqı qalmasın, - deyə tapşırardılar.

Bu günsə, təəssüf ki, yayğın bir xəstəlik var. Restorana, yaxud ziyafətə gedən telefonla yediyi yeməyin şəklini çəkib paylaşır. Evinə yeni bir əşya alan da çəkib hamıya göstərmək üçün reklam edir. Bu cür paylaşmalar edilən mobil telefonlar böyüklərin yeni oyuncağı oldu. Məhrəm qalmalı olan xüsusi fotolar belə açıq-aydın sərgilənməyə başlandı.

Bununla da ədəb, həya, məhrəmlik duyğusu zədələndi. Halbuki “həya imandandır”.[7] Möminə yaraşmayan bu cür göstəriş düşkünlüyü ən başda ədəb, həya və mədəniyyət nöqsanlığıdır. Heç kimə zərrə qədər zərəri olmadığı bilinsə belə ən azından gərəksiz işlə məşğuliyyətdir. Bu isə İslam əxlaqına ziddir. Çünki Haqq-Təala möminlərin vəsflərini zikr etdiyi ayeyi-kərimələrin birində belə buyurur:

“O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər”. (əl-Muminun, 3)

Hədisi-şərifdə də belə buyurulur:

“İnsanın özünü maraqlandırmayan şeyləri tərk etməsi müsəlmanlığının gözəlliyindəndir”. (Tirmizi, Zöhd, 11)

Həmçinin bu cür fotolar paylaşmaq insanı təkəbbürə sövq edərək günaha salar. Görənlərin də nəzər və həsədini cəlb etmə təhlükəsi yaradar. Halbuki hədisi-şərifdə:

“Ehtiyaclarınızı əldə edərkən gizliliyə riayət edin. Çünki hər nemət sahibinə həsəd olunar”, - buyurulur. (Süyuti, əl-Camius-SağirI, 34)

Xülasə, yediyimiz, geydiyimiz, istifadə etdiyimiz bütün nemətlərdə onlardan məhrum olanların gözlərinin qalmasına yol verməkdən mümkün mərtəbə çəkinməliyik.

Halala riayət etmək xüsusunda buna da çox diqqət etmək lazımdır. Əgər bir məmur, yaxud işçi vəzifəsini layiqincə yerinə yetirmirsə, iş saatlarına riayət etmirsə, aldığı maaşa qismən haram qarışdırmış olur. Əgər bir məscid imamı camaatı ilə kifayət qədər məşğul olmursa, onlara lazımi irşadı etmirsə; bir müəllim tələbələri ilə lazımınca maraqlanmırsa, onlar da aldıqları maaşa öz əlləri ilə haram qatmış olurlar. İnsanın malı üzərində qul haqqı, miras haqqı, zəkat borcu səbəbi ilə möhtacların haqqı varsa, bütün bunlar da onun mənəviyyatına mənfi təsir edər.

Bu səbəblə Haqq dostlarından Süfyan Sövri həzrətləri belə buyurmuşdur:

“İnsanın dindarlığı çörəyinin halallığı nisbətindədir”. Bir gün ona:

- Namazı birinci səfdə qılmağın fəzilətindən bəhs edərsinizmi, - dedikdə bu cavabı verdi:

- Qardaşım, sən əvvəlcə çörəyini haradan qazandığına bax! Qazancın halal olduqdan sonra hansı səfdə istəyirsən orda da qıl. Bu barədə heç bir məcburiyyətin yoxdur.

Çünki hər loğmada keçmişin mənəvi izləri var. O loğma halaldan, yoxsa haramdan qazanılıb? Üzərində göz haqqı, miras haqqı, zəkat borcu kimi bir xəstəlik varmı? Həmin loğmanı hazırlayanın qəlbi nə haldadır?.. Bütün bunların müsbət və ya mənfi təsirləri o loğmanı yeyənə sirayət edər. Müsbətdirsə feyz və ruhaniyyət olaraq, mənfidirsə qəflət olaraq əks edər.

Bu da çox həzindir ki, zəmanəmizdə, xüsusilə, böyük şəhərlərdə yerləşən bir çox evdə mətbəx qalmadı. Küçələr sanki mətbəxə döndü. Əvvəllər evlərdə dəstəmazlı, bismillah və salavatlarla, zikrin feyz və ruhaniyyəti ilə, ibadət vəcdi ilə bişirilən yeməklərin yerinə bu gün hız (sürət) və həzz mərkəzli modern həyatda, təəssüf ki, nə kimi maddələrlə və hansı ruh halı ilə bişirildiyi bəlli olmayan qidaları kuryerlə evə gətirtmə adəti vüsət aldı. Yeyən adam nə yediyinin mənəvi keyfiyyətindən, nə də yeməyi hazırlayanın haləti-ruhiyyəsindən xəbərdardır… Bu yeməkləri bişirənlərin dəstəmazlı olub-olmadığı, bismillah çəkilib çəkilmədiyi düşünülmür, hətta bu xüsusa əhəmiyyət də verilmir…

Cəmiyyətdə bərəkətsizliyin, duaların qəbul olmamasının, ibadətlərdə ixlas halının itirilməsinin, maddi-mənəvi sancıların çoxalması, duyğusuzluq, eqoizm və hüzursuzluğun artması kimi çətinliklərin bir səbəbini də burada axtarmaq lazımdır.

Abdulqadir Gilani həzrətləri buyurur:

“Sən, ey zəngin adam! Allahı unudub maddi sərvətinlə məşğuliyyətə dalma! Çünki ehtimal var ki, gün gələr, sən kasıblaşmış olarsan”.

Mülk Allahındır. Onu – imtahan vəsiləsi olaraq – istədiyinə bol verər, istədiyindən alar. Kasıblıq kimi zənginlik də ilahi bir imtahandır.

Varlıq Allahın əmanətidir. Nə zaman verib nə zaman alacağı məchuldur. Ona görə də daima əldə qalacağını zənn etmək əmanət edənə deyil, əmanətə güvənmək böyük bir qəflətdir.

Haqq-Təala ayeyi-kərimədə:

“…Əgər şükür etsəniz, əlbəttə, sizə (nemətimi) artıraram…” (İbrahim, 7) buyuraraq, nemətlərin davamının və bərəkətinin şükrə bağlı olduğunu bildirməkdədir.

Həzrət Əli t da belə buyurmuşdur:

“Əlinə nemət keçdiyi zaman çox şükür et. Az şükür edərək Allahın nemətlərini əlindən çıxarma!”.

Bu hadisə nemətləri əldən verməməyin yolunu nə gözəl izah edir:

Allah-Təala peyğəmbərlərindən birinə vəhy edərək:

“Filan qulumun (imtahan olaraq) ömrünün yarısını kasıblıq, yarısını da zənginliklə keçirməsinə hökm etdim. Hansını əvvəl istəsə, onu edəcəyəm. Qoy arzusunu söyləsin”, - buyurdu.

Həmin peyğəmbər o adamı çağırıb gələn vəhydən xəbərdar etdi. O da əməlisaleh zövcəsi ilə məsləhətləşmək istədiyini söylədi. Xanımı:

- Əvvəlcə zənginliyi seç, - dedi.

Əri:

- Zənginlikdən sonra kasıblıq ağır olar. Kasıblıqdan sonra zənginliksə xoşdur, - dedi.

Xanımı:

- Bu məsələdə mənim dediyimi et, - cavabını verdi.

O da Peyğəmbərin yanına gedib əvvəlcə zənginliyi seçdiyini bildirdi. Allah-Təala ona bütün zənginlik qapılarını açdı, bolluq və bərəkət ehsan etdi.

Sonra fərasət sahibi xanım ərinə belə dedi:

- Əgər bu nemətin ömrünün sonuna qədər davam etməsini istəyirsənsə, Allahın qullarına qarşı comərd ol. Özünə bir paltar alanda mütləq bir kasıba da al. Özün nə yeyib-içirsənsə, kasıblara da ondan ikram et…

Ömrünün ilk yarısı bolluq içində şükürlə keçdiyi üçün Allah-Təala peyğəmbərinə vəhy edərək:

“Mən o quluma (imtahan olaraq) ömrünün yarısını zənginliklə, yarısını da yoxsulluqla keçirməsini təklif etmişdim. Lakin o qulum bütün nemətlərimə şükür etdi. Şükür isə nemətin artmasını və davamlı olmasını təmin edər. O saleh quluma ömrünün geri qalan qismini də zənginliklə keçirməsini təqdir etdiyimi müjdələ”, - buyurdu.[8]

Necə ki, ayeyi-kərimədə belə buyurulur:

“(Ya Peyğəmbər!) De: “Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. (Allah yolunda) nə xərcləsəniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!”. (əs-Səbə, 39)

Məhz bu ilahi sirdən qafil olan kəs xəsisləşər. Malının onu əbədi yaşadacağını zənn edər. Malı verənə sığınmalı olduğu halda çaşqınlıqla malından yapışar. İnfaqın malı bərəkətləndirəcəyi vədinə deyil, şeytanın və nəfsinin infaq edəcəyi təqdirdə kasıblaşacağına dair vəsvəsələrinə etibar edər. Halbuki xəsislik edib mala bərk-bərk sarılmaq insana təqdir ediləni geri çevirməz. Yəni Allah-Təala verdiyi sərvət əmanətini geri almağı təqdir etmişsə, qafilin xəsisliyi malının əldən çıxmasına mane ola bilməz.

İnsan ömrü boyu bolluq içində yaşasa da, son nəfəsdə bütün fani varlıqları tərk edər. Dünyalıq olaraq əynindəki kəfənlə torpağın qoynuna girər. Bundan daha həzin olansa bütün dünyalıq əlindən alınmasına rəğmən həmin nemətlərdən sorğu-suala çəkiləcək olmasıdır.

Elə isə möminə yaraşan, bir gün mütləq surətdə tərk edib gedəcəyi dünya nemətlərini əlində fürsət var ikən Allahın razı qalacağı şəkildə istifadə edərək həqiqi və əbədi səadət sərmayəsinə çevirməkdir.

Şeyx Sədi belə deyir:

“Qapına yoxsul bir adam gəlsə, əsla əliboş göndərmə. Allah göstərməsin, bəlkə bir gün sən yoxsul olub qapı-qapı dolaşarsan.

Madam ki, bu gün nə isə istəmək üçün heç kimin qapısına getmirsən, buna şükür etmək üçün qapına gələn möhtaca ikram et!”.

Məsələn, bu gün yurdumuza sığınan milyonlarla didərgin qardaşımız əvvəllər başlarına gələcək bu fəlakətləri təxmin etmirdilər. Gələcəkdə nə olacağı, sabah nələrlə qarşılaşacağımız  bizim üçün də məchuldur. Ona görə bu gün qapımıza gələn məzlum qardaşlarımıza qol-qanad gərməli, onlara lazımi diqqəti göstərməliyik ki, Rəbbimiz ehsan etdiyi nemətləri bizdən almasın.

Rəsulullah r -in zövcəsi Həzrət Aişə c oruclu olduğu bir gün yoxsul bir adam gəlib ondan yeməyə bir şey istəmişdi. Həmin vaxt Aişə anamızın evində bir çörəkdən başqa heç nə yox idi. Xidmətçisinə:

- Çörəyi ona ver, - buyurdu.

Xidmətçi isə:

- Axşam iftar etməyiniz üçün başqa heç nə yoxdur, - dedi.

Həzrət Aişə c:

- Sən çörəyi ona ver, - dedi.

Xidmətçi hadisənin davamını belə nəql edir:

“Həzrət Aişənin əmri ilə çörəyi ona verdim. Axşam olanda bizə bir parça bişmiş qoyun əti göndərdilər. Hz. Aişə c məni çağırıb:

- Buyur, ye, bu, sənin çörəyindən daha ləzzətlidir, - dedi. (Muvatta, Sədəqə, 5)

Deməli, Haqq-Təala həyatın hər mərhələsində qulundan fədakarlıq istəyir. Qulunun imandakı səmimiyyətini fədakarlıqlarla sınağa çəkir. Necə ki, ayeyi-kərimədə də belə buyurulur:

“Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!”. (Ali-İmran, 92)

Allah-Təala lütf-kərəmi ilə hər birimizə rizası yolunda xidmət və fədakarlıq edərək imandakı ixlas, sədaqət və səmimiyyətini isbat edən saleh qullarından olmağı qismət etsin.

Amin!..


[1] Bax. Buxari, Mənaqibul-Ənsar, 26; Əbu Nuaym, Hilyə, I, 31; Əhməd bin Abdullah ət-Təbəri, ər-Riyadun-Nədra, II, 140-141.

[2] Deyləmi, Müsnədul-Firdovs, III, 107/4062.

[3] Ənisut-Talibin, s. 63.

[4] Ənisut-Talibin, s. 64; Rəşahat, s. 159, 184.

[5] Heyət, Övliyalar Ensiklopediyası, III, 441.

[6] Ənisut-Talibin, s. 64-65; Rəşahat, s. 513.

[7] Buxari, İman, 3.

[8] Bax. Ramazanoğlu Mahmud Sami, Bəqərə Surəsi Təfsiri, s. 33-34.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz