Ziyalı, pedaqoq, araşdırmaçı-yazar / Məmməd MƏMMƏDZADƏ /O BÖYÜK ŞƏXSİYYƏTDƏN NÜMUNƏ GÖTÜRƏ BİLSƏK ÇOX XOŞBƏXT OLARIQ
İrfan: Zəhmət olmasa, bir az özünüz haqda məlumat verin.
Məmməd Məmmədzadə: Özüm haqda nə deyə bilərəm? 1951-ci ildə Bakı şəhərində anadan olmuşam. Hamı kimi mən də 7 yaşında məktəbə getmişəm. Onuncu sinfi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsinə daxil olmuşam.
İnstitutu bitirdikdən sonra Mingəçevir şəhərində müəllim, Mənzil Təsərrüfat İdarəsində təşkilatçı-pedaqoq, inspektor, şəhər İcraiyyə Komitəsində, daha sonra İcra hakimiyyəti aparatında müxtəlif vəzifələrdə çalışmışam. Hal-hazırda Ağdaş şəhərində yaşayıram və məktəbdə ixtisasım üzrə müəllimlik edirəm.
- Məmməd müəllim, “İrfan”ın sentyabr sayının əsas mövzusu “Şəxsiyyət inşası”dır. Ona görə də müsahibəni mövzu ətrafında qursaq, məncə, yerinə düşər. Şəxsiyyət dedikdə nə başa düşülməlidir?
- Çox maraqlı mövzudur. İbtidai icma quruluşundan günümüzə qədər bütün ictimai formasiyalarda insan oğlunun səxsiyyətə ehtiyacı olub və bundan sonra da olacaq. Gəlin öncə sözün leksik və qrammatik mənalarını açmağa çalışaq. Ərəb dilindən alınan bu söz şəxs kökünə iyyət şəkilçisi artırmaqla düzəlib. Söz köklərinə artırılan bu alınma şəkilçi ictimai məfhum, hal-vəziyyət mənası bildirən mücərrəd mənalı isim düzəldir. Konkret isimlərdən fərqli olaraq mücərrəd isimləri dünyagörüşü, düşüncə, həyat tərzi və s. görə hərə bir cür anlayır və izah edir. Elə bu səbəbdən də şəxsiyyət haqqında deyəcəyim fikirlərlə razılaşmayan oxucular tapılacaq ki, bu da təbiidir. Şəxsiyyəti cəmiyyətdən kənarda təsəvvür etmək qeyri-mümkün olduğu kimi cəmiyyəti də şəxsiyyətsiz təsəvvür etmək mümkün deyil. Əks-təqdirdə X.R.Ulutürkün təbirincə desək “Vətən insan yığınına dönə bilər yavaş-yavaş”. Ən önəmlisi isə şəxsiyyətin lazımi anda, xalqın, cəmiyyətin ən kritik anında onun yanında olmasıdır.
- Ağsaqqal və şəxsiyyət, sizcə, bu sözlər eyni mənanı verir, yoxsa fərqli məna yükü daşıyır?
- Bəzən hər iki sözün də eyni məna ifadə etdiyini deyənlər olsa da, əslində ağsaqqal və şəxsiyyət tamamilə bir-birindən fərqlidir. Hər hansı bir nəslin, məhəllənin, kəndin ağsaqqalı ağsaqqallıq etdiyi bu və ya digər toplumun həyatında yaxından iştirak edir, hər hansı bir hadisənin birbaşa iştirakçısına çevrilir, ətrafdakılara, ona müraciət edənlərə öz məsləhətlərini verir, məsələnin həlli yollarını göstərir. Toplumun şəxsiyyətə olduğu kimi ağsaqqala da hər zaman ehtiyacı olub. Ən qədlm ədəbi nümunəmiz olan “Kitabi-Dədə Qorqud” el ağsaqqalı Dədə Qorqudun kitabıdır. Dədə Qorqud Oğuz elinin bütün xeyir və şərində yaxından iştirak edir. Beyrək üçün elçiliyə gedir, Oğuz igidlərinə ad qoyur və s. Təəssüflər olsun ki, yüz illiklər ərzində fəaliyyət göstərən “ağsaqqal institutu” son dövrlərdə demək olar ki, tamamilə öz əvvəlki nüfuzunu itirmişdir ki, nəticədə boşanmalar çoxalmış, qohumlararası cinayətlərin sayı hədsiz dərəcədə artmışdır.
Hər hansı bir şəxsin ağsaqqal olması üşün onun saqqalının ağarması lazım deyil. Ağsaqqal olmağın əsas şərtləri halallıq, səmimilik, düzgün həyat tərzi, böyüklə böyük, kiçiklə kiçik ola bilməkdir. Böyük Füzulinin təbirincə:
Sərvərlik istər isən üftadəlik şüar et
Kim düşmədən ayağa çıxmadı başə badə.
Şəxsiyyət isə ağsaqqaldan fərqli olaraq hadisələrə bilavasitə təsir edir, çox vaxt hadəsələrdən kənarda qalır, iştirakçı olmur. Təbiri caizsə ağsaqqal tamaşanın iştirakçısı, şəxsiyyət isə rejissorudur. Ağsaqqal yaşadığı müddətcə ağsaqqaldır, o dünyasını dəyişəndən sonra bu missiya da bitir. Və bir ağsaqqal gözəl insan kimi 20-30 il, ən çoxu 50 il onu tanıyanların xatirələrində yaşayır.
Şəxsiyyətlər isə əksinə, daha uzunömürlü olurlar. Bir növ səmada ölən ulduzlar uzun illər öz işıqlarını Yer üzünə yaydıqları kimi onlar da ölümlərindən sonra cəmiyyətdəki mövqelərini mühafizə edə bilirlər.
Yeri gəlmişkən onu da qeyd edək ki, ağsaqqallardan fərqli olaraq insanlar bəzən şəxsiyyətləri bütləşdirməyi də bacarırlar və bu bütləşdirmə şəxsiyyətin sağlığında baş verəndə cəmiyyət üçün kabusa çevrilən şəxsiyyətə pərəstiş baş qaldırır. Onu da əlavə edim ki, ağsaqqalın təsir, nüfuz dairəsi nə qədər məhduddursa, şəxsiyyətin nüfuz dairəsi bir o qədər genişdir.
- Bəs şəxsiyyətin formalaşmasında əsas amillər hansılardır?
- Yer üzünün əşrəfi olan insan digər canlılardan ağıl və şüurunun, dil və nitqinin olması ilə fərqlənir və insanın bir şəxsiyyət kimi yetişməsində əsas amillər olan ailə, tədris müəssisəsi və cəmiyyət üşbucağı əsas, ağıl və dil isə yardımçı amillərdir. Bu üçbucağın hər tərəfi önəmlidir və bunlardan birinə az önəm verilməsi nəticəsində lazımi nəticəni əldə etmək mümkün deyil.
Atalar “Aşıq gördüyünü çağırar” deyiblər, bir də deyiblər ki, “Ot kökü üstə bitər”. Bu atalar sözləri isə tərbiyə və irsiyyətdən xəbər verir. Onu da əlavə etmək lazımdır ki, şəxsiyyətin formalaşmasında irsiyyət az rol oynamır. İlk tərbiyə isə təbii ki ailədən başlayır. Uşaq evdə gördüyünü “götürür”, özü də dərk etmədən özündən böyükləri təqlid edir. Davranış qaydaları, ədəb və mərifət ailədə öyrənilir. Ailə tərbiyəsində atanın, yoxsa ananın rolunun daha çox olmasını söyləmək, məncə, mənasızdır. Ata da, ana da övlad tərbiyəsində bərabər hüquq sahibidirlər və eyni məsuliyyəti daşıyırlar. Buna görə də sağlam təməllər üzərində qurulan ailədə böyüyən uşaqların tərbiyəsi də qənaətbəxş olur. Şəxsiyyətin formalaşmasındakı ikinci amil təhsildir. “Beşikdən məzara qədər oxuyun” hədisi-şərifindəki məqsəd insanın ömrü boyu həyatı öyrənməli olduğunu bəyan etməkdir. İnsan hər zaman, hər
yerdə öyrənməlidir. Bu zaman o kamilləşər, özündə bir şəxsiyyət formalaşdıra bilər. Lakin təkcə oxumaqla iş bitmir. Oxuduqlarımızın bizim üçün nə qədər əhəmiyyətli olmasını, həyatda tətbiq edilməsini də bilməli, nəyi və niyə oxuduğumuza da fikir verməliyik. Yoxsa bizim “Kitab yüklü məxluqlardan”dən fərqimiz olmaz. Atalarımızın belə bir deyimi də var: “Alim olmaq asandır, adam olmaq çətin”. Mirzə Cəlil də bu atalar sözünə istinad edərək Kefli İskəndərin dili ilə Cəlala belə deyir: “Yəqin müəllimlərin sənə də deyirlər ki, oxu alim ol,amma bunların heç birindən eşitmədim ki, desin oxu adam ol”. Deməli, müəllim şagird və tələbələrinə təkcə elm öyrətməməli, onların bir insan kimi yetişməsinə nail olmalıdır ki, cəmiyyətə, xalqa, millətə xeyir verə bilsinlər. Bundan belə nəticə çıxara bilərik ki, tərbiyə və təhsil quşun iki qanadına bənzəyir. Bir qanadı zədələnmiş quş uça bilmədiyi kimi insanda da təhsil və tərbiyədən birinin lazımi səviyyədə olmaması onun həyatdakı mövqeyinə təsir edəcək. Lakin burada bir fərqli nüans var. Belə ki mükəmməl tərbiyə görmüş bir şəxs savadsız da olsa, öz davranışı, insanlara qarşı səmimiyyəti ilə cəmiyyətdə özünə yer edə bilər. Ancaq tərbiyəsiz savadlı bundan məhrumdur. Yeri gəlmişkən son dövrlərdə yersiz olaraq işlədilən, çox vaxt ünvanına çatmayan bir sözə də -“ziyalı”sözünə də münasibətimi bildirərdim. Ziyalı dedikdə xeyirxah əməlləri, insanlara münasibəti və insanlığa verdiyi töhfələrlə seçilən insanlar nəzərdə tutulur. Ziyalı özü yanaraq ətrafı işıqlandıran, millətin, mənsub olduğu xalqın mənafeyini şəxsi mənafeyindən üstün tutan, yeri gələndə canını belə Vətən, Xalq yolunda qurban verməyə hazır olan seçkin insanlardır. Ziyalı hansısa universitetin diplomunu cibinə qoyub “Burda mənəm, Bağdadda kor xəlifə” deyən deyil. Elə akademiklər, ziyalılar var ki, onlara ziyalı deməyə adamın dili dönmür. Əsil ziyalı heç vaxt “Mən ziyalıyam” deməz. Əksinə, bu sözü ona şamil edənlərə öz etirazını bildirər. Villaları, bahalı maşınları ilə öyünən diplomlulara ziyalı yox, ziyanlı demək daha düzgün olar.
Nə isə... mətləbdən uzaqlaşmayaq. Mükəmməl tərbiyə və təhsil alan insanın tam formalaşması onun cəmiyyətə inteqrasiyasından sonra baş verir. Bu zaman onu əhatə edən mühit bir növ onu imtahana çəkir. Hər bir insanın həyatında onu əhatə edən,ünsiyyət qurduğu insanların kimliyi və necə deyərlər “hansı yuvanın quşu” olmaları heş də az rol oynamır. Ona görə də atalar: “Dostunu mənə göstər, sənin kim olduğunu deyim” deyiblər. Bu zaman tərbiyə və təhsil bir növ arxa plana düşür və yuxarıda qeyd etdiyimiz yardımçı amillər: Ağıl və Dil önə keçir. Əgər insan normal ağıl sahibidirsə və aldığı tərbiyə və təhsildən səmərəli istifadə edə bilirsə necə deyərlər, özünə bir gün qazana biləcək. Tez-tez belə sözlər eşidirik: “Filankəsə Allah-Təala hər şey vermişdi, ancaq ağıl ucbatından hər şeyini itirdi. İnsanın başına gələn bəlaların bir hissəsi də dili səbəbiilə baş verir. Xalq şairi R.Rza “Soruş”şerində bunu poetik dillə belə ifadə edir:
Od nə cəkdi küldən soruş,
Baş nə cəkdi dildən soruş.
Ona görə də böyüklər həmişə kiçiklərə: “Dilinə yiyəlik et” deyiblər. Həzrət Əbu Bəkrin çox vaxt danışmamaq üçün ağzına xirda daş aldığı da hamıya məlumdur. Danışıb haradasa günaha batmaqdansa, danışmamaq daha faydalıdır. Bəlkə, elə buna görə “Danışmaq gümüşdürsə, danışmamaq qızıldır” deyimi yaranıb.
Deməli, tərbiyə və təhsil ağıl və dildən güc alaraq birləşə bilsə cəmiyyətdəki eybəcərliyə
müqavimət göstərə bilər. Əgər insan bunu bacararsa nə yaxşı... Yox, iradə zəifliyi göstərsə, özündə “mənəm-mənəm”lik duyğusu baş qaldırsa nə yazıq...
Cəmiyyət əsil-nəcabətindən asılı olmayaraq insanı zirvələrə də qaldırar, həyatın dibinə də
sürükləyər.
- Örnək insan kimə deyilməlidir?
- Uşaq hələ kiçik yaşlarından özünü kiməsə oxşatmağa çalışır və bu demək olar ki, ömrü boyu davam edir. Kiçik yaşlarında əsasən özünü valideyninə oxşatmağa calışan uşaq Rəsul Rzanın təbirincə desək “atasından güclü, anasından gözəlin yer üzündə olmadığına inanır və hər bir hərəkətində onlara oxşamağa çalışır.
Biz ömrümüzün böyük bir hissəsini kommunizm ideologiyasının hökm sürdüyü illərdə yaşamışıq və o zaman hər şey kommunist əxlaqı üstündə köklənmişdi. Məktəbə təzə-təzə gedəndə örnək olaraq bizə Pavlik Morozovu göstərirdilər və çalışırdılar ki, hamıız ona oxşayaq. Bəs Sovet məktəblilərinin qəhrəmanına çevrilmiş bu Morozov kim idi? Qolçomaq ata və babasını Sovet rejiminin düşmənləri ilə iş birliyində olduğunu öyrənərək lazımi orqanlara xəbər verən satqın! Yəqin elə buna görə də P.Morozov kimi “örnək insanlar” haqqında aparılan söhbətlər, film və tamaşalarda, qəzet və jurnallarda onların təbliği şüuraltı şüurumuza təsir edərək bu gün ata-anasının üzünə ağ olan bir nəslin yetişməsinə səbəb oldu. O vaxtkı gəncliyə ən çox bu suallarla müraciət edərdilər: “Kimi özünə ideal seçərdin?” “Ən çox sevdiyin ideal ədəbi qəhrəman kimdir?” Bu şablon sualların şablon cavabları da məlum
idi. Din düşməni Ovod, saysız-hesabsız əxlaqsız lətifələrin baş qəhrəmanı Çapayev, ideologiyaya sözün həm həqiqi, həm də məcazi mənasında kor-koranə qulluq edən Korçagin və başqaları. Hansısa bir ideologiyanin övladları olan bu “örnək insanlar” zamanın şərtləri dəyişincə unudulur, tarixin zibilliyinə atılır. Bu gün isə... Əsil örnək şəxsiyyət dedikdə bütün insanlığın fövqündə dayanan, böyük ya kiçik, zəngin-kasıb, yetim-atalı-analı, vəzifəli-vəzifəsiz, bir sözlə hamıya bir gözlə baxan, hamı ilə xoş rəftar edən, gəlib-keçən bütün nəsillərə, xalq və millətlərə örnək olub doğru yolu göstərən Xatəmül-Ənbiya Muhamməd peyğəmbər (s.ə.s) yada düşür. Mənə elə gəlir ki, dəyərli oxucularımızın hər birinin həyatında Rəsulullahın həyatında baş verən (nübüvətlik istisna) hansısa bir hadisə ilə səsləşən epizodlar var. Hər birimiz o böyük şəxsiyyətdən nümunə götürə bilsək çox xoşbəxt olarıq.
ŞƏRHLƏR