ULU XAQAN SULTAN II ABDULHƏMİD
Sultan II Abdulhəmid 21 sentyabr 1842-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası sultan Abdulməcid, anası isə Tirimüjgan sultan idi. Abdulhəmid hələ 10 yaşında ikən anası vəfat edir.
Bu səbəbdən sultan Abdulməcid oğlunu övladı olmayan digər xanımı Piristü sultana əmanət edir. Piristü sultan Abdulhəmidi öz övladı kimi sevmiş və böyütmüşdür.
Əmisi sultan Abduləzizin 1876-cı ildə taxtdan endirilməsi və şübhəli şəkildə ölümündən sonra II Abdulhəmidin böyük qardaşı V Murad taxta keçmişdir. 3 ay hakimiyyətdə qaldıqdan sonra ruhi xəstəlik keçirdiyindən hakimiyyətdən endirilir və II Abdulhəmid hakimiyyətə gəlir. 31 avqust 1876-cı ildə padşahlığı elan edilir və 7 sentyabrda Eyubda qılınc qurşanaraq bunu rəsmiləşdirir.
3 dekabr 1876-cı ildə ilk Osmanlı konstitusiyası olan Qanuni-Əsasini elan edir. Yenə Osmanlı tarixinin ilk milli məclisi (Məclisi-Məbusan) də onun dövründə açılır.
Çox gözəl təhsil alaraq dini elmləri və fransız dilini mükəmməl şəkildə öyrənir. Əmisi Abduləziz onu Misir və Avropa səyahətlərinə yanında aparır.
Sultan II Abdulhəmid hakimiyyətə çıxdıqda Osmanlı dövləti böhran içərisində idi. Dahiyanə fikirləri, siyasəti və ədaləti ilə qüdrətli şəkildə dövləti idarə etməyə başlayır. Osmanlının o dövrlərdə iki yüz əlli iki milyon dövlət borcu var idi. Abdulhəmid Duyunu-Umumiyyə idarəsini quraraq bu borcu yüz altı milyona endirir. Yəhudilər Sultan II Abdulhəmidə Fələstində bir dövlət qurmağı təklif edərək Osmanlının bütün borclarını ödəmək istədiklərini bildirmişdilər. Bu təklifi qətiyyətlə rədd edən Sultan Abdulhəmid belə cavab verir: “Babalarımız bu torpaqları qanla aldılar və sizə oradan bir qarış torpaq belə vermərəm!”. Fələstin torpaqlarının yəhudilərə satılmaması üçün də lazımlı tədbirlər alır.
Sultan II Abdulhəmid Osmanlı tarixinin ən çox iftira atılan padşahıdır. Onun çox qan tökdüyü, bəyənmədiyi adamları öldürtdüyü yalanları uydurulur və ona "Qızıl Sultan" adı yaxılmağa çalışılır. Əslində isə o, dövründə ən az edamın gerçəkləşdiyi bir padşah olmuşdu. Bir çox mütəxəssis tarixçilər Sultan II Abdulhəmidin Osmanlı dövlətinin ömrünü 40 il daha uzatdığını söyləyərək onu “Ulu Xaqan” adlandırmışlar.
Sultan II Abdulhəmid dövlət işlərində hər zaman həssas davranardı. Onun haqqında danışılan bu hadisə çox ibrətamizdir: O, dövlət sənədlərini heç zaman dəstəmazsız imzalamazdı. Daima yatağının başında təmiz bir qab torpaq olardı. Bu torpaqla yataqdan qalxan kimi təyəmmüm alardı ki, çeşməyə gedənə qədər yerə dəstəmazsız ayaq basmasın. Bir gün xanımı niyə görə belə etdiyini soruşdu. Sultan Abdulhəmid bu ibrətli cavabı verdi: "Bu qədər müsəlmanın xəlifəsi olaraq biz sünnəyə diqqət etməsək, ümməti-Muhamməd bundan zərər görər".
Məşhur alman dövlət adamı Prens Bismark Sultan II Abdulhəmid haqqında düşüncələrini bu şəkildə etiraf etmişdi: “Dünyada 100 qram ağıl varsa, bunun 90 qramı Abdulhəmid xanda, 5 qramı məndə, 5 qramı isə digər dünya siyasətçilərindədir”.
Bu qədər dininə, dövlətinə, millətinə bağlı olan padşahı taxtdan endirmədən Osmanlı dövlətini parçalamağın mümkün olmadığını görən daxili və xarici düşmənlər bu Türk Xaqanına qarşı cəbhə aldılar. Bir tərəfdən sultanı gözdən düşürmək üçün iftiralar atılarkən, digər tərəfdən sui-qəsdlər tərtib etdilər. Ən əsası da dövlətin gənclərini aldadaraq onu Qızıl Sultan kimi tanıtmağa, onların tez alovlanan saf duyğularından istifadə etməyə başladılar.
33 il Osmanlı dövlətinə layiqincə xidmət edən sultan II Abdulhəmidi, nəhayət, yalanlarla taxtdan endirməyə müvəffəq olurlar. 13 aprel 1909-cu ildə mart ayında baş verən kütləvi hadisələr Abdulhəmidin hakimiyyətini sarsıdır. Nəticədə bütün İstanbul günlərcə hadisələrlə çalxalanır. Məclisi işğal edən Hərəkat Ordusu Məclisi-Məbusana təzyiq edərək onun 27 aprel 1909-cu ildə taxtdan endirilməsi üçün qərar çıxartmasına müvəffəq olur.
Taxtdan endirildikdə də qədərinə riza göstərmiş və: "Bu, Əziz və Alim olan Allahın təqdiridir", - deyərək böyük təslimiyyət içində məclisin qərarına hörmətlə yanaşmışdır.
Böyük sultan 10 fevral 1918-ci ildə İstanbulda Bəylərbəyi sarayında vəfat etmişdir.
O, bu dünyadan əliboş gedərkən arxasında xalqının istifadəsinə bir çox ölümsüz əsər buraxıb getmişdir. Çoxu şəxsi büdcəsindən olaraq məscid, məktəb, xəstəxana, körpü, bulaq kimi saysız əsər tikdirmişdi. Ölkənin dörd bir tərəfinə o dövrün çətin şərtlərinə baxmayaraq 5700 km dəmiryolu xətti çəkdirmişdi. 11250 km maşın yolu, 22000 km teleqraf xətti çəkdirmişdi.
Hakimiyyəti boyunca 9347 balaca uşaqlar üçün məktəb, 650 böyük yaşda uşaqlar üçün məktəb, 109 lisey açdırmış, İstanbul Universitetinin 1901-ci ildə açılışını etmişdi. Bununla bərabər, ölkənin dörd bir tərəfində saysız hərbi məktəblər açdıraraq vətəninə xeyirli əsgər və zabitlər yetişdirmişdi. Zirehli dənizaltı qayıqlar hazırladaraq Osmanlı donanmasını gücləndirmişdi. Adi xəstəxanalar bir tərəfə, heyvanlar üçün ilk baytarlıq şəfaxanası da onun adı ilə bağlıdır.
Onun taxtda qalaraq həyata keçirə bilmədiyi layihələr də çoxdur. Məsələn, İstanbulda Xəlic körfəzi və İstanbul (Bosfor) boğazı üzərində körpülər tikdirməyi planlaşdırmışdı. Amma bunu gerçəkləşdirməyə müvəffəq ola bilmədi.
Məkanı cənnət olsun...
ŞƏRHLƏR